İyulun 10-da Ağsu Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə RİH-nin inzibati binasında “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı videoçarx nümayiş olunub. Sonra “Qərbi Azərbaycan İrsi” kitabının I cildi mərasim iştirakçılarına təqdim edilib.
Təqdimat mərasimində çıxış edənlər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiristanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən geniş söhbət açıblar.
Çıxış edənlər həmçinin vurğulayıblar ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir. Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalmasından istifadə edən Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilib.