• 22 Aprel 2024
logo
Rəssamlarımızın gülüşü

Rəssamlarımızın gülüşü

Bu gün gülüşü bizə bəxş edən təkcə bir-birimizlə münasibətimiz deyil. Belə ki, uzun əsrlərdir ədəbiyyat və incəsənət vasitəsilə biz təlx olmuş ovqatımızı əvvəlki nikbin durumuna qaytarmağa çalışırıq. Oxunan satirik hekayə və təmsil, tamaşa etdiyimiz komediya, eşitdiyimiz məzəli mahnı, kitab-jurnallarda və sərgi salonlarında gördüyümüz karikatura və şarjlar bizə bol gülüş bəxş edir, desək, yanılmarıq. Bu mənada aprelin 1-nin bayram kimi qəbul olunması da insanların buna ehtiyaclarının göstəricisidir.

Bu fikirlər Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Rəssamlarımızın gülüşü” yazısında yer alıb. Yazını təqdim edirik.

Ümumdünya Gülüş Günündə bir-neçə kəlmə Azərbaycan rəssamlarının yaradıcılığında bu insani yaşantıya bədii münasibətdən söz açmaq istəyirik. Qeyd etmək lazımdır ki, rəsmli satiraya Azərbaycan təsviri sənətində hələ orta əsrlərdə - miniatür üslubunda çəkilmiş əsərlərin arasında rast gəlmək mümkündür. Sonrakı dövrlərdə bu sahə özünün davamlı təzahürünü 1906-cı ildən nəşr olunmağa başlayan “Molla Nəsrəddin” jurnalında göstərmişdir. Sovet dönəmində isə bu ənənəni bu günə kimi çap olunan “Kirpi” jurnalı davam etdirməkdədir. Azərbaycan rəssamlarının bütün nəsillərinin yaradıcılığında, bəzən hətta özünü tamamilə başqa janrlara həsr etmiş fırça ustalarının (S.Bəhlulzadə, T.Salahov, M.Abdullayev və s.) bədii irsində insanlara gülüş bəxş edən karikatura və şarjlara rast gəlmək mümkündür. Bununla belə, gülüşə bədii münasibəti yaradıcılığında geniş yer ayıran sənətkarlarımız da az olmayıb. Ə.Əzimzadə, Q.Xalıqov, H.Haqverdiyev, Nəcəfqulu, İ.Axundov, K.Kazımzadə, A.Quliyev, B.Hacızadə, B.Qasımxanlı, Y.Səmədov, Elturan, H.Nəsiroğlu, S.Soltanlı, S.Cəfərli, Y.Əsədli və s. rəssamların yaradıcılığında həyatımızın çox müxtəlif sahələrinə özündə satirik münasibəti əks etdirən karikaturalar görmək mümkündür. Bu mənada yığcam tutumlu satirik rəsmi və yaxud hansısa məşhur insana həsr olunmuş şarjı hər hansı iri həcmli yazıdan daha təsirli hesab edənlər yanılmırlar. Bizdə bu ənənə olmasa da xarici ölkələrin əksəriyyətində vəzifə sahiblərinin çoxu onlara şarj həsr olunmasını özlərinə şərəf hesab edirlər...