• 27 İyul 2024
logo
Qüdrət Həsənquliyev: Cəriməni bu qədər qaldırmaq olmaz

Qüdrət Həsənquliyev: Cəriməni bu qədər qaldırmaq olmaz

“Öncə 517.0.13-cü və 517-1.1-ci maddələrdə cərimələrin məbləğinin aşağı həddinin təqribən 4 dəfə artırılması ilə bağlı fikrimi söyləmək istəyirəm. İnzibati tənbehin məqsədləri ilə cəzanın anlayışı və məqsədləri tamam fərqlidir”.
Baymedia.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib ki, İnzibati Xətalar haqqında Məcəllənin 21-ci maddəsində qeyd olunur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xətalar törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alınması məqsədi daşıyır: “Cinayət Məcəlləsinin 41-ci maddəsində isə cəzanın anlayışı və məqsədi verilir. Orada qeyd olunur ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət hüququ xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində o məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Yəni inzibati tənbehdə məqsəd tərbiyələndirmədir, cəzanın məqsədi isə cinayət törədən şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır. Burada belə bir sual yaranır. Ölkədə minimum əməkhaqqı 345 manatdır. Minimum əməkhaqqı 345 manat olan ölkədə cərimənin məbləği birdən birə 40 manatdan tutaq ki 150 manata, yaxud 50 manatdan 200 manata qaldırılırsa, burada hansı tərbiyələndirmədən söhbət gedir? Bu, birbaşa ailə üçün ciddi məhrumiyyətlər yaradır”.
Millət vəkili əlavə edib ki, tərbiyələndirmədə daha çox ictimai məzəmmət, ictimai qınaq önə çəkilir: “Yəni, bir adam bir inzibati hüquqpozma törədir. Ona cərimə tətbiq olunur ki, sən qaydanı pozduğuna görə, dövlət tərəfindən cərimə olundun. İnzibati tənbehdə məqsəd şəxsi tərbiyələndirməkdir, məhrumiyyətlər yaratmaq deyil. Məhrumiyytlər yaratmaq cinayət əməlinə görədir. Ona görə də, cərimələrin inzibati hüquqpozmalara görə, bu qədər artırılması doğru deyil. Əgər şəxs doğrudan da nəticə çıxarmırsa, il ərzində təkrar törədirsə qanunvericiliyə dəyişiklik edək, həmin şəxs barəsində cinayət məsuliyyəti təyin edək. Mən bu formada bunu düzgün hesab etmirəm”.
Millət vəkili həmçinin sosial xarakterli fövqəladə mühit rejimi ilə bağlı fikirlərini bölüşüb: “O zaman bu müddəa qanuna daxil ediləndə mən, məsələ qaldırdım ki, bu, konstitusiya ilə ziddiyyət təşkil edir. Qanunun təqdim edən hörmətli Ziyafət Əsgərov dedi ki, yox. Həm də qanunun 2-2.2-ci maddəsində qeyd olunur ki, sosial xarakterli fövqəladə mühit rejimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmadan elə fövqəladə mühitin aradan qaldırılması ilə bağlı dövlət orqanları qurumları tərəfindən təxirə salınmadan və qarşılıqlı əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsini təmin edən xüsusi hüquqi rejimdir. Əgər insanların hüquq və azadlqıları məhdudlaşdırılmırsa, belə olduğu təqdirdə, biz, onların üzərinə hansısa vəzifələrin həyata keçirilməsini necə qoya bilərik və buna görə də inzibati tənbeh tədbiri tətbiq edə bilərik? Özü də burada kifayət qədər yüksək cərimələr nəzərdə tutulub. Fiziki şəxslər üçün 100 manatdan 200 manata, vəzifəli şəxslər üçün 300 manatdan 600 manata, hüquqi şəxslər üçün isə 1000 manatdan 1500 manata qədər. Mən, bir daha təkrar soruşmaq istəyirəm. Fövqəladə mühit rejimi deyilən bir anlayış gətirmişik. Bu zaman insan hüquq və azadlıqları məhdudlaşdırılır və fövqəladə vəziyyət tətbiq olunanda biz, bilirik ki, buna parlamentin icazəsi lazımdır. Amma burda parlamentin icazəsi də tələb olunmur. Müvafiq icra hakimiyyəti orqanı onu tətbiq edə bilir. Belə olduğu halda bu insan hüquq və azadlqlarının məhdudlaşdırılması deyilmi?”.

Əli