• 26 Yanvar 2021
logo
Gerçəyin inkarı

Gerçəyin inkarı

Sosial şəbəkələr hər kəsə öz düşüncəsini daha asan, daha əlçatan bir şəkildə başqalarına çatdırmaq imkanı yaradıb, şübhəsiz. Və təbii ki, hər kəs öz bacarığına, düşüncə və həyat tərzinə, mədəni səviyyəsinə, intellektinə görə bi imkandan yararlanmağa çalışır...
Bu yazımda sosial şəbəkələrin yaranmasında rol oynayan gesiyasi və geoiqtisadi amillərdən, informasiya təhlükəsizliyi kimi amillərdən söz açmayacağam. Məqsədim başqadır. Digər tərəfdən, zaman keçdikcə yeni informasiya və kommunikasiya texnologiyalarının sosial şəbəkələrin effektivliyini qismən də olsa azaldacağına, bəşəriyyətin virtual reallıqlardan doyacağına və yaxud bu reallıqları gerçək həyatla sintez edərək daha uğurlu mexanizmlər kəşf edəcəyinə, qlobal informasiya “dünya”sının hüquqi müstəvidə subregional, regional və milli informasiya məkanlarına bölünəcəyinə şübhə etmirəm. Çünki real həyatın virtual həyatla paralel inkişafı və birgəyaşayışı üçün başqa alternativlərin olmadığı qənaətindəyəm.
İndi gələk mətləbə... Musiqisi böyük muğam ustadımız Əlibaba Məmmədova, sözləri isə Əliağa Vahidə aid olan “Vətən yaxşıdır” təsnifini illərdir ki, dinləyirəm və çox sevirəm. Vətən sevdalısı şəhidimiz Xudayarın ifasından sonra, bu təsnifi hər kəs dinləməyə başladı... Çünki Xudayarın gerçək Vətən sevgisi, fədakarlığı, şəhadəti bu təsnifin real hekayəsini yaratdı.. Əlibaba Məmmədov həm də bu amili nəzərə alaraq həmmüəllifi və ilk ifaçısı oldiğu təsnifin adını dəyişdirib “Xudayar təsnifi” adlandırdı. Çox gözəl!
Gerçək, səmimi, boyasız, mübaliğəsiz hekayəsi olan əsərlər hər zaman daha çox sevilir və bu da təbii qəbul olunmalıdır.
...Bir neçə gün öncə səsini və ifasının təbiiliyini, özünəməxsusluğunu sevdiyim Çinarə Məlikzadənin Xudayarın timsalında bütün şəhidlərimizin əziz xatirəsini yad edərək səsləndirdiyi “Vətən yaxşıdır” təsnifini paylaşmışdım (Mən paylaşdığım zaman təsnifin adı hələ dəyişdirilməmişdi). Qısa bir zaman ərzində 200-ə yaxın təkrar paylaşım oldu. Təqdir edənlər də, etirazını bildirənlər də tapıldı. Amma təbii ki, etik normalar çərçivəsində. Bu etirazlardan yol alaraq, təsniflə bağlı sosial şəbəkələrdə kiçik bir araşdırma apardım və şahidi olduğum mənzərə məni sözün bütün mənalarında hetrətləndirdi... Təsəvvür edin, minlərlə insan hətta mahnının müəllifinin ifasının altında sərt və imperativ şəkildə “Bu mahnını daha heç kim oxumasın” yazmışdılar. Daha kəskin ifadələri təkrarlamağı özümə yaraşdırmıram.
Təsnifin müəllifi və ilk ifaçısı Əlibaba Məmmədov, ona yenidən həyat verən, öz ifası və şəhadəti ilə Vətən sevgisinin gerçək hekayəsini yaradan Xudayar... Bəs siz kimsiniz? Necə yəni oxumasınlar? Bu nə təfəkkürdür, nə yanaşmadır? Siz kimsiniz ki, müəllifi, ifaçısı bəlli olan bir əsər haqqında hökm çıxarırsınız? Bu bilirsiniz nəyə bənzəyir? Ordumizin rəşadəti, şəhid və qazilərimizin qanı bahasına əzəli yurd yerlərimizdən iti qovan kimi qovulan ermənilərin Qarabağ haqqında “hökm çıxarmalarına”, “azərbaycanlılar Qarabağa qayıtmasın” demələrinə...
Azərbaycanlı, türk təfəkküründə gerçəyin inkarı yoxdur. Linçetmə millət olaraq bizim düşüncəmizə, əxlaqımıza yad xüsusiyyətdir.
Əksinə, bu təsnifin və milli musiqimizin digər gözəl nümunələrinin daha çox, həm də yüksək peşəkarlıqla ifa olunmasına çalışmaq lazımdır. Heç yüksək peşəkarlıqla da olmasın, ürəyindən keçən hər kəs zümzümə etsin... Hər notda, hər hecada, hər sözdə Xudayarla yanaşı şəhidlərimiz xatırlansın.
İnsanların milli ruha köklənməsi üçün isə milli musiqidən qüdrətli heç nə yoxdur.
Onu da qeyd edim ki, əslində “Xudayar təsnifi” ilə bağlı yazdıqlarım sosial şəbəkələri başına götürən linçetmə kampaniyalarının ən səmimisi haqqındadır. Təsniflə bağlı məsələ çox ağır, çox ciddi bir problemə yol almağım üçün, sadəcə vəsilə oldu. Əgər daha yaxşı bir cəmiyyət qurmaq istəyiriksə, o zaman linç etməkdən, hökm kəsməkdən... əl çəkməliyik.
P.S. Şəhidlərimizin xatirəsi də Vətən kimdir – onu heç kimi bölə, parçalaya, özününküləşdirə bilməz!

Elçin Mirzəbəyli