Ya Avropa, ya Rusiya
Gürcüstan tarixin seçim mərhələsini yaşayır. Bu, Gürcü xalqının taleyinin seçim mərhələsidir. Hansı dəyərlər altında gələcəyini qurmaq seçimi. Qərb dəyərləri, yoxsa dəyərlər adı altında xalqın yaşamını sadəcə sürdürməsi. Gürcü xalqı bunun mübarizəsini aparır. Hər iki dəyər üçün də mübarizə aparan Gürcü xalqıdır. Gürcüstan hakimiyyəti də xalqı kimi ikiyə bölünmüş vəziyyətdədir. Bir tərəfdə Rusiyayönlü oliqarx Bidzina İvanişvilinin nəzarətində olan "Gürcü arzusu" partiyasının idarəsində olan Gürcüstan hökuməti, bir tərəfdə isə Qərb dəyərlərini müdafiə edən Gürcüstan Prezidenti Salome Zurabişvili.
Bunu politoloq Azər Qasımov son günlərdə Gürcüstana baş verən məlum hadisələr münasibətində deyib.
Hakim “Gürcü Arzusu” partiyasının ölkədə QHT sektorunda maliyyə şəffaflığını təmin etməyə hesablanan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentə gətirəndən və qəbul etdikdən sonra onların planlarına qarşı etiraz dalğası başlayıb. Bu qanunun Rusiyanın qəbul etdiyi qanunla eyni olduğu deyilir. Hakimiyyət Qərbin Gürcüstana təsirini azaltmaq üçün Qərbyönlü təşkilatların maliyyə qaynaqlarını kəsməklə buna nail olmaq istəyir. S.Zurabişvilinin parlamentin qərarına veto qoymasına baxmayaraq "Gürcü arzusu"nun parlamentdəki səs çoxluğu bu qanunu qəbul etməyə imkan verirdi və belə də oldu. Gürcüstan parlamenti bu qanunu qəbul etdi. Qərb və Avropa İttifaqı Gürcüstan hakimiyyətinə müxtəlif təzyiqlər etməklə qərarını dəyişməyə çalışırdı. Amma olmadı. O, qeyd edib ki, mahiyyət etibarı ilə Gürcüstanda da dünyada gedən proseslərin eynisi gedir. İki qütbün qarşıdurması. Qərb dəyərlərini müasir dünyanın gəldiyi ən son nailiyyət hesab edən qütblə bu dəyərləri qəbul etməyib, dəyərlərini qoruyub saxlayaraq öz yerini ənənəvi mövcud tarixinin yanında görən mühafizəkar qütbün qarşıdurması. İkinci qütbün anlayışlarının necə formalaşdığını analiz etsək, bəzi həqiqətlərlə üzləşirik. Məsələ ondadır ki, bü qütbün yeniliyə açıq olmaması anlayışının necə formalaşması təbii yox, təcrübə ilə mövcud olub. Bir xalqın öz tarixi ənənələrindən uzaqlaşmaq istəməməsi təbii haldır və bu, doğru anlayışdır. Əslində hər bir xalq hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq o, öz tarixi ənənələrini qoruyub saxlamalıdır. Buna təbii baxmaq lazımdır. Amma bu təbii anlayış qeyd etdiyimiz amildən çox xalqın başına gələn hadisə fonunda süni şəkildə formalaşırsa, bir növ qorxu və təhlükə mühitində, onda bunu necə təbii qarşılamaq olar sualı ortaya çıxır. Gürcü xalqının bir hissəsi də bu sualın cavabını axtarır.
