• 29 Mart 2024
logo
Adil Allahverdiyev: “Yeni aşkarlanandakı ilə müqayisədə koronavirus 50-60 dəfə sürətlə yayılmağa başlayıb”

Adil Allahverdiyev: “Yeni aşkarlanandakı ilə müqayisədə koronavirus 50-60 dəfə sürətlə yayılmağa başlayıb” - MÜSAHİBƏ

V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevin APA-ya müsahibəsi

- Bir sıra ölkələrdə, o cümlədən Rusiyada COVİD-19 virusunun yeni mutasiyası AY.4.2 aşkarlanıb. Yeni mutasiyanın yoluxduruculuğunun daha çox olduğu, sürətlə yayıldığı bildirilir. Yeni mutasiya nə dərəcədə təhlükəlidir?
- Son vaxtlar xüsusilə İngiltərədə COVID-19-un “Delta” variantına aid olan AY.4.2 ştammı aşkarlandı. “Delta ştammı”nın 45-ə yaxın alt tipi var, bunlardan biri AY.4.2-dir. “Delta ştammı”nda hansı xüsusiyyətlər varsa, bu mutasiyada da eyni xüsusiyyətləri görürük. Buna görə çox da təşvişə düşəcək bir şey yoxdur, çünki “Delta” COVID-19-un mutasiyaya uğramış variantıdır. Virus mutasiyaya uğradıqca onların yoluxduruculuq qabiliyyəti də artır. Yeni aşkarlanandakı ilə müqayisədə koronavirus 50-60 dəfə sürətlə yayılmağa başlayıb. Yeni mutasiya da sürətlə yayılır. Yeni mutasiyanın sürətli yayılması ilə bağlı məlumatlar var, amma xəstəliyin ağır gedişatı və ya ölümlə nəticələnməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.
- Yeni mutasiyalar yarandıqca virusun daha aqressivləşdiyi müşahidə olunur. Bu, nə ilə əlaqədardır?
- Mutasiya virusun yaşamını davam etdirməsi üçündür. Onlar da həyatda öz mübarizələrini aparırlar. İndiyədək tətbiq olunan vaksinlər virusun orqanizmdə yaşamasına əngəl törədir. Əgər virus hüceyrəyə daxil olmazsa, öləcək. Ona görə də virus yaşamaq üçün mutasiyaya uğrayır. Virus mutasiya olduqca aqressivləşir, yayılma dərəcələri də artmış olur. Bunlar o vaxta qədər davam edəcək ki, virusun genetikasındakı bu potensial bitəcək. Bu potensial bitmədikcə yeni mutasiyalar görəcəyik. İstər Azərbaycanda, istərsə də dünya ölkələrində insanların böyük hissəsinin vaksinasiyadan keçməsi, onlarda virusa qarşı antitellərin meydana gəlməsi virusun yaşamını çətinləşdirir. Eyni zamanda, əhalinin 70-80 faizində virusa qarşı antitellər yaransa, o zaman virus vaxt tapıb mutasiyaya uğraya bilməz.
- Pandemiya davam edir, yeni, daha yoluxdurucu mutasiyalar yaranır. Bu halda yeni vaksinlərin istehsalını vacib sayırsınızmı?
- Hazırda tədqiqatçılar tərəfindən yeni mutasiyalara qarşı vaksinlərin optimizə edilməsi istiqamətində tədqiqatlar gedir. Heç bir araşdırma dayandırılmır.
- Avqust ayından etibarən Azərbaycanda 3-cü dozanın (buster doza) vurulmasına başlanılıb. Yeni mutasiyanın yayıldığı bir vaxtda vaksinasiya prosesi nə dərəcədə önəmlidir?
- İki doza qəbul etmiş bəzi şəxslərə 3-cü doza vaksinin vurulmasına ehtiyac var. Çünki 5-6 aydan sonra orqanizmdə COVID-19-a qarşı meydana gəlmiş antitellərin miqdarı aşağı düşə bilər. Antitellərin miqdarı azalmasın deyə 3-cü doza vaksin vurulur. Hazırkı durumda 3-cü doza peyvəndin vurulması məqsədəuyğundur.
- Əvvəlki ştamlarda uşaqlarda bu xəstəlik yüngül keçsə də, son vaxtlar ağır hallara da rast gəlinir. Həmçinin uşaqlar daha çox virus daşıyıcısı hesab olunurlar. Belə olan halda uşaqların vaksinasiyası vacibdirmi? Yeni mutasiya uşaqlarda da xəstəliyin ağır gedişatına səbəb ola bilərmi?
- Ümumdünya Səhiyyə Təşkilatının, eyni zamanda digər səhiyyə qurumlarının da uşaqların vaksinasiyası ilə bağlı göstərişləri var. Ayrı-ayrı ölkələrdə uşaqların vaksinasiyası sınaqdan keçirilib. Uşaqların da COVID-19 əleyhinə peyvənd olunması məqsədəuyğundur, çünki uşaqlarda immun sistem böyüklərə nisbətən aktiv olmaya bilir. Vaksinasiyanın uşaqlarda tətbiq olunduğu ölkələrdə hər hansı ciddi fəsadlar olmadığı ortaya çıxıb. Hətta uşaqlarda böyüklərə nisbətən yan təsirlər qabarıq şəkildə özünü göstərməyib. Bu, Azərbaycanın verdiyi bir qərar deyil, ÜST-ün tövsiyələrinə əsasən həyata keçirilir.
