Ukraynada davam edən müharibə artıq geosiyasi mahiyyətinin ən təhlükəli məqamına yaxınlaşır. Rusiya və NATO qarşıdurması de-fakto qapalı davam etsə də, indi elə məqam yaranıb ki, qarşıdurma açıq fazaya keçib. Tərəflər planlarını gözləmədən açıq şəkildə elan edirlər. NATO ölkələrinin silahları artıq Rusiyanın ərazisini vurursa, Rusiya nüvə silahı ilə onları hədələməyə davam edir. NATO isə davamlı olaraq Ukraynanı bir üst mərtəbə silah sistemləri, raketlərlə təmin etməklə Rusiyanın qırmızı cizgilərini zorlamağa davam edir. Görünən odur ki, sinir müharibəsi real müharibəni üstələyir.
Bunu politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib.
Onun fikrincə, Rusiyanın sinirləri davamlı olaraq bir üst pərdədən sınağa çəkilir. Rusiya küncə sıxışdırılır, sanki nüvə tətbiqinə zorlanır. Rusiya isə düşdüyü çıxılmaz durumun əsirinə çevrilir. Geriyə yol olmadığını, ancaq irəliyə də yolun olmadığını anlayır. Gücünün son həddində olduğunu anlasa da, tarixi şəraitin mürəkkəbliyi və həllediciliyi Rusiyanı axıra kimi oynamağa məcbur edir. Rusiya məğlub olsa, yeni dünya düzəni Rusiyanın son üç əsrlik imperiya tarixinin üstündən xətt çəkəcək, beynəlxalq güc və aktor kimi söz sahibliyindən məhrum edəcəkdir. Rusiya isə bu ideoloji silahsız yaşaya bilməz. Rusiya ona görə ərazicə böyük qalmağı bacarıb ki, onun xalqlarının mentalitetinə imperiya düşüncəsi hakim kəsilib. Rus xalqı, daha doğrusu hakimiyyəti üçün bu ideya dövlətin iriliyini saxlamaq üçündürsə, xalqın güzəranının qənaətbəxş olmamasını bununla əlaqələndirmək, ideoloji olaraq onlara mənəvi qida vermək üçündürsə, bu imperiya daxilində yaşayan qeyri rus xalqları üçün əvvəla böyük və güclü dövlətin bir subyekti kimi özlərini ovundurmaq, digər tərəfdən isə imperiya sayılan dövlətlə baş etməyin mümkünsüzlüyünü özlərinə təlqin etməklə burda yaşamağa məhkum olduqlarına özlərini inandırmaq üçündür: “Ancaq Rusiyanın məğlubiyyəti hər iki stereotipin qırılması, sanki "şüşə qabdakı cinin" buraxılması kimi bir şeydir. Bir sözlə, Rusiya məğlub ola bilməyəcəyini yaxşı başa düşür. Bunun nəticələrini də bilir, həmçinin "nüvə dövləti məğlub ola bilməz" stereotipinin də fərqindədir. Nüvə silahına sahib olmağın mahiyyəti ondadır ki, səni məğlub edə bilməsinlər. Bu, nüvə silahına sahib olan ölkələrin bir uydurması, yoxsa gerçəyidirsə, bu silaha sahib olmayan dövlətlərin açıq və ya gizli istəkləri, arzusudur. Böyük və sayılan olmağın yolunun nüvə silahına sahib olmaqdan keçdiyi gerçəyinin təzahürüdür. Amma bu belədirmi? Nüvə silahı həqiqətən böyük və güclünün statusunu qoruyur? Onu toxunulmaz edir? Təcrübə göstərdi ki, yox. Sovet İttifaqının dağılması buna sübutdur. Ölkə əgər süni bağlarla bir-birinə bağlanan subyektlərdən təşkil edilibsə və bu subyektlər bundan narazıdırsa, gec-tez həmin quruluş dağılmağa məhkumdur. Sadəcə, məqamı var və tarixi şərait yetişməli və ya yetişdirilməlidir.
Ya səhv siyasət sayəsində öz səhvindən, ya kənardan süni şəkildə. Rusiya da bu səhvi artıq edib. Ukraynaya işğal cəhdinə girişib və bataqlığa düşüb. Sovet İttifaqının Əfqanıstan bataqlığına düşdüyü kimi, hansıki nəticəsi hər kəsə bəllidir. Rusiya isə Əfqanıstandan daha böyük və dərin bataqlığa özünü salıb. Müharibəni öz əli ilə öz ərazisinə gətirib. Müharibə yara kimi Rusiyanın bütün bətninə yayılır. Həm hərbi olaraq, həm də mənəvi olaraq. Rusiyanın qeyd etdiyimiz ideologiyası çökür. Rusiya toxunulmazlıq statusunu itirir. Artıq Avropanın kiçik ölkələri NATO-ya güvənib Rusiyaya meydan oxuyur, Rusiyanın imici ilə oynayır, Rusiyanı mənəvi və hərbi olaraq kiçik düşürürlər. Rusiya isə bunun cavabını ancaq hələlik sözlə, bəyanatla verir. Real şəkildə əməli şəkildə vermir, verməyə də gücünün olmadığını başa düşür. Putin etiraf edir ki, Rusiya və NATO-nun gücünün eyni olmadığını anlayırlar və Rusiyanın heç bir NATO ölkəsinə hücum etmək planı və ya fikri yoxdur. Rusiya isə buna baxmayaraq NATO tərəfindən təhrik edilməyə davam edilir. Rusiyanın belə bir fikrinin olduğu qeyd edilir, Ukrayna müharibəsi uduzulsa, Rusiyanın daha çox ərazilər ələ keçirməyə cəhd edəcəyi deyilir. Odur ki, Ukraynaya sonuna kimi dəstək olunmasının vacibliyi vurğulanır. Hesab etmək olar ki, bu, doğru təsbittir və Rusiyanın qələbə çalmasına və ya qələbəyə bərabər uğur əldə etməsinə imkan verməyəcəklər”.