2008-ci ildə Gürcüstan və Rusiya arasında beş günlük müharibə baş verdi. Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini de-dakto işğal etdi. Hadisənin kim tərəfindən başlaması, səbəblərini bir kənara qoyaraq qeyd etmək lazımdır ki, həmin dövrdə Gürcüstanda hakimiyyətdə olan Qərbyönlü Mixail Saakaşvili bunun qarşısını ala bilmədi. Rus ordusu paytaxt Tbilisiyə kimi gəlib çıxmışdı. Son anda dayanıb, geri çəkildi. Həmin dövrdə Qərb Gürcüstana ciddi dəstək vermədi, ya verə bilmədi. Olanlar oldu. Həmin hadisələrdən sonra Gürcü siyasətçilərinin Qərbyönlü qanadında belə Qərbə qarşı yüngül desək narazılıq yaranmışdı. Hətta onlar ikili söhbətlərdə yanlış etdiklərini etiraf edirdilər. Bu amil Gürcü xalqının bir hissəsində Qərbə olan inamı qırdı. Növbəti seçkilərdə Gürcü xalqı artıq Qərbyönlü yox, Rusiyayönlü, hətta Rusiyanın adamı Bidzina İvanişviliyə səs verdi. İndiki proseslər də həmin proseslərin davamıdır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, hakimiyyətin Qərbdən imtina etməsi və ya Qərblə əlaqələrini soyutması nəyi dəyişə bilər? Qərb institutlarından maliyələşmənin azalması, ya dayandırılması gürcü cəmiyyətinin dünyaya açılmasının qarşısını ala bilərmi və ya Qərbin Gürcüstana təsir rıçaqlarını zəiflədə bilərmi?
Gürcü hakimiyyəti 25 mindən çox xaricdən maliyyələşən sivil toplum quruluşunun siyasi partiyalarla arasında incə bir cizginin olduğunu, hətta müəyyən məqamlarda bu cizginin belə olmadığını hesab edir ki, qəbul edilən qanunla həmin maliyyə qaynaqlarının partiyaların bilavasitə xarici donorlardan asılı vəziyyətə düşməsinin qarşısını almaq istəyir.
Qərb bu günə kimi Gürcüstana müxtəlif sivil təşkilatları maliyələşdirmək yolu ilə gürcü cəmiyyətinin sosial aktivliyini saxlamaq və yüksək tutmaq yolu ilə hakimiyyətə qarşı təbii rəqib hazırlayırdısa və bu yolla hakimiyyətə alternativ sivil təzyiq və nəzarət mexanizmləri yaradırdı. Əslində bu, qəbul edilən praktikadır və dünyada bu kimi təşkilatların mövcudluğu normal haldır: “İndi artıq gizli şəkildə sivil yollardan kənar metodların tətbiqinə başlayacaq. Qərb artıq Gürcüstanın indiki rejimini antidemokratik rejim kimi qəbul edəcək. Bu hakimiyyətə qarşı mümkün bütün təzyiq üsullarından istifadə etməyə başlayacaq, hətta rəngli inqilablara kimi. Qərbin rəngli inqilablarla iş prinsipləri ilə sivil qeyri-hökümət cəmiyyəti təşkilatları ilə iş prinsipləri isə fərqlidir. Gürcüstan bunun təcrübəsini artıq yaşayıb.
Gürcüstanda hər şey yenidən başa dönür. Sovet İttifaqının dağılmasından sonra bütün postsovet məkanı ölkələri Rusiyadan uzaqlaşmaq meylləri ilə yaşayırdısa, indi Gürcüstan hakimiyyətinin fəaliyyəti nəticəsində sivil və demokratik Gürcüstan tərəfdarları yenidən bunun üçün mübarizə aparmalı olacaqlar. Ümumiyyətlə Gürcü xalqının böyük əksəriyyəti Rusiyanı sevmir. Qəbul edilən "xarici agent" adlandırılan qanun ölkədəki sivil toplum quruluşlarının xaricdən maliyyələşməsinin iyirmi faizdən çox olmasına icazə vermir. Bu durum əslində, Gürcüstanda istər xalqın, istərsə də hakimiyyətin Qərb və Avropa İttifaqından imtina edəcəyi anlamına gəlmir. İndiki hakimiyyətin özü Avropa İttifaqına üzvlük üçün müraciət etmişdi və Avropa İttifaqı da bunu qəbul etdi. NATO-ya üzvlük məsələsi çoxdan gündəmdədir. Bəs onda Gürcü hakimiyyətinin Aİ və Qərbdən uzaqlaşması kimi dəyərləndirilən bu qanunu, hətta buna Rusiya qanunu da deyilir, çünki Rusiyanın qəbul etdiyi qanunun eyni olduğu deyilir, niyə qəbul etdiyi maraq doğurur”.
