• 29 Mart 2024
logo
Hökumət Qarabağda sahibkarlara maliyyə dəstəyi göstərəcək

Hökumət Qarabağda sahibkarlara maliyyə dəstəyi göstərəcək

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə post-konflikt ərazilərdə də sənayenin inkişafı məqsədilə sənaye parklarının yaradılması nəzərdə tutulur.
Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8,8 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,9 milyard manatlıq hissəsi (təqribən 33%-ə yaxın hissəsi) ixrac olunub.
2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel istehsalı müəssisəsi (STP Global Cable) Azərbaycanda ilk dəfə olaraq sualtı hövzələrdə istifadə edilən kabel istehsalına başlayıb. Qeyd edək ki, illik istehsal gücü 120 min ton təşkil edən müəssisədə məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28 min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür. Müəssisə ölkəmizdə 110 kV-luq və fiber optik kabellərin yeganə istehsalçısıdır. Hazırda müəssisədə mis və alüminium elektrotexniki çubuqlarının, 6 kV-dan 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc kabellərinin, eləcə də aşağı gərginlikli kabellərin, hava xətləri üçün naqillərin, həmçinin telefon və LAN kabellərinin istehsalı üzrə 70 istehsal xətti fəaliyyət göstərir. Müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də geniş istifadə edilir.
Bunlarla yanaşı Qarabağda da sənaye parkalrı yaradılır və əsas məqsəd sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar.
Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. Habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Ağdam Sənaye Parkında 11 sahibkarlıq subyektinə rezident statusu verilib. Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan təkcə 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq. Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Fərmana əsasən, parkın fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə 2021-ci il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Park Ağdam şəhərinin yaxınlığında 190 hektar torpaq sahəsində salınacaq.
Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və sair təşkili nəzərdə tutulur. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Əslində Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılması üçün yaxşı imkandır. ASP sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Dövlət sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə güzəştli kreditlər də verir. 2022-ci ildə SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 59,8%-i kənd təsərrüfatı, 23,9%-i sənaye məhsullarının istehsalı və emalı, 6,5-%-i turizm, 9,9%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6%-i regionların, 29,4%-i isə Bakı şəhəri və Abşeronun payına düşür. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
Pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi də davam etdirilir. Ümumilikdə, dəstək proqramı çərçivəsində 1 yanvar 2023-cü il tarixinədək 41,4 milyon manat, o cümlədən 2022-ci il ərzində 26,1 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək. Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilib. Proqram çərçivəsində 1 yanvar 2023-cü il tarixinə kredit qalıq məbləği 877,94 milyon manat olan 5052 müraciətə 71,9 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib ki, artıq bu məbləğin 68,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2023-cü ildə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” layihəsi həyata keçiriləcək. Artıq həmin layihənin hədəfləri də bəllidir. Əsas məqsəd Qarabağda fəaliyyət göstərəcək, bizneslə məşğul olacaq sahibkarlara maliyyə dəstəyi göstərməkdir.

Mahir Həmzəoğlu