• 19 Mart 2024
logo
Azərbaycanda nağdsız ödənişlərə maraq artır

Azərbaycanda nağdsız ödənişlərə maraq artır

Bankların qazancı yüksək xidmətlər və müştəri məmnuniyyəti hesabına olmalıdır

Pandemiya iqtisadiyyatın bütün sahələrinə ciddi ziyan vurduğu heç kimə sirr deyil. Bununla belə azsaylı sahələr var ki, pandemiya o sahələrin nisbətən böyüməsinə, gəlirlərinin atmasına müsbət təsir göstərib. Onlardan biri də nağdsız ödənişlərin artmasıdır. Buna həm insanlar arasında təmasların azalması məcburiyyəti, həm müasir İKT və bank hesablaşmaları sisteminin təkmilləşdirilməsi, həm də dövlətin nağdsız hesablaşmaların artmasında maraqlı olması və bu prosesi dəsdəkləməsi, stimullaşdırmasıdır. Belə ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün dövlət orqanları və bank sistemi tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Vergi Xidmətinin “ƏDV geri al” layihəsi çərçivəsində nağd ödəniş edənlər 10 faiz, nağdsız ödəniş edən istehlakçılar isə ödədikləri verginin 15 faizini geri alırlar. Banklar nağdsız ödəniş edənlər üçün vəsaitin müəyyən hissəsini bonus olaraq istehlakçılara geri qaytarırlar.
Bu ilin birinci yarısında Azərbaycanda bank kartları ilə 15,9 milyard manatlıq ödəniş aparılıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz çoxdur. Altı aylıq ödənişlərin 4,5 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. 2021-ci ilin 6 ayında təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların ümumi məbləği 85,3 faiz artaraq 1,8 milyard manat təşkil edib. Bu ilin birinci yarısında Azərbaycanda da nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Həmin dövrdə elektron ticarət əməliyyatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 faiz artaraq 43,2 milyon ədəd, ümumi məbləği isə 35,6 faiz artaraq 2,4 milyard manat olub.
Artıq insanlar da elektron ticarət və nağdsız ödənişlərin üstünlüklərini əyani şəkildə görür, vaxt itkisi və əlavə prosedurların olmaması, ödəmənin asanlılığı baxımından nə qədər əlverişli olduğunu başa düşür. Belə ki, kartla ödəniş zamanı vəsaitin xərclənməsini izləmək, onu geri qaytarmaq və ödənişi ləğv etmək mümkündür. Pulları kart hesabında mühafizə etmək onları oğurluqdan və itkidən tamamilə qoruyur. Məsələn, nağd pul itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq olmur. Lakin kart itərsə onun sahibi dərhal mobil telefona yazılmış proqram vasitəsilə kartını bloklaya bilir. Kartı götürən kənar şəxs həmin kartdan pul çıxara bilmir və kartın aid olduğu bank müştərisinə yeni kart verir. Beləcə pullar yenə də sahibinin sərəncamında qalır. Ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq üstünlüklər nəzərdə tutur.
Bu üstünlüklərin nəticəsdir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb. Daxili ödənişlər 70 faiz, elektron kommersiya 64 faiz artıb. Nağdsız ödənişlərin inkişafı strategiyası 2026-cı ilədək davam etdiriləcək. Yeni strateji yanaşma nağdsız ödənişlərin inkişafı üçün əlavə stimul yaradacaq. Mərkəzi Bankının (AMB) İdarə heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. Bu müddət ərzində internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb. Bundan başqa, 2020-ci il ərzində elektron kommersiya 17 faiz böyüyüb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını artırıb. AMB, həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb. Rəqəmsallaşma bu gün trend olmaqda davam edir. Digər trend "Amazon" və digər qlobal şirkətlərlə əməkdaşlığın qurulmasıdır. AMB kibertəhlükəsikzlik sahəsində bu sektoru daha prioritet hesab edir və genişmiqyaslı işlər aparır. 2018-2020-ci illərdə nağdsız ödənişlərə keçidlə bağlı iri layihələr reallaşdırılıb. Bu proqram çərçivəsində AMB QR kodlar vasitəsilə ödənişlər barədə həll təqdim edib.
Bunlarla yanaşı, "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" tam icra edilməyib. Planlaşdırılmış tədbirlərin 70,3%-nin icrası yekunlaşıb, 4,6%-i qismən icra olunub, 25,1 %-i isə icra olunmamış hesab edilir. proqramın 3 il ərzində ümumi icra nəticəsi 73 faiz səviyyəsində qiymətləndirilir. Proqram çərçivəsində rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması 83 faiz, bank sektorunun yenidən canlandırılması 54,5 faiz, rəqəmsal ekosistemin formalaşdırılması 70 faiz, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi 100 faiz icra olunub. Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər Sisteminin (AÖS) yaradılması üzrə texniki infrastruktur hazırlanıb, sistemin tətbiqi üçün normativ hüquqi baza formalaşdırılması istiqamətində tədbirlər icra edilib. Ölkədə Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platfonnalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb. Bunlarla yanaşı, bu sahədə bank sektoru hələ çox işlər görməlidir, ən azından əhalinin banklara inamı artırılmalıdır. Bankların qazanc əldə etmək maraqları başa düşüləndir, ancaq bu, yüksək xidmətlər, etibarlı tərəfdaşlıq və etimad mühiti, müştəri məmnuniyyəti hesabına olmalıdr.
Xüsusilə də nəğdsiz hesablaşmalarla bağlı risklər düzgün qiymətləndirilməli və minimuma endirilməlidir. Hər halda növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulur. Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov deyib ki, “Azərbaycanda nağdsız ödənişlər ilk dəfə 30 faizə çatıb və biz bu göstəricini artırmaqda davam edəcəyik. Təmassız ödənişlər üç dəfə, tranzaksiyalar altı dəfə artıb. Bundan başqa, Azərbaycanda "Apple Pay" işə salınıb ki, bu da təmassız ödənişlərin artımına gətirib çıxaracaq. Azərbaycanda həm də maliyyə texnologiyalarının dəstəklənməsi üçün baza hazırlanır, AMB sahibkarlıq və bankçılıq risklərinin azaldılması, eləcə də cəmiyyətin rəqəmsal həllər barədə məlumatlandırılması proqramını hazırlayır. Biz "MasterCard"la birgə həm hökumət səviyyəsində, həm də bank tərəfdaşlığı səviyyəsində iri layihələr reallaşdırırıq”.
Hökumət nağdsız ödənişləri stimullaşdırmaqla yanaşı, müəyyən məhdudlaşdırıcı addımlar da atır. Belə ki, növbəti ilin büdcə zərfi çərçivəsində hazırlanmış “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliklər nəzərədə tutulur. Qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilir. Layihəyə əsasən nağdsız həyata keçirilməsi nəzərdə tutulan sahələr bunlardır: pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4 000 manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər; ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər; “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3 000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).
Dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı” ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır. Eyni zamanda, hazırda ölkə ərazisində pərakəndə ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin tətbiq edildiyi nəzərə alınarsa, təklif olunan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin artmasına da müsbət təsir edəcək. 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə biləcəklər.
Mahir Həmzəoğlu