• 23 Aprel 2024
logo
2022-ci ilin iqtisadi artım proqnozları və nikbin gözləntilər

2022-ci ilin iqtisadi artım proqnozları və nikbin gözləntilər

Hazırda 2022-ci il üzrə iqtisadi proqnozlar verilir və növbəti il üzrə büdcə müzakirələri aparılır. İlk qənaətlər ondan ibarətdir ki, pandemiyanın iqtisadiyyata ciddi ziyan vurduğu bir dönəmdə iqtisadi artım proqnozları və nikbin gözləntilər diqqət çəkir.
Dünya Bankının proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8%, 2022-ci ildə isə 3,9% artacaq. Hansı ki, 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb. Beynəlxalq Valyuta Fondu (BVF) da Azərbaycanla bağlı nikbin proqnozlar verir. Fond qlobal iqtisadiyyatın dinamikası üzrə proqnozunu da yaxşılaşdırıb və 2021-ci ildə qlobal ÜDM-in 6% artacağını gözləyir. BVF-nin 2022-ci il üçün proqnozuna əsasən qlobal ÜDM artımı 4,9% olacaq. ÜDM-in artım tempi iqtisadiyyatın bütün sahələrinin çətin səhiyyə vəziyyətinə davamlı uyğunlaşmasını əks etdirir. Yaxşılaşdırılmış proqnozlar pandemiya ilə mübarizədə bir sıra ölkələrdəki əlavə maliyyə dəstəyinin nəticələrinə və iqtisadiyyatın gözlənilən bərpa göstəricilərinə əsaslanır. Asiya İnkişaf Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycanın öz proqnozlarına görə, ÜDM 2021-ci ildə 4,6%, 2022-ci ildə 4%, 2023-cü ildə 5,3%, 2024-cü ildə 3,7% və 2025-ci ildə 3,1% artacaq. Qeyd edək ki, 2021-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycanda ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 46 milyard manatdan 54,7 milyard manata çatıb.
Hazırda hökumətdə 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondunun 2022-ci il üçün büdcə layihələri müzakirə olunur. “Büdcə sistemi haqqında” qanuna əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, cari ilin sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir. Növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim olunmalıdr. Qeyd olunan hər bir mərhələdə Maliyyə Nazirliyinin “2022-25-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əks olunan dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinə dəyişikliklər edilə bilər.
Müzakirə olunan gələn ilin büdcə proqnozlarında əvvəlki illərlə nisbətən artım göstəriciləri öz əksini tapır. Layihələrdə büdcə-vergi siyasətinin əsas istiqamətləri, dövlət büdcəsinin prioritet gəlir və xərcləri açıqlanıb. 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26,4 milyard manat, xərclərinin 29 milyard manat, kəsirin 2,6 milyard olacağı proqnozlaşdırılır. Bübcə gəlirləri ÜDM-in 32,5 faizini təşkil edəcək ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 3,8 faiz çoxdur. Deməli, gəlirlərdə artım nəzərdə tutulur. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisi (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) ilə müqayisədə 1,8 milyard manat və ya 19,3 faiz artımla nəzərdə tutulur.
Hər il büdcə müzakirələri zamanı əsas müzakirə mövzusu büdcə proqnozlarında neftin qiymətləri ətrafında gedir. Çünki büdcəmiz neft amilindən hələ də çox asılıdır. Nə qədər ki, büdcə gəlirlərində neft sektorunun payı 25%-ə enməyib, “qara qızıl”ın dünya bazarındakı qiymətlərinin dəyişməsi bizim üçün mühüm və həlledici amil olaraq qalacaq. Gələn il də belə olacaq, çünki büdcə gəlirlərinin 52,4%-i neft sektorunun hesabına nəzərdə tutulur ki, bu da kifayət qədər böyük rəqəmdir – 14 milyard manata yaxın. 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb. Maliyyə Nazirliyinin açıqlamasında deyilir ki, “ortamüddətli dövr üçün resurs zərfi hesablanarkən neftin bir barelinin orta illik qiyməti 45 ABŞ dollarına bərabər götürülmüşdür. Lakin, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı başqa qiymət əsas götürülə bilər. Neftin qiyməti ilə yanaşı, ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat), neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin müddəti, hasilat həcmləri ilə bağlı beynəlxalq razılaşmalar, habelə ÜDM-in artım tempi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin proqnoz və hədəfləri, eləcə də vergi-gömrük siyasətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər gəlirlərin proqnozlaşdırılması zamanı ehtimal və fərziyyələrin əsasını təşkil etmişdir”.
Hazırda dünya bazarında neftin qiyməti 75 dollardır. Gələn il üçün neftin qiymətinin də dövlət büdcəsində nəzərdə tutulandan yüksək olacağı gözləniləndir. Çünki növbti ildə pandemiyanın azalması ilə dünya iqtisadiyyatında artım, iqtisadi aktivliyin yüksəlməsi gözlənilir. Bütün bunlar isə dövlət büdcəsində neftin qiymətini 45 dollar götürən Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir. Bu il də oxşar proses baş verdi. Belə ki, 2021-ci ilin bübcəsində neftin qiyməti 40 dollar nəzərdə tutulduğu halda, qiymətlər yüksək oldu. Nəticədə büdcə gəlirlərinin təmin olunmasında və xərclərin icrasında hər hansı çətinlik yaranmadı.
Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, adətən, beynəlxalq qurumların neftlə bağlı əvvəldən verilmiş proqnozları özünü doğrultmur. Məsələn, ilin əvvəlində Dünya Bankı bu il neft qiymətlərinin bir barel üçün 44 dollar ətrafında olacağını proqnozlaşdırırdı, amma son aylarda qiymətlər 65-70 dollar ətrafında dəyişir. Son olaraq Dünya Bankı gələn il üçün neftin qiymətinin 60 dollar təşkil edəcəyini təxmin edir. İndiki real qiymətlər fonunda 2021-ci ildə hökumətin dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərini yerinə yetirəcəyi gözlənilir. Əsas hədəf ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, məşgulluğun, iqtisadi aktivliyin, iqtisadi artımın və sosial rifahın təmin edilməsidir. 2021-ci ildə dövlət büdcəsi xərclərinin ÜDM-də payı 37,7 faiz proqnozlaşdırılır. Bu il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox nəzərdə tutulur.
2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28,974 milyard milyon manat (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılır. Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13,0 faiz azalması proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz) və sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malik olacaqdır.
2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcəkdir. Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcək. 2022-ci ildə icmal büdcənin gəlirləri 26 milyard 967,7 milyon manat, xərcləri 32 milyard 145,9 milyon manat, kəsiri isə 5 milyard 178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.
2021-ci ildə olduğu kimi, 2022-ci ildə də devalvasiyanın olmayacağı, manatın kursunun sabit qalacağı daha çox gözləniləndir. Çünki hökumətin proqnozlarında ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat) nəzərdə tutulur. Buna əsas verən asas amillər – neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan baha olacağı ilə bağlı nikbin proqnozlar, ölkənin kifəyət qədər valyuta ehtiyatlarının (51 milyar dollar) olması, Mərkəzi Bankın maliyyə bazarına nəzarəti gücləndirməsi və əvvəlcədən məhdudlaşdırıcı addımların atılmasıdır. Digər tərəfdən, hökumət özü də manatın kəskin ucuzlaşmasında maraqlı deyil, çünki bu halda bötövlükdə iqtisadiyyatın itirəcəkləri qazancından daha çox olur, idxal malları bahalaşır, əhalinin, biznesin milli valyutaya və maliyyə-bank sektoruna inamı azalır və s.
Mahir Həmzəoğlu