Heç bir Rusiyayönlü qanun Gürcüstan torpaqları Abxaziya və Cənubi Osetiya Rusiyanın de-fakto və birtərəfli de-yure, çünki Rusiya Cənubi Osetiyanı öz Şimali Osetiya torpaqlarına qatmaq barəsində qərar qəbul edib, işğalı altında ola ola Gürcü xalqında Rusiyaya qarşı simpatiya yaratmayacaq. Onda bəs gedən proseslər nəyi dəyişir? İşğal qaldıqdan sonra hansı güc Gürcü xalqını yenidən Rusiyanın yanına çəkəcək? Əslində, fikrimcə, xalqın müəyyən az, ya çox kəsiminin Qərbə inteqrasiya etmək istəyi dünyagörüşü ilə əlaqədardır. İnsanların müəyyən hissəsinin dünyagörüşü Qərb və Aİ-nın onların təməl istəklərinin həyata keçməsinə uyğun gəlir. Odur ki, Rusiya Gürcüstanın istədiyi güzəşti və ya tələbləri yerinə yetirəcəyi durumda belə bu insanların istəkləri Qərbdən və Aİ-dan geri durmaq olmayacaq. Çünki bu insanların əksəriyyəti ya Rusiya ilə bir yerdə yaşamağın nə olduğunu görüblər, ya da cavan nəsil heç görməyiblər. Odur ki, onların təfəkkürünə təsir etməklə öz fikirlərindən yayındırmaq praktiki olaraq mümkün deyil. Müəyyən zaman kəsiyində Rusiyayönlü hakimiyyət qalsa da, müəyyən zamandan sonra Qərbyönlü düşüncə yenə də qalib gələcək. Amma yuxarıda da qeyd etdiyimiz sualın cavabını axtaraq. Bəs onda oynanılan oyun nədir?: “Hesab edirəm ki, Aİ və NATO ilə əməkdaşlığın nəticəsini ən çox bu hakimiyyətin dövründə əldə etdi. Prezidenti Qərbyönlü S.Zurabişvilini seçməsi, Aİ-na üzvlük üçün qeydə alınma, Aİ-na vizasız gediş. Bunların özü belə hansıki digər dövlətlərə asanlıqla verilmir. Başına gələn fəlakətdən, yəni 2008-ci ildən sonra, həm də Azərbaycan təcrübəsini əldə rəhbər tutaraq, həm də şəxsən hesab edirəm ki, bu, Qərbin oyundur, Rusiyadan torpaqlarını bu yolla geri almaq istəyir.
