• 27 İyul 2024
logo
Bahalı neft, artan gəlirlər və profisiti yaranan dövlət büdcəsi

Bahalı neft, artan gəlirlər və profisiti yaranan dövlət büdcəsi

Azərbaycanda iqtisadi artım müşahidə olunur. Bununla yanaşı, 2022-ci ilin əvvəlindən Azərbaycanda dövlət büdcəsinin gəlirləri təmin olunur ki, bu da hökumətə nəzərdə tutulan xərcləri, sosial öhdəliklərini vaxtında yerinə yetirməyə imkan verir. Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin vaxtında irca olunması müsbət haldır. Bura pensiyaların da vaxtından əvvəl ödənilməsini əlavə etmək olar. Bunlarla belə, bu ilin əvvəlindən nəzərəçarpan qiymət artımları və inflyasiya da var. Bu isə əhalinin xərclərinin artmasına təsir göstərir.
Bəxtimiz gətirib ki, hazırda dünya bazarında neftin qiyməti yüksəkdir – 95 dollardır. Gözlənildiyi kimi, bu il üçün neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan yüksəkdir. Hətta “qara qızıl”ın bahalaşmasını və gəlirlərin artmasını nəzərə alan hökumət dövlət büdcəsində neftin qiymətini 50 dollardan 85 dollara yüksəltdi, 2022-ci ilin ilin dövlət büdcəsinin gəlirləri də artırıldı. Çünki ilin sonunacan neftin həmin həddən baha olacağı gözlənilirdi. Bütün bunlar isə Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir.
2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin mədaxili 22,4 milyard manat, xərcləri 20,5 milyard manat olmuş, 1,931 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır. Gəlirlər proqnoza qarşı 418,6 milyon manat (1,9 faiz) çox icra olmuşdur. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 milyard manat və ya 25,3 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10,451 milyard manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4097,0 milyon manat və ya 64,5 faiz çoxdur. Daxilolmaların 59,2 faizi və yaxud 6191,7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1498,9 milyon manat və ya 31,9 faiz çox olmuşdur. Daxilolmaların qalan 40,8 faizi və yaxud 4259,7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2598,1 milyon manat və ya 2,6 dəfə çox olmuşdur.
Bütövlükdə bu il 9 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən artıq daxil olmuş vəsaitin 20,2 faizi və yaxud 195,9 milyon manatı qeyri-neft sektorunun, 79,8 faizi və yaxud 774,8 milyon manatı neft sektorunun payına düşmüşdür. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4227,5 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 650,3 milyon manat və ya 18,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 1034,3 milyon manat və ya 32,4 faiz çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 8,083 milyard manat transfertə qarşı 6,542 milyard manat məbləğində transfert daxil olmuşdur. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1540,7 milyon manat və ya 19,1 faiz az istifadə olunmasına imkan vermişdir.
2022-ci il sentyabrın 30-a Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0.80% artaraq 45 386,4 milyon ABŞ dolları təşkil edib. Fondun məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11 365,9 milyon manat, büdcə xərcləri isə 6 566,9 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 886,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 6 542,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,1 milyon manat yönəldilmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 16.8 milyon manat təşkil etmişdir. Ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 521,0 milyon manat azalma müşahidə olunmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil etmişdir.
Cari ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 2-ci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir ki, bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olmuşdur. Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olmuş və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə səbəb olmuşdur. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunmuşdur.
Ölkədə həyata keçirilən iqtisadi siyasət nəticəsində dövlət büdcəsinə qeyri-neft sektorundan gəlirlər də artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur. Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Fonddan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır.
Gəlirlərin təmin edilməsi, hətta nəzərdə tutulandan artıq olması büdcə xərclərini də vaxtında icra etməyə imkan verir. Belə ki, 2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 21039,2 milyon manat proqnoza qarşı 20470,7 milyon manat və ya 97,3 faiz icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2758,7 milyon manat və ya 15,6 faiz çoxdur.
Dövlət büdcəsi xərclərinin 12669,4 milyon manatı və ya 61,9 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1194,4 milyon manat və ya 10,4 faiz çox), 6608,3 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1884,8 milyon manat və ya 39,9 faiz çox), 1193,0 milyon manatı və ya 5,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 320,5 milyon manat və ya 21,2 faiz az) yönəldilmişdir.
Cari ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8442,0 milyon manat məbləğində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur. 2022-ci ilin doqquz ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60,5 faiz və ya 1668,9 milyon manat təşkil edib.
İlin əvvəlindən dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
Mahir Həmzəoğlu