• 27 Yanvar 2023
logo
ATF-dən erməni idmançının təxribatına reaksiya

ATF-dən erməni idmançının təxribatına reaksiya

Azərbaycan Tennis Federasiyası (ATF) Karen Xaçanovun "Avstraliya Açıq" turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına məktub göndərib.
Qurumdan Baymedia.az-a verilən məlumata görə, ATF yarışda xoşagəlməz hadisənin baş verdiyini bildirib.
Federasiya yanvarın 20-də erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanovun mənfur hərəkət etdiyini diqqətə çatdırıb:
"Xaçanov ABŞ-dan olan rəqibi Frensis Tiafonu məğlub etdikdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsakh stay strong", yəni "Artsax, möhkəm ol" sözlərini qeyd edib. Əslində, tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək sözlərini yazmaq adət halını alsa da, Xaçanov bundan öz məkrli planını həyata keçirmək üçün istifadə edib".
ATF beynəlxalq federasiyaya ünvanlanmış məktubda Azərbaycana qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunduğunu vurğulayıb:
"Azərbaycan Tennis Federasiyası olaraq bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini tapacaq".