• 26 Aprel 2024
logo
Türkiyənin “Hürkuş” təyyarəsi Azərbaycanda sınaqdan keçirilib

Türkiyənin “Hürkuş” təyyarəsi Azərbaycanda sınaqdan keçirilib - VİDEO - YENİLƏNİB

Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd "Hürkuş" təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub. Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər. "Hürkuş" təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub. Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib. General-leytenant R. Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. *** saat 14:43 Türkiyə istehsalı "Hürkuş" təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter"də bildirib. Qeyd edək ki, 2018-ci ildə ilk uçuşunu həyata keçirən "Hürkuş" təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə təslim edilib. "Hürkuş" təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında da istifadə olunacaq.