Yeni mutasiya uşaqlarda da digər növlərdəki kimi gedir. İndiki problem, xəstəliyin ağır keçməsinin səbəbi əslində başqadır. İndi qrip və digər respirator virus infeksiyalarının ortaya çıxması, xəstəliyin, yeni mutasiyaların qripəbənzər əlamətlərlə getməsi, burun axması, baş ağrılarına görə çoxları buna biganə yanaşaraq, xəstəliyin COVID-lə əlaqəsi olmadığını düşünürlər. Buna görə həkimə müraciət etməyə gecikirlər. Xəstəliyin ölümlə nəticələnməsi və ağır keçirilməsi heç də virusun yeni mutasiyası ilə bağlı deyil, sadəcə insanlarda rahatlamanın olmasıdır. Ona görə hər hansı şəxsdə qripəbənzər əlamətlər varsa, mütləq koronavirus testindən keçməlidir.
Son zamanlar uşaqlarda yoluxma halının daha çox görülməsi həm “Delta ştammı”, həm də xəstəliyin klinik əlamətlərinin əvvəlkindən fərqli olaraq qripə bənzərliyidir. Bununla da insanlarda klinik yanılma olur. Düşünmürlər ki, bu, koronavirusdur. 4-5 gün evdə qalırlar, sonra müraciət edirlər, artıq müalicənin vaxtı keçir, buna görə də xəstənin vəziyyəti ağırlaşır.
- Pandemiya davam edərsə, 3-cü doza vaksindən 6 ay sonra növbəti doza vaksinin vurulması vacibdirmi?
- Hər şeyi zaman göstərəcək, bəlkə virus növbəti dəfə mutasiyaya uğrayanda aqressivliliyini itirəcək. Virus mutasiyaya uğrayaraq əvvəlki kimi aqressiv olmaya, orqanizmimizə adaptasiya ola bilər. Nə olacağını demək çətindir. Bəziləri buna vaxt qoyurlar. Bu, doğru deyil, çünki biz virusun genetikası ilə bağlı məlumatları kifayət qədər bilmirik. Virus bəlli bir nöqtəyə qədər bütün xüsusiyyətlərini ortaya qoyacaq. Ola bilər ki, virus özünü qurtarmaq üçün bizim orqanizmimizə adaptasiya olsun və bizimlə birgə yaşasın. Ya da qrip virusları kimi periodik olaraq özünü göstərmiş olacaq. Ola bilər ki, virusun genetikasındakı istifadə etdiyi bütün imkanlar tükənmiş olacaq və o zaman virus ortadan qalxmış olacaq. Ona görə növbəti doza vaksinlərin vurulmasını indidən demək tezdir. Bundan başqa alternativ vaksinlər də çıxa və daha güclü təsirə malik ola bilərlər.
- Artıq ölkədə 5 milyondan çox insan vaksinasiyadan keçib. Əhalinin neçə faizi vaksin olunmalıdır ki, kollektiv immunitet yaransın, xəstəliyin yoluxduruculuğu aşağı düşsün?
- Əhalinin 60-70 faizi vaksinasiyadan keçdikdə bizim xəstəliklə mübarizəmiz asanlaşır. Amma ortada bir fakt var. İndiyədək 6 aydan bir vaksini təkrarlayırıq. Əgər əhalinin 60-70 faizi eyni vaxtda vaksinasiyadan keçsəydi və hər kəsin qanında virusa qarşı antitellər yaransaydı o zaman bu problemin azalmasını görə bilərdik. Amma bu, fiziki olaraq mümkün deyil. Bundan başqa bir qrupda antitel olsa belə, digərlərində aşağı ola bilər. Amma xəstəlik əvvəlki kimi geniş şəkildə yayıla bilməz, çünki insanların böyük hissəsində virusa qarşı antitel yaranıb.
- “Türkovac” vaksinin sınaq mərhələsi Azərbaycanda da keçirilməliydi. Bununla bağlı proses hansı yerdədir? “Türkovac” vaksininin tətbiqi nə vaxta gözlənir?
- Hazırda Azərbaycanda TƏBİB, Səhiyyə Nazirliyi, eyni zamanda Türkiyənin Səhiyyə Nazirliyi arasında “Türkovac”ın Azərbaycanda tətbiqinə yönəlik proses gedir. Vaksin artıq 3-cü faza sınaq mərhələsindədir. Yaxşı nəticələri də var. Düşünürəm ki, Azərbaycanda da bu istiqamətdə sınaqlar həyata keçiriləcək. Dəqiq tarixi hələlik məlum deyil.
- Koronavirusun müalicəsi üçün dərman preparatının hazırlanması məsələsi nə yerdədir? Bu dərmanın nə vaxta hazır olacağını proqnozlaşdırmaq olar?
