• 19 Sentyabr 2020
logo
Azərbaycanda mobil və sabit internetin sürəti artıb

Azərbaycanda mobil və sabit internetin sürəti artıb

Bu ilin iyun ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 30,99 Mbit/s-ə təşkil edib. "APA-Economics" "Ookla"nın "Speedtest Global Index"inə istinadən verdiyi məlumata görə, bu göstərici may ayı ilə müqayisədə 4,3% artıb.

İyunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti may ayının göstəricisi ilə müqayisədə 0,6% azalaraq 13,79 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 34,67 Mbit/s və 11,01 Mbit/s təşkil edib.

İyun ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında bir pillə irəliləyərək 64-cü yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (110,10 Mbit/s), BƏƏ (107,53 Mbit/s) və Çin (103,67 Mbit/s) daxil olub.

Reytinqə əsasən, iyun ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 21,24 Mbit/s, çıxış sürəti isə 22,87 Mbit/s təşkil edib. Bu göstəricilər may ayı ilə müqayisədə müvafiq olaraq 2 və 2,7% artıb.

Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan iyun ayının yekunlarına görə bir pillə geriləyərək 115-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (208,16 Mbit/s), Honkonq (192,09 Mbit/s) və Tailand (171,36 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 78,26 Mbit/s və 42,06 Mbit/s olub.