• 29 Mart 2024
logo
"Karatenin daşını kənara qoyuram"

"Karatenin daşını kənara qoyuram"

Rafael Ağayev: “Məşqçilik barədə düşünürəm”

“Bir çox valideynlər mənə yazırdılar ki, idman zalı açım. Nəhayət bu günləri “Qara brilliant” karate klubunu açdıq. Tələbələrlə kontrakt bağladıq”. Bu fikirləri karate üzrə 6 qat dünya, 12 qat Avropa çempionu, “Bakı 2015” I Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev özünün klubunun açılışı zamanı deyib.
O bildirib ki, ilkin məşq keçəcəyi tələbələrin əksəriyyəti Sumqayıtda Pərviz Quliyevin rəhbəri olduğu Buta Gənclər Klubunun idmançılarıdır: “Pərviz Quliyevin 160-a yaxın tələbəsi var. Sözsüz ki, sıfırdan olan tələbələr Pərviz müəllimindir. O, uşaqları müəyyən səviyyəyə qədər hazırlayıb. Gözəl baza yaradıb. Bundan sonra onların üzərində mən də işləyəcəm. Mən, necə deyərlər, yaxşı mənada karatenin daşını qoyuram kənara və məşqçilik barədə düşünürəm. Fikrimcə, bizim uğurlarımız güc birliyindədir”.
Xatırladaq ki, Rafael Ağayevin yeni klubunun açılışı Sumqayıtda olub. Klubun rəhbəri elə Rafael Ağayev özüdür. Baş məşqçi Pərviz Quliyev, məşqçi isə Orxan Heydərlidir. Hazırda klubun 51 nəfər tələbəsi var. Dərslərə aprelin 1-dən başlanılacaq.