• 27 Avqust 2026
logo
Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...

Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında gələn həftə Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində görüş gözlənilir. Görüşün Ermənistan tərəfinin təşəbbüsü ilə baş tuta biləcəyi barədə məlumatlar isə bu ehtimalı daha da maraqlı edir.

Məsələ ondadır ki, Moskva ilə İrəvan arasında münasibətlər son illərdə ciddi şəkildə soyuyub. Paşinyan hakimiyyətinin Rusiyadan siyasi və təhlükəsizlik baxımından uzaqlaşması, Qərblə münasibətləri genişləndirməsi və Ermənistanın xarici siyasətində yeni istiqamətlər axtarması Kreml-İrəvan xəttində gərginliyi artırıb.

Bu fonda Putinin Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə hələ də təbrik etməməsi də diqqətdən yayınmır. Əgər görüş Ermənistanın təşəbbüsü ilə keçirilərsə, bu, İrəvanın Moskva ilə münasibətlərdə müəyyən dialoq kanallarını yenidən açmaq cəhdi olacaq. Xüsusilə, Rusiyaya yaxınlığı ilə seçilən sabiq prezident Robert Köçəryanın həbs edilməsi, digər keçmiş prezident Serj Sərkisyana da cinayət işinin açılması fonunda görüşə maraq daha da artır.

Paşinyan Putinlə görüşdə hansı mesajları verməyə hazırlaşır? Kreml sahibi baş naziri seçkilərdəki qələbəsi münasibətilə niyə hələ də təbrik etməyib? Putin Köçəryanın həbsinin hesabını soracaqmı?

ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a bildirib:

“Belə fikirlər var ki, Paşinyanın 2 gün bundan qabaq keçmiş prezident Köçəryan və onun oğlunu həbs etdirməsi, həmçinin keçmiş prezident Sərkisyanın həbsinə hazırlıq işinin aparılması Paşinyanla Rusiya arasında münasibətlərin kəskinkəşməsinə və pozulmasına gətirib çıxaracaq. Bu, qətiyyən belə deyil. Sadəcə olaraq Paşinyan Putinə demək istəyir ki, Ermənistanda Rusiyanın maraqlarına cavab verəcək başqa qüvvələrə ehtiyac yoxdur, nə lazımdırsa, mən edəcəm. Həmçinin də Paşinyan bununla Rusiyaya mesaj verir: "Məndən öz maraqlarınız üçün yararlanırsınız, eyni zamanda Köçəryanı mənə qarşı təzyiq vasitəsi kimi saxlayırsınız, buna ehtiyac yoxdur".

Bilirik ki, Ermənistan cəmiyyəti Köçəryanı, Sərkisyanı korrupsiyaya bulaşmış şəxslər kimi tanıyır. Onların hər ikisi hərbi və bəşəri cinayətlərə görə məhkum olunmalıdırlar. Azərbaycan Ermənistandan bu cinayətkarları tələb etməlidir. Allah cəzalarını verir, amma biz özümüz onları cəzalandırsaydıq, daha yaxşı olardı. Paşinyan hal hazırda çox məharətlə oyun oynayır. Amma bir gün bu oyunların sonu olacaq. Paşinyan həm də indiki həbslərlə bağlı Qərbə deyə bilər ki, mənə parlamentdə referenduma getməklə bağlı qərar qəbul etdirmək üçün əlavə 6-7 səs lazımdır, qarşı tərəfdə olanları qorxuduram və təzyiq nəticəsində oradan 6-7 səs ala biləcəyəm. Paşinyan ilin sonuna qədər Konstitusiya layihəsini ictimaiyyətə açıqlamalıdır. Amma sonra məsələ parlamentə gəlməlidir. Onu da qeyd edim ki, Amerika Ermənistanda Aİ texnologiyalı mərkəzlər qurur. Səhv etmirəmsə, söhbət 1 milyard 500 milyon dollardan gedir. Orada bir çox startaplar maliyyələşdiriləcək, bir çox işlər görüləcək.

