• 9 Fevral 2023
logo
Hökumətdən İKT sektoruna dəstək: vergi güzəştləri

Hökumətdən İKT sektoruna dəstək: vergi güzəştləri

Müasir dünya informasiya cəmiyyəti, informasiya-kommunikasiya texnologiyaları (İKT) əsri adladırılır. İKT-nin insan həyatındakı və iqtisadiyyatdakı rolu o qədər artıb ki, onsuz inkişaf mümkün deyil. İctimai inkişafın yeni mərhələsi olan informasiya cəmiyyətinin formalaşmasının təməlində məhz İKT dayanır. Bu gün İKT-nin inkişafı ölkələrin iqtisadi inkişafı və sosial rifahının mühüm amillərindən hesab olunur. Odur ki, dünya ölkələri daim İKT sahəsində göstəricilərini yaxşılaşdırmağa səy göstərirlər. Bu, həm də rəqabətin güclənməsi və rəqabət qabiliyyətinin artırılmasına olan tələblə bağlıdır.
İKT sahəsi ölkəmizin iqtisadi inkişafını şərtləndirən prioritet sahələrdən biri kimi qiymətləndirilir. İKT sahəsinin inkişafı ilə bağlı məqsəd və vəzifələr, hədəflər bir sıra dövlət əhəmiyyətli sənədlərdə geniş şəkildə öz əksini tapmışdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beş əsas istiqamətindən biri kimi müəyyən edilib. Eyni zamanda, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişafı ayrıca hədəf kimi göstərilib. Hökumət İKT-nin inkişafının vacibliyini və əhəmiyyətini nəzərə alaraq onu müxtəlif iqtisadi alətlər vasitəsilə dəstəkləyir, stimullaşdırır. Belə dəstək mexanizmlərindən biri də yeni vergi güzəştlərinin nəzərdə tutulmasıdır.
İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda dəyişikliklər edilib və yeni qaydalar 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
Vergi Məcəlləsində edilmiş həmin dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə - gəlir (mənfəət), əmlak və torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Adıçəkilən şəxslərə vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.
Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 01.01.2023-cü il tarixdən 3 il müddətinə 8000 manatadək aylıq gəlir olduqda 0 faiz, 8000 manatdan artıq gəlirlərə münasibətdə 5 faiz və 01.01.2026-cı il tarixdən 7 il müddətinə aylıq gəlirin 5 faizi məbləğində tutulacaq.
“Sosial sığorta haqqında” Qanunda dəyişikliyə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərə isə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlər üzrə qüvvədə olan Qanunda göstərilən qaydada (14.3-cü və 14.4-cü maddələrə) ödənilməsi müəyyən edilib.
Sığortaolunanlar bununla əlaqədar hər il yanvar ayının 15-dək öz seçimləri barədə yazılı məlumatı sığortaedənə təqdim edirlər və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir.
Qəbul edilmiş dəyişikliklər ortamüddətli perspektivdə İKT sektoruna canlanma gətirəcək, nəticə etibarilə sahibkarlığın inkişafına ciddi təkan verəcək, bu sahədə Azərbaycanı regionun mərkəzinə çevirəcək, habelə İKT sahəsində digər ölkələrlə müqayisədə iqtisadi mühitini cəlbedici etməklə yanaşı, İKT məhsullarının innovativliyinin və keyfiyyətinin artırılmasına dəstək olacaq.
İşğaldan azad olunmuş ərazilərdə, Qarabağda İKT-nin inkişafına xüsusi əhəmiyyət veriləcək. Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə məhz Qarabağda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının həyata keçirilməsinə başlanılıb. Aydın məsələdir ki, İKT-nin inkişaf səviyyəsinin artırılmasına yönələn tədbirlər nəticə etibarı ilə ölkənin iqtisadi inkişaf səviyyəsinə də müsbət təsir göstərəcək. Beynəlxaq təcrübə göstərir ki, bu gün təkmil İKT infrastrukturuna sahib olan, əhalisinin əksər hissəsi savadlı olan və İKT-lərdən, o cümlədən internetdən geniş şəkildə istifadə edən ölkələr iqtisadi gücləri, inkişaf səviyyələri ilə seçilirlər.
Müsbət haldır ki, Azərbaycanda internetə çıxışı olan ev təsərrüfatlarının sayı ilbəil artmaqdadır. O da qeyd edilməlidir ki, internetə çıxışı olan ev təsərrüfatlarının sayının çox olması internetə qoşulmaq üçün tələb olunan avadanlığın (kompüterlərin, mobil telefonların, planşetlərin və s.) qiymətindən, internet tariflərindən, ölkədə həyat səviyyəsindən, əhalinin gəlirlərinin səviyyəsindən və bir sıra digər amillərdən asılıdır. Son illərdə ölkədə tariflərin aşağı salınmasına baxmayaraq, qonşu ölkələrlə müqayisəli təhlillər respublikamızda onların hələ də ucuz olmadığını göstərir. Tariflərin endirilməsinin mobil rabitə, sabit genişzolaqlı və aktiv mobil genişzolaqlı internet abunələrinin sayının müəyyən dərəcədə yüksəlməsinə gətirib çıxardığını göstərir. Həmçinin, qeyd edilməlidir ki, mobil rabitə, sabit 61 və aktiv mobil genişzolaqlı internet abunələrinin sayına təsir edə biləcək bir çox amillər də vardır. Odur ki, mobil rabitə bazarına yeni operatorların daxil olması bu sahədə rəqabətin güclənməsinə, bu isə öz növbəsində, operatorlar tərəfindən tariflərin endirilməsinə səbəb ola bilər. Ölkəmizdə yüksək sürətli sabit genişzolaqlı internetdən istifadəni artırmaq məqsədilə də internetin bu növünə olan tariflər aşağı salınmalıdır – ölkəmizə daxil olan internet tarifləri azaldılmalıdır ki, operatorların və provayderlərin göstərdiyi həmin xidmətlər əhali üçün də sərfəli olsun. Bunun üçün isə beynəlxalq şlüzlərə qoşulan operatorlar arasında rəqabət gücləndirilməlidir. Hazırda Azərbaycanda beynəlxalq şlüzlərə 2 bazar iştirakçısının (Delta Telecom və Azərtelekom) çıxışı vardır. Rəqabət olduğu təqdirdə, şirkətlər tarifləri azaltmaqla yanaşı, xidmətlərin keyfiyyətini artırmaqda maraqlı olurlar. Beynəlxalq şlüzlərə qoşulan operatorlar arasında rəqabətin gücləndirilməsi bir internet istifadəçisinə düşən beynəlxalq internet ötürmə qabiliyyətinin həcmini artırmağa imkan verər.
Hökumət İKT sektorunda startapların fəaliyyətini də stimillaşdırır. “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən orta və ya iri sahibkarlıq subyektinin təsisisçisi olarsa, həmin təsisçinin hüquqi şəxsdə payı 49%-dən çox olmamalıdır. “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir.

Mahir Həmzəoğlu