• 10 May 2025
logo
“Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı” - Qüdrət Həsənquliyev

“Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb:

Qüdrət bəy, Musavat partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması barədə məlumatı necə qarşıladınız?

Çox yaxşı. Yaqublunun ailə üzvləri, səmimi tərəfdarları reallıq hisslərini itirməməli, hesab edirlərsə ki, onun həyatı üçün təhlükə yaranıb, o halda təkəbbürü bir yana qoyub, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər. Söhbət insan həyatından gedirsə, kimin haqlı olması məsələsi kənara qoyulmalıdır.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən Təlimata əsasən aclıq edən şəxsin tələbləri əsassız sayılarsa o, müalicə müəssiəsinə yerləşdirilməli və həkim nəzarətində saxlanılmalıdır. Həyatı üçün təhlükə yaranarsa və qida qəbulundan imtinanı davam etdirərsə, şəxsi ləyaqəti alçaldılmadan hərəkətləri məhdudlaşdırılmaqla qida borusuna zond salınmaqla məcburi qidalandırılmalıdır. Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı. Düşünürəm Prezident də bunu nəzərə alar və onu əfv edər.
Biz ƏHD partiyası olaraq dəfələrlə bəyan etmişik ki, insan hüquqlarını müdafiə təşkilatları tərəfindən həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan (onların haqlı olub-olmamalarından asılı olmayaraq), şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri azad olunarsa, biz bunu düzgün qərar hesab edərdik. Çünki bu qərar humanist addım olmaqla, siyasi baxımdan milli birliyə xidmət edər, cəmiyyət tərəfindən alqışlanar, ölkəmizə qarşı beynəlxalq miqyasda kampaniya aparanlara da əlavə bəhanə verilməz. Bundan başqa qarşıdan mətbuatın 150 illiyi gəlir, çox istərdik bütün jurnalistlər bu əlamətdar tarixi azadlıqda qeyd etsin. Həmin şəxslərin çoxu artıq xeyli müddətdir azadlıqdan məhrum edilib və inanıram ki, çoxları azad olunacaqları təqdirdə fərqli davranış sərgiləyəcəklər.