A.Qasımovun fikrincə, məsələlərə nəzəri olaraq ümumi şəkildə qiymət verdikdən sonra geosiyasi oyunlar fonunda supergüclərin maraqlarının təsir dairələri, qarşılıqlı oyunları, açıq və ya gizli anlaşmaları, konspirativ nəzəriyyələr nə qədər əhəmiyyət kəsb edir, rol oynayır fikirləri də vacib məsələrdir. Həqiqətənmi Qərb alyansı Rusiyanın tam məğlubiyyətini planlayır, Rusiyanın nüvə təhdidinin əsası varmı, Ukraynanın bu müharibədən necə çıxacağı maraq doğuran suallar arasındadır: “İlk növbədə onu qeyd etmək yerinə düşər ki, NATO-nun Rusiyanın gələcəyini planlaması anlayışı yanlışdır və NATO bu imkana sahib deyildir. NATO sadəcə bu məsələdə Rusiyanın taleyini idarə edə bilər, yəni Rusiyanın başına gələcək hadisələri sürətləndirə, ya da ləngidə bilər, amma Rusiyanın bunda istəmədən də olsa buna şərait yaratması ilə. Rusların bir misalı vardlr: " Boğilanın qurtarılması boğulanın öz işidir". İndi belə bir durumda Rusiya əgər boğulmaq istəyəcəksə, bilmədən də olsa, bunun qarşısını kimsə ala bilməyəcək, hansıki Rusiya bu yolla gedir. Yox, boğulmaq istəməyib, yarı yoldan dönəcəksə, yenə də özü-özünü xilas edəcək.
Rusiya təbii ki, nüvə silahı işlətməsini adı oyun və ya hal səviyyəsinə endirməyəcək, yəni günü sabah NATO-ya hirslənib, Ukraynaya nüvə bombası atmayacaq. Rusiya özünü necə deyərlər əsl dövlət hesab edir və hesab etmək olar ki, bu, həqiqətən də belədir, çünki bu, hamının işinə yarayır, odur ki, Rusiya nüvə silahı işlətməzdən əvvəl yüz ölçüb, bir biçəcək. Bunun nəticə və ehtimallarını hərtərəfli hesablayacaq. Yox, əgər nüvə silahı işlədəcəksə, bu, müasir insanlıq tarixinin və taleyinin həlledici məqamı olacaq. Bu, o demək deyildir ki, dünya bundan sonra məhv olacaq. Böyük ehtimalla, hesab edirəm ki, bundan sonra, yəni Rusiya Ukraynada nüvə silahı işlədərsə, müharibə dərhal dayanacaq”.
Politoloq qeyd edib ki, NATO buna heç bir cavab verməyəcək. Dünya bir çox on illər düşmən qütblərə bölünərək gərginliyə qərq olacaq. İnsanlıq tarixində yeni qara səhifə açılacaq və proseslər artan, amma idarə olunan gərginliklə davam edəcək. Təbii ki, Rusiyanın başında Putin əbədi qalmayacaq. Sonrakı proseslər Putinin sələflərinin siyasətindən çox asılı olacaq, amma rus və Ukrayna xalqlarının düşmənçiliyi axirətə kimi davam edəcək. Prosesə bu nöqtədən baxaraq hadisələri geri döndırsək, nə Rusiya, nə Ukrayna, nə də Qərb hesab etmək olar ki, belə bir gələcəyi istəməz. Odur ki, ən gərgin anda belə bu nəticəni gözə alıb qərar verəcəklər.
