• 16 İyul 2020
logo
AFFA Roy Kinin Azərbaycan yığmasına namizəd olduğunu təsdiqləyib

AFFA Roy Kinin Azərbaycan yığmasına namizəd olduğunu təsdiqləyib

"Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA tərəfindən danışıq aparılan mütəxəssislərin siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kin də var".

Bu barədə apasport.az saytına AFFA-dan məlumat veriblər.

"Sun" nəşrinin "Roy Kin Azərbaycan millisinin sükanı arxasına keçməyə hazırlaşır" yazısına rəsmi münasibət bildirən assosiasiya irlandiyalı mütəxəssislə maraqlandığını təsdiqləyib.

Lakin koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətlə əlaqədar olaraq, məsələ yubanır: "Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki, hər hansı namizədin müzakirəsi üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam olaraq dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb".

Qeyd edək ki, Britaniya mətbuatında Roy Kinə qərar vermək üçün 48 saat vaxt verildiyi yazılıb.