• 24 Yanvar 2022
logo
Dünya ermənilərin ekoloji terroruna da göz yumur

Dünya ermənilərin ekoloji terroruna da göz yumur

İşğaldan azal edilən ərazilərin bərpası istiqamətində qarşıya çıxan ən ciddi problemlərdən biri ötən 30 il ərzində həmin bölgənin ekoloji baxımdan çirklənməsi, təbiətin məhv edilməsidir.
Ermənilər 30 il Azərbaycanın işğal etdikləri ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyanı nəzərə almadan, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə ediblər.
Milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulub. Şuşa şəhəri yaxınlığında meşə ərazilərindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yanıb. Nəticədə min illərdir formalaşan torpağın üst təbəqəsi tamamilə yanıb.
Bu müddət ərzində işğal olunan Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalıb.
Ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Ekspertlərin bildirdiklərinə görə, ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.
Ermənilərin Kəlbəcəri tərk edərkən evləri, ağacları, meşələri necə yandırmasını isə bütün dünya gördü, lakin bəlli səbəblərdən bu vandallığa etiraz edən beynəlxalq güc görmədik. Hələ müharibə bitməmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırıldı. Eyni zamanda erməni işğalçılarının törətdiyi ekoloji genosidin dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlandı. Bu müraciətlərdə qeyd olundu ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur.
Ekoterrorçular istifadə etmədikləri yerlərdə hər yay bilərəkdən yanğınlar törədir, torpağın tərkibindəki mikroorqanizmləri məhv edirdilər ki, münbitliyi heçə ensin, ərazilər erroziyaya uğrasın və eyni zamanda, külək alovu təmas xəttinin bu üzündəki əkin sahələrinə keçirsin ki, azərbaycanlıların taxıl zəmiləri yansın. Ərşə bülənd olan qatı tüstü Azərbaycana aid məntəqələrə qədər gəlib çatırdı. Əkinçilərimiz məhsul yanmasın deyə, gecə-gündüz sahələrdə qarovul çəkməli olurdular.
Ümumiyyətlə, yanğınlar zamanı torpağın məhsuldar üst münbit qatı, ot və kolluqlarla birlikdə mikroiqlim yaradan yaşıl ağaclar və bütün canlılar məhv olur, ərazi qara rəng alır, səthin radioaktiv albedo əmsalı azalır, nəticədə səthin temperatur amplitudası yüksəlir. Əkilib-becərilməyən yerlərdə yabanı bitkilər artır, ilan, siçan, siçovul kimi gəmiricilər, ziyanverici həşəratlar hədsiz dərəcədə çoxalır və ətraf ərazilərə yayılaraq təsərrüfatlara ziyan vurur.
İşğal altındakı nəzarətsiz ərazilərdə təhlükə mənbələrindən biri də “Metsamor” AES-dir. Onun radioaktiv tullantıları qəsdən torpağa basdırılıb. Araz çayına birbaşa çirkab axıdılıb, metal filiz yataqlarının istismarında ekoloji tələbatın gözlənilməməsi Ermənistanda nəşr olunan “Lragir” qəzetinin də yazdığına görə, Sərsəng su anbarında balıqların kütləvi qırğınına səbəb olub. Arazın çirkləndirilməsi Ermənistan ərazisindən gələn Xonaşen, Qarqarçay, Oxçuçay, Bazarçay, Bəsitçay, Həkəriçay, Köndələnçay, Tərtərçay və Xaçınçay vasitəsilə baş verirdi. Kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən gələrək Kür çayı hövzəsinə tökülür. Ermənistanın filiz mədənlərinin tullantıları ucbatından Oxçuçay ölü bir çaya dönüb.
Oxçuçayın ağır metallarla çirkləndirilməsi ağır nəticələrə səbəb olmaqdadır. Çayın mənbəyi Ermənistanın Qacaran şəhərinin yaxınlığındadır, həmçinin Azərbaycanın Zəngilan şəhəri və Mincivan qəsəbəsi bu çayın sahilində yerləşirlər. Ağır metalların suya axıdılması təkcə Oxçuçayın faunasını məhv etmir, həm də insanların sağlamlığına fövqəladə təhlükə yaradır.
İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar bildirib ki, Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları hesabına Oxçuçayın normadan dəfələrlə çirkləndirilməsi dünya birliyi tərəfindən ekoloji terror aktı kimi dəyərləndirilməli, təbiətə qarşı törədilən bu cinayət dərhal dayandırılmalıdır. Transsərhəd çayları normadan artıq çirkləndirmək və bu çaylar vasitəsilə qonşu ölkələrin ərazilərinə çirkab axıtmaq təbiətin mühafizəsinə dair beynəlxalq konvensiyalara təhdiddir.
Oxçuçay başda olmaqla, bölgədəki ekoloji terror, böhran halına görə Ermənistan hökumətinin və Zəngəzur mis-molibden kombinatının səhmlərinin böyük hissəsinə sahib olan Almaniyanın “CRONIMET Mining AG” şirkətinin birgə məsuliyyət daşıdıqlarını diqqətə çatdıran Ziya Zakir Acar deyib: “Ermənistan ötən otuz ildə Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə çox ağır cinayətlər törədib. Bu cinayətlər, azərbaycanlılara qarşı terror və soyqırımı faktları həmin dövrdə dünya birliyindən gizlədilib. Qəhrəman Azərbaycan Ordusunun işğal altındakı əraziləri hərb yolu ilə geri qaytarması nəticəsində indi Ermənistanın bütün cinayətləri ifşa edilib. Oxçuçaya qarşı bu düşmənçilik ekoloji terror olaraq təkcə Azərbaycana deyil, qlobal mənada bütün təbiətə qarşı bəşəri cinayətdir. Haqlı olaraq belə bir sual çıxır: “CRONIMET Mining AG” şirkəti Almaniya daxil olmaqla, Avropa ölkələrində ekologiyaya bu qədər davamlı və genişmiqyaslı zərər vura bilərmi? Əlbəttə ki, yox. Ona görə də bütün Avropa ailəsindən tələb edirik, “CRONIMET Mining AG” şirkətinin bu qanunsuz əməllərinə etiraz səsinizi ucaldın”.
Türkiyənin Araz sahilində yerləşən bölgələrinin Ermənistanın Araz çayına axıtdığı zərərli tullantılar nəticəsində ağır fəlakətlər yaşadıqlarını ifadə edən Ziya Zakir Acar diqqətə çatdırıb ki, xüsusilə İqdırın Qaraqoyunlu rayonunun Mürşitalı kəndi, Aralıq rayonunun Tazeköy və Aşağı Çiftlik kəndləri Ermənistanın ekoloji terrorunun əzabını çəkməkdə davam edirlər. Beynəlxalq birlik bu bəşəri cinayətlərə qarşı öz sözünü deməlidir.
Qeyd edək ki, Türkiyənin şərq bölgəsində fəaliyyət göstərən QHT-lər Ermənistanın ekoloji terror fəaliyyətinə etiraz olaraq, yaxın günlərdə Araz çayının İqdır sahillərində aksiya keçirməyə hazırlaşırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: "Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər".
"Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir"- deyə E.Qarabağlı əlavə edib.
O vurğulayıb ki, ekoloqlar işğaldan azad edilən Zəngilan rayonu ərazisindən axan yerli çaylarda monitorinqlər aparıb: "Oxçuçaydan bu ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Nazirliyin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb".
Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə - Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Katib cənab Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın Katibi xanım Tea Aulavuoya da müvafiq müraciətlər edilib.

Cavid

Ekologiya və ətraf mühitin mühafizəsi