- İstənilən infeksiyaya, eyni zamanda COVID-19-a qarşı müxtəlif dərman preparatları laboratoriyada araşdırılır. Tədqiqatlar davam edir. Amma bir dərmanın istehsalı və tətbiqi üçün 13-15 il vaxt lazımdır. Bəzi ölkələrdən antiviral xüsusiyyətlərə malik komponentlərlə bağlı məlumatlar verilir. Amma unutmayaq ki, bakterial infeksiyalardan fərqli olaraq viruslara qarşı dərman preparatlarının hazırlanması olduqca çətindir. Çünki viruslar hüceyrə içərisinə daxil olur, onu öldürmək üçün mütləq hüceyrəni öldürməliyik. Bu sahədə tədqiqatlar davam edir. Bildiyiniz kimi, hazırda qripə qarşı olan bəzi dərmanlar COVID üçün məsləhət görülür.
- Azərbaycanda niyə analoji vaksinin hazırlanması işləri getmir?
- Vaksin yaradılması çox ciddi məsələdir. Bir ölkənin ayaq üstə durmasında bir tərəfdən onun güclü ordusu şərtdirsə, digər tərəfdən onun səhiyyə sisteminin güclü olması vacibdir. Səhiyyə sistemi deyərkən xüsusilə burada səhiyyə sisteminin milli təhlükəsizliyini düşünürəm. Belə pandemiyalar baş verəndə və ya düşmən tərəfindən bioloji silah istifadə ediləndə ölkədə səhiyyənin təhlükəsizlik sistemi işə düşməlidir. Bunun da həyata keçirilməsi üçün vacib şərtlər lazımdır. İlk növbədə texniki baza olmalıdır, başqa digər amillər də var. Düşünürəm ki, müharibəni qazanan ölkə ağır bir problemi həll edibsə, mütləq ölkəyə aid olan milli səhiyyə sisteminin təhlükəsizliyini də təmin edəcək. Çünki dünya dəyişir, bu gün COVID-19 var, sabah başqa bir infeksiyalar gələ bilər.
Azərbaycanda vaksin texnologiyası mütləq olmalıdır. Belə bir texnoloji sistem olarsa, nəinki vaksin, həmçinin diaqnostika sahəsində digər vasitələr də istehsal edə bilərik. Pandemiya vaxtında biz xaricdən nə qədər diaqnostik vasitələr aldıq. Bunlar hamısı iqtisadi baxımdan ölkəmiz üçün sərfəli deyil. Azərbaycan hər il digər ölkələrdən 10-11 növ vaksin alır. Bu, iqtisadi baxımdan ölkəmiz üçün yükdür. Niyə onları Azərbaycanda istehsal etməyək?
Digər tərəfdən dünya artıq dəyişib, heç kim bir-birinin vaksininə də güvənmir. Bəzən bunun arxasında buz dağın görünməyən tərəfləri də olur. Hər kəs istəyir öz vaksinini ortaya çıxartsın. Güvən baxımından da bizim mütləq milli vaksinə ehtiyacımız var. Dövlətimizin bunu edəcək gücü, potensialı var. Böyük qələbəmizdən sonra gələcək məqsədlərimizdən biri də bu olmalıdır.
- İstanbulda Sizin rəhbərliyinizlə dünyada ilk dəfə leyşmanioz əleyhinə polimerlərə əsaslanan yeni vaksin hazırlanıb. Bu proses hazırda hansı mərhələdədir?
Biz Türkiyənin Yıldız Texnik Universitetində müxtəlif infeksiyalara, eyni zamanda döş xərçənginə qarşı araşdırmalar edirdik. Bu, digər klassik vaksinlərdən fərqli olaraq nano texnologiyaya əsaslanan vaksinlərdir. Bunlara nanovaksinlər də deyilir. Orada laboratoriyada ilk dəfə olaraq nanotexnologiya əsasında nanovaksinlər hazırladıq. Leyşmoniya parazitlərini laboratoriya şəraitində artıraraq siçanlar üzərində təsirlərini araşdırdıq. Bu sınaqlar tamamlandı. Daha sonra pandemiyanın başlaması, Azərbaycana gəlməyimlə əlaqədar işlər dayandırıldı. Leyşmonioz xəstəliyinin yayılmasında əsas səbəb itlərdir. Təəssüf ki, bu xəstəlik Azərbaycanın bütün bölgələrində görülür. Xəstəlik ağır xəstəlikdir, daxili orqanlarda özünü göstərir. Xəstəlik vaxtında müalicə olunmazsa, xəstənin ölümünə səbəb olur. O araşdırmaları davam etdirəcəyik. İnsanlar üzərində sınaqdan keçirtməmişdik, amma çox ciddi nəticələr əldə etmişdik. Bu xəstəlik əleyhinə vaksin var, bu da itlərə tətbiq olunur. Bu xəstəliyin mənbəyi itlər, tülkülər və digər heyvanlardır. Təbii ocaqlı xəstəlik olduğu üçün xəstəliyi aradan qaldırmaq da çətin məsələdir. Xəstəlik heyvanlardan mığmığalara, onlardan insanlara ötürülür.