• 22 İyul 2019
logo
add image
Özəlləşdirilmə üzrə növbəti hərrac keçirilib

Özəlləşdirilmə üzrə növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyunun 18-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Komitənin mətbuat xidmətindən bildirilib ki, dövlət əmlakları üzrə geniş seçim və rahat özəlləşdirmə şəraiti hərraclarda iştirakçı fəallığını təmin edir. Elektron formada sifarişin verilməsi və hərracda onlayn iştirak vətəndaşlara vaxt itirmədən əmlak sahibi olmaq imkanı verir.
Budəfəki hərracda özəlləşdirilən 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak edib. İştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandan elektron formada verib. Özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir.
Kiçik dövlət müəssisələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakı 9 min 308 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Goranboy rayonu, Qazanbulaq qəsəbəsindəki qeyri-yaşayış binası da hərracda öz sahibini tapıb. İştirakçı sahəsi 109,5 kvadratmetr olan dövlət obyektini 1750 manata özəlləşdirib. Digər obyektlər kimi torpaq sahəsi ilə birlikdə özəlləşdirilən kiçik dövlət müəssisəsi Şabranda yerləşir. 110,8 kvadratmetr sahəsi olan bu obyekt üçün 6 min manat təklif edən iştirakçı hərrac qalibi olub.
Hərracda nəqliyyat vasitələri rəqabət yaradıb. Buraxılış tarixi 2001-ci il olan “Hyundai Choros” markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 4 min manat təyin olunub. Hərracda 2 iştirakçı arasındakı rəqabətlə avtomobilin son qiyməti 5 min 450 manata yüksəlib. “UAZ” markalı avtomobilin hərracı 3 sifarişçinin iştirakı ilə keçib. Nəqliyyat vasitəsi 2 min 450 manat təklif edən iştirakçı tərəfindən özəlləşdirilib. Keçirilən hərracların nəticələri ilə tanış olmaq istəyən şəxslər Özəlləşmə portalına (privatization.az) daxil ola bilər.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyunun 25-də keçiriləcək. Həmin hərraca 37 nəqliyyat vasitəsi çıxarılıb. İstehsal tarixləri 1996-2010-cu illər olan avtomobillər “Mercedes”, “Renault”, “Fiat” və digər markalara aiddir. Dövlət əmlakları üzrə seçim etmək və hərracda iştirak statusu qazanmaq üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.