Uzun müddətdir müəyyən dairələr bu istiqamətdə fəaliyyət göstərirlər. Ermənistanı İsrail kimi, bu regionda böyük bir gücə çevirmək istəyirlər. Onlar fikirləşirlər ki, gələcəkdə Azərbaycana qarşı müəyyən addımlar ata bilərlər. Zamanla Azərbaycanın nefti tükənəcək, Türkiyə İsraillə, yaxud başqa bir dövlətlə münaqişəyə cəlb olunub zəiflədilə bilər və s. Bundan istifadə edib, Ermənistan yenidən Azərbaycana qarşı torpaq iddiaları qaldıra bilər. Paşinyan bu gün həm Rusiyadan, həm də Qərbdən yararlanır. Əlbəttə ki, bu vəziyyət erməni xalqına da xeyir gətirir. Müqayisə üçün deyim ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanla Rusiya arasında ticari əlaqələrin həcmi dəfələrlə artıb. Bir neçə gün bundan qabaq Azərbaycan dəmir yolu xətti ilə Rusiyanın malları Ermənistana yola salındı. Bu gün Paşinyanın əvəzinə Köçəryan olsaydı, Qərb Ermənistana hansı maliyyə dəstəyi və ya yardımı edərdi? Əlbəttə ki, etməzdi. Bu gün tam əminliklə bilidirirəm ki, Putin özü Paşinyanın hakimiyyətə qalmasında maraqlıdır. Bəzən verilmiş bəyanatlar sadəcə kağız parçası kimi qəbul olunmalıdır. Hətta deyərdim ki, Paşinyanı Qərbin təzyiqindən qorumaq üçün atılan addımdır. Biz bu gün Ermənistanla sülh sazişinin imzalanmasını istəyirik. Bununla bağlı Rusiya ilə danışıqlar aparmalıyıq.

Biz dövlətin nüfuzunu və suverenliyini qorumaq şərtilə Rusiya ilə qarşıdurmadan yayınmalıyıq. Rusiyanı inandırmalıyıq ki, Ermənistanın sülhə getməsinə icazə versin. Bizim Rusiya ilə münaqişə vəziyyətində olmağımızı istəyən yaxın və uzaq xaricdə çoxlu qüvvələr və ölkələr var. Azərbaycanın vəziyyəti belədir: bir qrup insan bizdən narazıdır ki, siz Rusiya ilə niyə belə davranırsınız, bir qrup insan narazıdır ki, siz niyə İsraillə yaxınlaşırsınız, digər bir qrup insan da çox narazıdır ki, siz niyə İranla yaxınlaşırsınız”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan öz xarici siyasətində dövlət maraqlarını hər zaman ön planda tutur:“Cənab Prezident İlham Əliyev bu siyasəti kifayət qədər uğurla davam etdirir və bir çox qüvvələrə artıq bunu qəbul etdirib ki, Azərbaycan öz maraqlarından çıxış edəcək. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Rusiyanın dəstəyinə ehtiyacımız var. Moskvanın xeyir-duası olmadan Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması o qədər də inandırıcı görünmür. Ermənistanda keçirilən son seçkilərdə seçkinin nəticələrinin dərhal elan olunmaması Paşinyanın nəticələrə "əl gəzdirdiyini" ortaya qoydu.

O, Konstitusion çoxluq əldə edə bilərdi, amma etmədi. Çünki Rusiyanın sülh sazişinin imzalanmasında, Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığını bilir. Rusiya Paşinyandan xarici siyasət kursu ilə əlaqədar referendum keçirməyi tələb etməklə onun Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirməsini çətinləşdirir. Bu, bir tərəfdən də Qərbə mesajdır ki, görürsünüz, mən artıq referendum keçirə bilmirəm. Ermənistanda referenduma getmək üçün parlamentdə qərar qəbul olunmalıdır. Moskva da referendum tələb etməklə nəsə planlaşdırır. Moskva ilə Ermənistan arasında münasibətlərin kəskin dəyişməsini gözləmirəm. Keçmiş prezidentlərin həbsi səbəbindən bunu baş verəcəyi mümkün deyil”.