• 26 Aprel 2024
logo
Türk dövlətləri ilə xarici ticarətimiz iki dəfə artırılacaq

Türk dövlətləri ilə xarici ticarətimiz iki dəfə artırılacaq

Azərbaycan dünyanın 171 ölkəsi ilə ticarət əməliyyatları aparır. Bu il 89 ölkəyə məhsul ixrac olunub, 165 ölkədən isə idxal həyata keçirilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12,3 milyard ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8,239 milyard dollarını və ya 67,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 4029,9 milyon dollarını (32,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4209,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0,1 faiz, real ifadədə 5,1 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac isə 2,4 faiz çoxalıb.
2023-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,3 faizi İtaliya, 13,8 faizi Türkiyə, 9,0 faizi Rusiya, 5,3 faizi Çin, 3,9 faizi Almaniya, 3,8 faizi İsrail, 3,5 faizi İspaniya, 3,2 faizi Yunanıstan, 3,1 faizi Hindistan, 2,7 faizi Rumıniya, hər biri 2,5 faiz olmaqla Çexiya və Fransa, 2,3 faizi Gürcüstan, 1,8 faizi Türkmənistan, 1,4 faizi Avstriya, hər biri 1,1 faiz olmaqla İran və Qazaxıstan, 1,0 faizi Vyetnam, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 37,0 faizini İtaliyaya, 13,7 faizini Türkiyəyə, 5,8 faizini İsrailə, 5,1 faizini İspaniyaya, 4,8 faizini Yunanıstana, 4,1 faizini Hindistana, 3,8 faizini Rumıniyaya, 3,5 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Almaniyaya, 3,2 faizini Gürcüstana, 2,0 faizini Avstriyaya, 1,2 faizini İrlandiyaya, hər biri 1,1 faiz olmaqla Sinqapur, İndoneziya və Vyetnama, 0,9 faizini Fransaya, 0,8 faizini Portuqaliyaya, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edir.
Qeyri neft-qaz məhsulları üzrə ixracda Türkiyə (37,3 faiz), Rusiya (22,0 faiz), Gürcüstan (12,0 faiz), İsveçrə (3,3 faiz), Qazaxıstan (3,0 faiz), Ukrayna (2,6 faiz), Türkmənistan (2,4 faiz), İtaliya (1,8 faiz), Rumıniya (1,3 faiz), Özbəkistan (1,2 faiz), Belçika (1,2 faiz), Almaniya (1,2 faiz), Niderland (1,1 faiz) üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,8 faizi Rusiya, 14,6 faizi Çin, 14,0 faizi Türkiyə, 5,5 faizi Fransa, 5,0 faizi Almaniya, 4,7 faizi Türkmənistan, 3,2 faizi İran, 2,7 faizi İtaliya, 2,6 faizi ABŞ, 2,5 faizi Qazaxıstan, hər biri 1,9 faiz olmaqla Yaponiya və Koreya, 1,8 faizi Belarus, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 1,3 faizi Hindistan, 1,1 faizi Braziliya, 1,0 faizi Polşa, 13,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 14,3 faiz, meyvə və tərəvəz konservləri – 76,4 faiz, meyvə və tərəvəz şirələri – 64,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,9 dəfə, marqarin, 3 qida üçün yararlı digər qarışıqlar – 2,3 faiz, polipropilen – 80,3 faiz, polietilen – 21,1 faiz, mineral gübrələr – 17,2 faiz, emal olunmamış alüminium – 0,8 faiz, pambıq ipliyi – 14,8 faiz, qara metallardan borular – 20,0 faiz artıb. Təzə meyvə ixracı isə 2,2 faiz, təzə tərəvəz – 14,5 faiz, tütün – 49,9 faiz, çay – 49,1 faiz, bitki yağları – 82,1 faiz, kartof – 4,8 faiz, pambıq lifi – 47,2 faiz, sement klinkerləri – 4,2 faiz, bentonit gili – 15,1 faiz, qara metallardan çubuqlar – 58,6 faiz, qara metallardan yarımfabrikatlar – 74,3 faiz azalıb.
2023-cü ilin yanvar-mart aylarında buğda idxalı 94,8 faiz, təzə meyvə – 1,6 faiz, xam şəkər – 2,7 faiz, şokolad və şokolad məhsulları – 11,8 faiz, unlu qənnadı məmulatları – 4,9 faiz, çay – 7,0 faiz, quş əti və onun əlavə məhsulları – 25,5 faiz, mal əti – 28,4 faiz, minik avtomobilləri – 20,9 faiz, dərman vasitələri – 16,1 faiz, polad prokatı – 2,2 dəfə, qara metallardan borular – 14,8 faiz, rezin şinlər – 0,7 faiz, sintetik yuyucu vasitələr – 19,2 faiz, mebellər – 17,9 faiz, polietilen – 70,1 faiz, yük avtomobilləri – 35,2 faiz, qara metallardan çubuqlar – 8,1 faiz, mineral gübrələr – 40,9 faiz, paltaryuyan maşınlar – 18,3 faiz, qara metallardan künclüklər – 35,3 faiz, polipropilen – 15,3 faiz, məişət soyuducuları – 39,8 faiz artıb. Bitki yağları idxalı isə 33,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,1 faiz, kartof – 7,6 faiz, təzə tərəvəz – 6,3 faiz, siqaretlər – 40,3 faiz, hesablama maşınları, blok və qurğuları – 11,9 faiz, məişət kondisionerləri – 16,6 faiz, avtobuslar – 48,9 faiz, sement – 8,2 faiz azalıb.
