• 19 Mart 2024
logo
Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı

Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı

Kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur
1-ci yazı
“İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı Güney Azərbaycanın görkəmli tarixçi alimi, mərhum Səməd Sərdariniyanın əsərlərindəndir. Kitabda İrəvanın ən qədim dövrlərdən XX əsrin əvvəlinə qədər keçdiyi tarixi dövrlər, elm və mədəniyyəti, türk mənşəli tarixi abidələri geniş aspektdə şərh edilir. Kitabda İrəvan tarixən Azərbaycan müsəlman türklərinə mənsub olan bir bölgə kimi zəngin faktlar və sənədlər əsasında təqdim edilir. Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Kitabı fars dilindən tərcümə edən İbrahim Quliyev, elmi redaktorlar Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə redaktorlar Məsiağa Məhəmmədi, Şahnisə Rüstəmovadır (Bakı, “Zərdabi” nəşriyyatı, 2014).
Ön sözün müəllifi Əkrəm Rəimli yazır ki, müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir: “Görkəmli ensiklopedik alim Cavad Heyətin başçılıq etdiyi “Varlıq” dərgisinin nadir sayı ola bilər ki, orada S.Sərdariniyanın yazısına rast gəlinməsin. Tədqiqatçı Esmira Şükürovanın yazdığı kimi, Sərdariniya bir institutun gördüyü iş qədər elmi irs qoyub gedib. Bu məhsuldar, zəhmətkeş alimin Güney Azərbaycan tarixşünaslığındakı xidmətlərindən danışarkən belə bir cəhəti vurğulamaq lazımdır ki, onun qələmindən çıxan bütün yazılar ancaq doğma vətənin - Azərbaycanın tarixinə və mədəniyyətinə həsr edilib. Haqqında söhbət açacağımız “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı böyük alimin apardığı tədqiqatlardan bir yarpaqdır.
Məlum olduğu kimi, tarixən azərbaycanlılar qonşularına mehriban və xoş münasibəti ilə seçilmişlər. Özünün əzəli, əbədi və qədim ərazisində yaxşılığa yamanlıqla cavab verən ermənilərə də sığınacaq vermək, onlara yaxşı münasibət bəsləmək xalqımızın humanizmi ilə bağlı olub”.
Ermənilər Yaxın və Orta Şərqdə, xüsusən Azərbaycan və Türkiyə ərazisində özlərinə “məzlum bir xalq” kimi sığınacaq tapmışlar. Sonra isə başqalarının ərazisində dövlət yaratmaq istəyən ermənilər XVIII əsrdən üzü bəri Rusiyanın timsalında özünə arxa tapıb Azərbaycan torpaqlarının işğalına başlamışlar. Rusiya imperatoru I Pyotrun (1682-1725) Azərbaycanı, Türkiyəni, İranı işğal edib Fars körfəzinin isti sularına çıxmaq haqda arzusuna söykənən ermənilər 1722-ci ildə bu ərazilərdə özünə “Böyük Ermənistan dövləti” yaratmaq xülyası ilə I Pyotrun qəbulunda olmuş, “Şərq yürüşündə” ermənilərin canla-başla rus ordusunun və kəşfiyyatının xidmətində olacağına sədaqətlə söz vermişlər: “Həmin tarixdən bu günə qədər ermənilər qonşu müsəlman torpaqlarını işğal etməklə, özgəsinin ərazisində yaşayıb ona arxadan zərbə vurmaqla, xəyanət və satqınlıqla Rusiyaya verdikləri vədə sadiq qalmışlar.
Ermənilərin azərbaycanlılara qarşı xəyanətlə dolu xidmətləri rus çarizmi tərəfindən əvəzsiz qalmayıb, Türkmənçay müqaviləsindən sonra xalqımıza məxsus İrəvan əyaləti və onun ətrafı etnik təmizləmə aparılaraq ermənilərə verilib. Bu haqda Güney Azərbaycanın tanınmış tarixçi-alimi mərhum Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında iyirmi yeddi başlıq altında şərh olunur.
Vaxtilə Səfəvi hökmdarı Şah İsmayıl Səfəvi ana vətənin bu yerlərini gəzib Göyçə gölü ətrafında bir neçə gün istirahət edib və ölkənin paytaxtını Təbrizdən bura köçürmək haqda fikir söyləyib: “Doktor S.Sərdariniyanın kitabında Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın çarizmin əsarətinə düşməsindən sonra ermənilərə bu bölgədə yaradılmış şərait, verilmiş imtiyazlar açıqlanır. Kitabda gedən məlumatlarda göstərilir ki, çar Rusiyası İrəvan və onun ətrafındakı əyalət və yaşayış məntəqələrinin statistikası və demoqrafik vəziyyəti haqda məlumatları tərtib edib mərkəzə çatdırmaq məqsədilə İvan Şopen adlı məmuru bir heyətlə İrəvana göndərir. Müəllif Şopenin başçılığı ilə tərtib edilmiş statistikada Türkmənçay müqaviləsindən sonrakı vəziyyəti belə şərh edib: “Ermənilərin arzusu ilə ruslar İrəvan mahalını və onun ətrafındakı dörd xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib türkləri oradan köçməyə məcbur etmişlər. Torpaq və əmlaklar gəlmə ermənilər arasında bölünüb”. İrəvanda yaşayan əhalinin 143 000 nəfərdən 117 849 nəfəri azərbaycanlıdan (Azərbaycan türkündən – red.), cəmi 25 151 nəfəri gəlmə ermənilərdən ibarət olub. 1828-1832-ci illərdə İrəvandakı azərbaycanlıların sayı 100 000 nəfər azaldığı halda, ermənilərin sayı gəlmələrin hesabına 82 377 nəfər artıb. Müəllif kitabında Qahirədə çıxan “Hikmət” qəzetindən belə bir məlumatı nəql edir ki, 1904-cü ildə Qafqazda 3 208 875 nəfər müsəlman yaşamış və bunların da 352 351 nəfəri İrəvanda məskunlaşmış azərbaycanlı olub. O dövrdə rus məmurlarının yazılı məlumatlarına əsasən, XIX əsrin 30-cu illərində İrəvan sakinlərinin 80%-dən çoxu müsəlman türklərdən ibarət olub. Halbuki sonrakı illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı nəticəsində onların sayı azalmış və bu zorakılıq onları İrəvandan digər bölgəyə köçməyə məcbur edib. Müəllif yazır ki, tarixən yerli xalq hesab olunan Qarapapaqlar tayfası onlara qarşı tətbiq olunan zorakılığa tab gətirməyib Güney Azərbaycanın Urmiya əyaləti ətrafına köçmüşlər.
