• 20 Sentyabr 2026
logo
Çavuştəpə: qədim Urartu sivilizasiyası

Çavuştəpə: qədim Urartu sivilizasiyası

Türkiyənin Van bölgəsində maraqlı tarixi məkanlardan biri də Çavuştəpə qalasıdır. Qala II Sarduri tərəfindən eradan əvvəl 764-734-cü illərdə tikilib. Qalanın banisinin şərəfinə Sardur şəhəri mənasını verən “Sardurihinili” adlanır. Bu, professor Arif Erzen tərəfindən 1961-1986-cı illər arasında aparılan qazıntılar nəticəsində ortaya çıxarılıb. Yuxarı qala aşağı qaladan 30 metr hündürdə tikilib. Buraya Haldi məbədi və açıq hava məbədi daxildir. Ətrafında iri daş bloklarla hörülmüş divarlar var.
Aşağı qala təpədə 800 metrlik bir ərazini əhatə edir. Hər iki tərəfdə şəhər divarları diqqəti cəlb edir. Səliqəli şəkildə kəsilmiş əhəngdaşı blokları ilə tikilmiş divarları birbaşa qayanın üzərində oturur. Şərqdən qərbə düzülmüş anbar tikililəri, anbar binaları, məbədlər, saray binaları və sisternlərdən ibarətdir. İrmusini tanrısının adına tikilmiş məbədin üzərində mixi yazı var. Rizalitli Qüllə tipli məbədlər qrupunda əhəmiyyətli bir quruluşdur. Şərq tərəfdə qapısı və bazalt fasadı var. Qalanın digər mühüm tikililəri qayaya oyulmuş sisternlər, saray və anbar binalarıdır.
Tarixi abidə ilə bağlı bizə Urartu dilini bilən dünyada 38, Türkiyədə isə 7 nəfərdən biri olan mütəxəssis- bekçi Mehmet Kuşman ətraflı məlumat verdi. Mehmet Kuşman bildirdi ki, bu mədəniyyətlə bağlı Türkiyəınin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Amerika başda olmaqla bir sıra ölkələrdə tədbirlərdə məruzə ilə çıxış edib: “Amerikada tədbirdə idim. Zalda ermənilər də var idi. Onlar iddia etdi ki, Urartu onlara aiddir. Mən isə bunun üçün sübut tələb etdim. Təbii ki, onlar sübut təqdim edə bilmədilər. Çünki belə bir fakt yoxdur. Ermənilər sadəcə buna iddia edirlər. Urartu qədim sivilizasiyadır və ermənilərlə heç bir əlaqəsi yoxdur. Mən, qədim Urartu dilində danışa və yaza bilir, bu dildə yazılmış süvenirlər düzədirəm. Bu da turistlərin diqqətini cəlb edir”.
Mehmet Kuşman bizə həm də maraqlı məlumat verdi. Çavuştəpə ilə üzbəüz yerləşən Yataq, Çakallı və Otbiçər kəndlərini 1915-ci ildə İrəvandan erməni zülmündən, soyqırımından qaçıb Türkiyəyə sığınan azərbaycanlıların saldığını öyrəndik. Bu Azərbaycan kəndləri haqqında reportaj yazmaq istəsək də, təəssüf ki, proqramın sıxlığı və vaxtın azlığı ucbatından kəndlərə baş çəkə bilmədik.

Əli
Van, Türkiyə