• 24 Aprel 2024
logo
İrəvanda bayrağımızı qaldıran cüdoçumuz karyerasını bitirdi

İrəvanda bayrağımızı qaldıran cüdoçumuz karyerasını bitirdi

Azərbaycanın tanınmış cüdoçusu Elmar Qasımov peşəkar karyerasını başa vurub.

Baymedia.az xəbər verir ki, 33 yaşlı idmançı bu barədə Azərbaycan Cüdo Federasiyasını məlumatlandırıb.

100 kq çəki dərəcəsində çıxış edən Qasımov cüdonun onun həyatında mühüm rol oynadığını bildirib:

"Karyeram boyu hər zaman Möhtərəm Prezident İlham Əliyevin bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm və buna görə də ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşaiyət edən məşqçilərimə - Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm”.

Qeyd edək ki, Elmar Qasımov idman karyerası müddətində çoxsaylı uğurlara imza atıb. O, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa Çempionatında qızıl medal qazanaraq himnimizi səsləndirib və bayrağımızı qaldırıb. O, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu “Masters” turnirinin qalibi olmaqla yanaşı, Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 18 medal qazanıb.