6 böyük məscidi, 50 savadlı ali müsəlman ruhanisi olan və 1807 azərbaycanlı ailəsinin yaşadığı İrəvan şəhəri XIX əsrin sonunda erməni şəhərinə çevrilib. Halbuki bu şəhərin iqtisadi, mədəni, elmi inkişafında həmin şəhərin sahibi olan azərbaycanlıların böyük xidməti olub. İrəvanda 1883-cü ildə dünyəvi istiqamətli ilk məktəbi təşkil edən, Güney Azərbaycan “maarifinin atası”, “Ana dili” adlı ilk türkcə dərsliyin müəllifi Mirzə Həsən Rüşdiyyənin, ilk pedaqoji gimnaziyanı təşkil edən Mirzə Kazım, Firidun bəy Köçərli, Mirzə Cabbar Bağçaban, Sərraf Rəşidi, Hacı Mirzə Ağasi, Hacı Şeyx Həsən, Məhəmməd Nadim, İbrahim Münşizadə, Mirzə Abdullah İrəvani, Mir Bağır İrəvani, Hacı Mirzəli İrəvani, Hacı Mirzə Əbdülkərim və başqa onlarca din, elm, mədəniyyət xadimlərinin adları İrəvanın XIX əsrin sonu XX əsrin əvvəllərindəki tarixində iftixarla qeyd olunub”.
Azərbaycan mədəniyyətinin tanınmış simalarından olan Firidun bəy Köçərli öz xatirələrində M.K.Əsgərzadənin pedaqoji fəaliyyətinə yüksək qiymət verərkən yazır ki, “...Mirzə Kazımın təşkil etdiyi məktəb cümlə İrəvan əhlinin rəğbətini kəsb etmişdi”.
XX əsrin əvvəllərində İrəvanda və bütün Qərbi Azərbaycanda anti-müsəlman, anti-türk təbliğatının şiddətlənməsi, erməni zorakılığı və özbaşınalığının artması yerli əhalinin İrəvandan kütləvi şəkildə didərgin düşməsi ilə nəticələnib. XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi “dənizdən-dənizə böyük Ermənistan” haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi: “Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü”.
Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır: “Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilib. İranda qondarma “erməni soyqırımına” aid onlarla yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır”.
S.Sərdariniya yazır ki, hal-hazırda Ermənistanın paytaxtı və əhalisi ermənilərdən ibarət olan bir şəhər kimi tanınan İrəvan əsrlər boyu təkcə Azərbaycanın vilayətlərindən biri və müsəlman sakinli şəhər kimi deyil, həm də yadellilər qarşısında möhkəm qala hesab olunurdu. Belə ki, İran-Rusiya müharibələri zamanı şəhər əhalisi çar qoşunlarına qarşı müqavimət gostərərək onların qarşısını almışdı. İrəvan müsəlmanlarının bu kimi rəşadət və şücaətinə baxmayaraq, başqa səbəblərdən, o cümlədən ermənilərin xəyanəti nəticəsində İran-rus müharibələri İranın məğlubiyyəti ilə başa çatdı. Arazın o biri tayındakı 17 vilayət rusların işğalına məruz qaldı. Həmin tarixdən bu müsəlman sakinli vilayətin erməniləşdirilməsi siyasətinə başlanıldı. Ruslar İrəvan əhalisinin ermənilərin xeyrinə və onların məqsədlərinə uyğun olaraq erməniləşdirilməsi üçün hazırlığa başladılar.
Qafqazın işğalı üçün ermənilərin ruslarla gizli planı və əməkdaşlığı böyük Pyotr dövründən başlamış, onun xələflərinin hakimiyyəti, o cümlədən II Yekaterina dövründə də davam etmişdir. Nəhayət, İran-Rusiya müharibələri zamanı çarizm öz məqsədlərinə nail olmuşdur. Ermənilərlə rusların əməkdaşlığı sayəsində Arazın o tayındakı (şimalındakı - tərcüməçi) torpaqlarımız həmişəlik Rusiyanın təsir dairəsinə salınmış oldu.
Elçin Qaliboğlu