Maraqlıdır ki, Azərbaycan üçün qeyri-neft məhsulları üzrə əsas ənənəvi ixrac bazarı Rusiya olub. Amma bu ildən bu sahədə vəziyyət Türkiyənin xeyrinə dəyişməyə başlayıb – Türkiyə 37,3 faiz, Rusiya 22 faiz. Bu isə son illər qardaş Türkiyə ilə artan dinamika ilə inkişaf edən siyasi və iqtisadi əlaqələrlə bağlıdır. Ancaq idxalda Rusiya hələlik öndədir, Çin 2-ci, Türkiyə 3-cüdür. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycana idxalın payında Çin və Türkiyənin önə keçəcəyi gözləniləndir. Çünki ən əlverişli İpək yolunun bərpa olunması ilə Çindən gələn yüklər Qazaxıstan, Azərbaycan, Zəngəzur dəhlizi, Naxçıvan və Türkyə üzərindən Avropaya qədər daşına biləcək. Bu yol həm qısadır, həm daha ucuz olacaq, həm vaxt baxımından yüklər daha tez mənzil başına çatacaq.
Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunan Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca vahid tarif və gömrük sisteminin yaradılması isə yaxın illərdə türk dövlətləri arasında iqtisadi əlaqələrin, xüsusən də ticarət dövriyyəsinin bir qədər də artmasına səbəb olacaq.
Türk dünyasının bir parçası olan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə, ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını, xüsusən də türk dövlətləri ilə əməkdaşlıq əlaqələrini xeyli sürətləndirib. Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm rol oynayır. Ölkə başçısının 2023-cü il 2 may tarixli fərmanı ilə təsdiq olunmuş “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” saziş bu baxımdan çox əhəmiyyətli bir sənəddir. Belə ki, 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində imzalanmış saziş Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ərazisində sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını nəzərdə tutur. Saziş tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsinin aparılması, onların gömrük proseduralarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemin yaradılması ilə bağlı məsələləri özündə ehtiva edir. Sazişə əsasən, tərəflərin gömrük orqanlarının razılığı əsasında altı ay icra olunacaq pilot layihə ilə dəhlizin praktiki reallaşdırılması təmin ediləcək. Bu dəhliz türk dövlətləri arasında sadələşdirilmiş gömük dəhlizi yüklərin sürətli daşınmasına imkan verəcək.
Sazişin reallaşdırılması türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafına və ticarət dövriyyəsində artıma imkan verəcək. Yaxın illərdə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur. 2022-ci ildə isə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə xeyli artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara çatıb. Bütövlükdə isə ötən il bütün türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycanla qardaş Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar təşkil etdiyi halda, ötən il bu rəqəm 5 milyard 842 milyon dollaradək yüksəlib. Son illər ölkəmizin türk dövlətləri ilə apardığı ticarət əlaqələrində ən yüksək artım Türkmənistanla Qazaxıstanın payına düşür. Belə ki, ötən il Türkmənistanla ticarət dövriyyəmiz əvvəlki ilə nisbətən 5,1 dəfə artaraq 105 milyon 23 min dollardan 535 milyon 397 min dollara çatıb. 2022-ci ildə Qazaxıstanla 598 milyon 486 min dollarlıq ticarət əməliyyatları aparılıb ki, bu da əvvəlki ilə nisbətən 4,4 dəfə çoxdur. Bundan əlavə, ötən il Azərbaycan Özbəkistanla 183 milyon 307 min dollar, Qırğızıstanla isə 10 milyon 809 min dollarlıq ticarət əməliyyatları aparıb ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 64 faiz və 17 faiz çoxdur.

Mahir Həmzəoğlu