• 10 May 2025
logo
Xilaskarlıq missiyası: Heydər Əliyev müstəqil Azərbaycanın taleyini dəyişdi

Xilaskarlıq missiyası: Heydər Əliyev müstəqil Azərbaycanın taleyini dəyişdi

İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru


Azərbaycan xalqı əsrlərlə arzusunda olduğu azadlığa XX əsrin sonunda qovuşsa da, müstəqilliyin ilk illəri böyük sarsıntılarla müşayiət olundu. 1991-ci ildə elan edilən müstəqillik, təəssüf ki, güclü liderlikdən və dövlət idarəçiliyindən məhrum olan hakimiyyətin səriştəsizliyi ucbatından daxili böhranlarla müşayiət olundu. Ölkə xaosa sürükləndi, torpaqlarımız işğal edildi, xalqın inamı sarsıldı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı.

Belə ağır bir məqamda Azərbaycan xalqı xilaskarlıq missiyasını yalnız bir insana – Ulu Öndər Heydər Əliyevə həvalə edə biləcəyini anladı.

Tarixə “Qayıdış” kimi daxil olmuş bu çağırış, əslində, bir xalqın öz gələcəyini qorumaq üçün etdiyi seçim idi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni dövr başlandı. Xaotik vəziyyətə son qoyuldu, separatçılıq meyilləri aradan qaldırıldı, vətəndaş qarşıdurması dayandırıldı və sabitlik yaradıldı. İlk növbədə idarəetmədə qanunçuluq bərqərar olundu.

Ulu öndər Heydər Əliyev ölkənin hüquqi, siyasi və iqtisadi əsaslarını möhkəmləndirərək, dövlətçiliyin əsas sütunlarını bərpa etdi. 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətin hüquqi bazasını müəyyən etdi. Ordu quruculuğuna başlanıldı, müstəqil xarici siyasət formalaşdı, beynəlxalq əlaqələr genişləndi. Bütün bu addımlar Azərbaycanın bir dövlət kimi möhkəmlənməsinə xidmət etdi.

Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi gələcəyini təmin edən fundamental sənəd oldu. 1994-cü ilin sentyabrında imzalanan bu müqavilə ilə Azərbaycan dünya enerji xəritəsində strateji mövqeyə yüksəldi. Neft gəlirləri yalnız iqtisadi yüksəlişin deyil, həm də dövlət müstəqilliyinin möhkəm dayağına çevrildi.

Heydər Əliyev Azərbaycanı beynəlxalq aləmdə tanıtdı, ölkənin suverenliyini qorudu, erməni təcavüzü nəticəsində yaranmış hərbi və siyasi təzyiqləri diplomatik məharətlə dəf etdi. Onun iradəsi ilə ölkədə ictimai sabitlik bərpa edildi və inkişaf üçün münbit zəmin yaradıldı.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqillik birdəfəlik və dönməz olmalıdır.” O, bu prinsipi bütün fəaliyyəti ilə təsdiq etdi. Azərbaycan bu gün müstəqil, güclü və nüfuzlu bir dövlət kimi tanınırsa, bu, Ulu Öndərin xilaskarlıq missiyasının nəticəsidir. Onun ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyur. Ulu öndəri ehtiramla anırıq.