• 17 Aprel 2024
logo
“Üzən günəş enerji sistemlərinin inkişafı” layihəsi müzakirə edilib

“Üzən günəş enerji sistemlərinin inkişafı” layihəsi müzakirə edilib

Sabunçuda Asiya İnkişaf Bankı, Azərbaycan Respublikası Energetika Nazirliyi, “Təmiz Şəhər” ASC, “Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC-nin, Sabunçu Rayon İcra Hakimiyyəti, bələdiyyələr və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə “Üzən günəş enerji sistemlərinin inkişafı” layihəsinin müzakirəsi keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, layihənin ətraf mühitә təsirinin ilkin qiymәtlәndirilmәsi ilə əlaqədar keçirilən müzakirədə Böyükşor gölü üzərində üzən günəş enerji sisteminin reallaşdırılması çərçivəsində görülən işlər, üzən günəş panelləri və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar verilib, rəy və təkliflər dinlənilib.
Bildirilib ki, günəş fotovoltaik texnologiyları üzrə bu ilk layihə bu sahədə bilik və bacarıqları formalaşdırmaqla ölkənin ümumi enerji istehsalında müxtəlif bərpa olunan enerji mənbələrinin rolunu artırmağa, enerji təhlükəsizliyinin təminatına və ətraf mühitə atılan istixana qazlarının miqdarını azaltmağa töhfə verəcək.
Qeyd olunub ki, pilot layihәnin bütün infrasturktur elementlәrinin әtraf mühit baxımdan tәsirlәri AİB-in Təhlükəsizlik Siyasətinin Maddələrinin tәlәblәrinә uyğun qiymәtlәndirilib. Bu qiymәtlәndirmәyә görә, layihәnin әtraf mühitә heç bir mәnfi tәsiri olmayacaq. Әtraf mühit baxımdan layihәnin hәyata keçirilmәsini tәmin etmәk üçün institsional hüquqi baza işlәnib hazırlanıb. Әtraf Mühitin Monitorinq Planına uyğun olaraq bütün tikinti vә istismar fәaliyyәtinin monitorinqi aparılacaq. Eyni zamanda, layihənin enerji tәchizatının yaxşılaşdırılması və yerli əhalinin işlə təminatı kimi sosial-iqtisadi faydaları da diqqətə çatdırılıb.
Qeyd edək ki, 100 kVt gücә malik üzən günəş panelinin quraşdırılmasını nəzərdə tutan pilot layihə AİB-in maliyyə dəstəyi ilə məsləhətçi qismində İspaniya şirkəti EQO-NİXUS və yerli Azərbaycan şirkəti “AEEK” MMC tərəfindən icra edilir. Layihənin icra qurumu qismində isə Energetika Nazirliyi çıxış edir.
Layihə Azərbaycanla yanaşı, Əfqanıstan və Qırğızıstanda da həyata keçirilir. Layihəyə bu ölkələrdə pilot üzən günəş qurğularının quraşdırılması və daha böyuk ölçüdə qurğuların qiymətləndirilməsinin aparılması, özəl sektorun iştirakı üçün biznes modellərinin işlənilməsi və üzən günəş fotovoltaik sistemlərinin layihələndirilməsi, tikintisi və istismarı üzrə əlaqədar qurumların potensialının artırılması daxildir.