Ukrayna təbii ki, bu proseslərin zəif bəndi, idarə olunan, məhkum olunan, əziyyət çəkən və çıxılmaz vəziyyətdə olan ölkəsidir. Ukraynanın başına belə hadisələrin gəlməsini istəməsi mümkün deyildir. Ukrayna xalqı öz taleyini özü istədiyi kimi yaşamaq istəyib. Amma Rusiya buna qənaət gətirib ki, Ukrayna buna təkbaşına qərar verə bilməz və Rusiya da bu proseslərdə söz sahibidir və onun maraqları da burda əhəmiyyəti rol oynayır. İndi burda kimin haqlı, ya haqsız olmasını müzakirə etmək gecdir. Tərəflər özlərinə haqlı olacaq məqamları çoxdan özləri üçün hasil ediblər ki, bu müharibə başlayıb və üçüncü ilinə qanlı və dağıdıcı olaraq addım-addım irəliləyir. Ukrayna haqlı mövqeyini müdafiə edə biləcək durumda deyil. Rusiyanın da bu mövqeyi dəstəkləyəcək halı yoxdur, yoxsa bu müharibəyə heç başlamazdı. İndi bəs nə olacaq? Nə irəliyə yol var, geriyə isə körpülər çoxdan yandırılıb: “Fikrimcə, tək yol hər iki
tərəf üçün sona kimi getməkdir. Təbii ki, nüvə müharibəsini nəzərdə tutmadan. Müharibələr həmişə olub, olur, yenə də olacaq. Daimi davam edən müharibə də yoxdur. Bir gün nəticədə tərəflərdən biri ya məğlub olduğunu anlayır, ya da həqiqətən məğlub edilir. Bununla da müharibə başa çatır. Məğlub olan tərəfin kimin olacağına qənaət gətirmədən ümumi şəkildə tərəflərdən birinin məğlub olması həqiqətən də müharibəni dayandıracaq. Bu, sadə məntiqdir. Bu, ola bilsin ki, Rusiyanın iqtisadi olaraq çökməsi nəticəsində baş versin, ya Ukraynaya yardımların kəsilməsi durumunda baş versin, amma günün birində olacağı şübhəsizdir. Tərəflər onsuz da çox uduzublar. Müharibə davam etdikcə də uduzmağa davam edəcəklər. Udzmağın da limiti var. Sonsuza qədər uduza bilməsən. Uduzduqca tükənirsən. Nəhayətində bir gün hər şeyin sonu çatır. İndi bu müharibədə kimin tükınəcəyini dəqiq proqnoz etmək çətin olsa da, güc nisbəti, ayaqda qalmaq istəyi və bunu dərk edərək, bəlkə də tərəflərin hər ikisi ortaq məxrəcə gələ bilərək, daha da tükənməkdən bezib, ya anlayıb dayanacaqlar, onda deyə biləcəyik ki, hər iki xalq müdriklik göstərdi. Onda bir-birilərini məhv etməyin heç nəyi dəyişməyəcəyini anlayaraq güzəştə gedəcəkləri günü görəcəyik”.
A.Qasımov onu da deyib ki, müharibə uzandıqca Rusiya daha mürəkkəb oyunların içərisinə sürüklənir. Dağıstanda törədilən terror aktı buna misaldır. Rusiyanın xaricdən zərbə almasının mümkünsüz olduğu gerçəyi bütün beynəlxalq aktorlara bəllidir. Amma Rusiyanın zəif yeri daxilidir, xüsusən də, Şimali Qafqaz bölgəsi.
Terror qruplarının xarici ölkələrin təhlükəsizlik orqanlarına bağlı olduğu məlum həqiqətdir. Bu baxımdan Dağıstanda baş verən terror hadisəsini əminliklə demək olar ki, xarici kəşfiyyat orqanları təşkil edib. Burda İŞİD-in üslubu hiss olunur. İŞİD-in də hansı dövlət tərəfindən yaradıldığı bəllidir. Görünən odur ki, Rusiya indi də din təəssübkeşliyi üzərindən vurulmaq istənilir. Bu, çox təhlükəli metoddur və yaranacaq qarşıdurmanın qarşısını almaq çətin və mümkünsüz məsələdir.
Ukrayna müharibəsi fonunda Rusiyada bu kimi terror hücumlarının olacağı həmişə proqnoz edilirdi, hansıki buna çoxdan start verilib. Moskvadakı terror aktı buna misaldır. Hesab etmək olar ki, bu proses artan xətt üzrə davam edəcək.
Şimali Qafqaz hər zaman Rusiyanın qaynar və gərgin nöqtəsi kimi partlamaya hazır olan potensialını saxlayıb. İndi burda terror hücumu törətməyin də məqsədi bu gərginliyi artırmaqdır. Təbii ki, Rusiya təhlükəsizlik gücləri bu kimi hadisələrin qarşısını almaq gücündədir. Amma bu, əlavə silahlı qüvvə, vəsait və s. amillər deməkdir ki, Ukrayna ilə müharibə fonunda Rusiya üçün bu problem yaradır. Təbii ki, belə hadisələr Rusiyada ciddi dəyişikliklər edə bilməz, amma hər belə bir hadisə Rusiyanın istər daxilində, istərsə də xaricində imicindən nəsə götürür. Ölkə daxilində vətəndaşların həm dövlətə, hakimiyyətə inamını azaldır, həm də gələcəyə olan ümidlərini qırır ki, bu da Ukrayna müharibəsi zamanı Rusiyaya lazım olmayan ən başlıca amildir. Hesab edirəm ki, Rusiya bütün hadisələrdən nəticə çıxarmağı bacarır, eyni zamanda, öz gücünün də sərhədlərini yaxşı bilir. Harda dayanmaq lazım olduğunu da, nəticə nə olursa-olsun.
Cavid