Amma bu o demək deyildir ki, Gürcüstan tamamı ilə Rusiyadan uzaqlaşmaq istəyir. Statistikaya əsasən Gürcüstan vətəndaşları ən çox Rusiyaya səyahət edir, işləməyə gedir, eləcə də, Rusiya vətəndaşları Gürcüstana səyahət edirlər. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk açıqlaması ondan ibarət oldu ki: "Biz bütün dövlətlərlə əlaqələrimizi maksimum dərəcədə yaxşı saxlamalıyıq, o cümlədən də, Rusiya ilə." Bu da o deməkdir ki, Gürcüstan sülh içərisində yaşamaq istəyir. Təbii ki, onlar müharibə istəmir. Onlar bildiriblər ki, onlar üçün istənilən ölkələrin təzyiqləri və fikirləri önəmli deyil. Bizim üçün Gürcüstanın milli maraqları önəmlidir. Amma bir daha qeyd etmək lazımdır ki, Gürcü hakimiyyəti Aİ üzvü olmaq yolundan geri çəkilmir, hətta Aİ üzvü olmaq istəyir. Mahiyyət etibarilə Gürcü hakimiyyətini də başa düşmək olar. Məsələ ondadır ki, Gürcüstan Aİ-na üzv olunsa belə, Gürcü hakimiyyəti qeyd etdiyimiz kimi Gürcü xalqının Aİ-nın içərisində əriməsinin qarşısını almaq istəyir, yəni daxili monolitliyini qorumaq istəyir. Bunu da təbii qarşılamaq lazımdır. Amma məsələ qeyd etdiyimiz kimi sadədirmi? Yəni Gürcüstan hakimiyyəti həm Rusiyanın yanında, həm də Aİ-nın üzvü ola bilərmi? Göründüyü qədərilə yox. İndiki geosiyasi qarşıdurma dövründə bu mümkün görünmür. Bunu tək Azərbaycan dövləti mümkün edib, yəni Aİ-nın üzvü olmaq mənasında yox, Aİ-nın bir çox ölkələri ilə ikitərəfli münasibətlər çərçivəsində hətta Aİ üzvlüyündən də yuxarı strateji tərəfdaşlıq səviyyəsində əldə edib. Bu, enerji layihələri səbəbindən mümkün olub. Gürcü hakimiyyətinin isə belə bir lüksü yoxdur. Gürcü hakimiyyəti ancaq bütün güclərdən eyni məsafədə dayanmaqla buna nail ola bilər ki, bunu da etmək çətin məsələdir. Çünki Gürcü cəmiyyəti Rusiya və Qərb mövzusunda ciddi şəkildə ikiyə bölünüblər. Rusiyanın yanında olmaq isə avtokratizmə getmək deməkdir. Son nəticədə bu, Rusiyanın Ukraynaya müdaxiləsi kimi nəticələnə bilər. Rusiya Gürcüstana öz tərəfdaşlarını müdafiə etmək üçün ordu yeridə bilər, hansıki bu variant da göz ardı edilə bilməz”.
Tiflis küçələri isə 35 yaşdan aşağı gənc insanların etirazları ilə aşıb-daşır. Bir çoxları siyasəti Rusiyanınkına bənzəyən ölkədə yaşamaqdan qorxur, ancaq bir çoxlarını da taleyi Ukraynanınkına bənzəyən qorxunc dağıntı və yıxımlara səbəb olan insan təlafatı görüntüsünün uzaqdan da olsa Gürcüstanın da başına gələcəyi dəhşətə gətirir. Gürcüstanda Qərb və Rusiya maraqlarının çarpışdığı bir durumda Gürcü hakimiyyətinin tarazlıq siyasəti yürütməkdə çətinlik çəkdiyi görünür. Bundan sonra Rusiyanın hansı həmlələr edəcəyini irəliləyən dövrdə görəcəyik. Bunun nəticəsində Rusiyanın istəyinə çatıb, ya çatmayacağını da bilmək çətin məsələdir.
Ümumiyyətlə isə, Ukraynada davam edən müharibənin Avropa qitəsini ikiyə böldüyü, lakin Gürcüstan, Moldova, Ermənistan kimi dövlətlərin kəsin bir tərəf seçməkdə çətinlik çəkdiyi bir durumda Ukraynada baş verən proseslərin Cənubi Qafqaz regionuna da sıçrayacağı ehtimalı sülh və sabitliyin qorunması məsələsini müəyyən edəcək. Xalqlar öz gələcəklərini qurmaq uğrunda ölüm-qalım mübarizəsinə qoşula bilərlər, məsələn Ukrayna xalqı kimi. Amma bunun prinsip etibarilə qansız yolu da mümkündür, məsələn Azərbaycan kimi. Təbii ki, Azərbaycan da bu yolda az qan tökməyib, az itkilər verməyib. Amma ən azı nəticə əldə edə bilib, dövlətçiliyini qoruyub, ərazi bütövlüyünü bərpa edib. Ümid edirik ki, Gürcü xalqı da doğru yolu tapacaq və ərazi bütövlüyü bərpa edəcək.
Cavid