Azərbaycanı Avropada layiqincə təmsil edən yeganə klubumuz Çempionlar Liqasından kənarlaşsa da mübarizəni Avroliqanın qrup mərhələsində davam etdirəcək. Komandamızın burada da uğurlu çıxış edəcəyini əminliklə söyləmək olar. Ən azı ona görə ki, baş məşqçı Qurban Qurbanov bərbad bir çempionatda həm nizam intizamlı, həm stabil, həm də əzmkar oyun sərgiləyən komanda formalaşdıra bilib. Bu öz yerində.
Amma bizi azərbaycanlı olaraq yandıran odur ki, “Qarabağ” Çexiya çempionu “Viktoriya”ya qarşı həm “ev”də, həm də səfərdə üstün oyun sərgilədi. Hiss olunurdu ki, Qurban Qurbanov səfər oyununa qədər rəqibi yaxşı analiz edib və oyun “Qarabağ”ın istədiyi kimi gedir.
“Qarabağ”ın ilk qolundan sonra rəqibdə psixoloji gərginlik, həyəcan atmağa başladı ki, bu da bizim üçün əlverişli fürsətlərin tez-tez yaranacağına şərait yaradırdı. Bu cür gərgin psixoloji durumda mübarizə aparan, buna görə də tez-te kobudluq və səhvlər edən rəqibin 3 oyunçusunun sarı vərəqə alması potensial qırmızı kart, yaxud kartlar üçün zəmin yaratmışdı.
Rəqibin qapımız qarşısında təhlükə yarada bilməməsi, üstəlik bir top fərqi ilə geridə oynaması getdikcə artan gərginliyə səbəb olurdu ki, bu da onları tez-tez səhvə yol verməyə, riskə getməyə məcbur edirdi. Nəticədə rəqibin oyun sistemi dağılır və bu da Çexiya çempionunun məğlubiyyətini qaçılmaz edirdi…
Belə bir anda qapıçımızın kobud, məhəllə futbolunda belə az rast gəlinən səhvi, məsuliyyətsiz hərəkəti nəticəsində qapımızda qol gördük. Təsəvvür edin, cərimə meydançasının xətti üzərində 5 futbolçumuzun topa nəzarət etdiyi və heç bir təhlükə olmadığı anda Şahruddin qapını boş qoyaraq 14 metr məsafə qət edir, topu yumruqlamağa çalışır, nəticədə məğlubiyyətmizin əsasını qoyur. Şahruddinin bu hərəkətinin heç bir məntiqi izahı yoxdur. Dünyada heç bir futbol mütəxəssisi bu addımın nə üçün atıldığını izah edə bilməz, çünki peşəkar futbolçuya yaraşmayan elə bir anormal addım atılıb ki, bunu anlmaq belə mümkünsüzdür.
Şahruddinin rəqibə verdiyi bu hədiyyədən sonra psixoloji olaraq sınmış bir komanda dirçəlməyə başladı. Əksinə, bu dəfə isə biz, psixoloji sarsıntı keçirdik, nəticədə Şahruddin ikinci bəsit bir qol buraxaraq tarixi şansımızı əlimizdən almaqla yanaşı Azərbaycana yüz milyonlarla ziyan vurdu.
Təsəvvür edin, Çempionlar Liqasının qrup mərhələsinə çıxış edirik. Məsələən “Qarabağ”la eyni qrupda Messili, Neymarlı, Mbappeli PSJ, yaxud Real Madrid, dünyanın sayqı ilə yanaşdığı və sevilən Xavinin idarə etdiyi Barselona, yaxud Avropanın hər hansı top klubu mübarizə aparır. Burada nəinki bu klubların, oyunçuların belə yüz milyonlarla azarkeşi var. Həmin azarkeşlər komandalarının qarşılaşacaqları “Qarabağ”la bağlı araşdırma aparacaqlar. Nəticədə Ağdam klubunun öz meydanının yerləşdiyi şəhərin erməni vandalizmi nəticəsində yer üzündən silinməsini öyrənəcəklər. Bu təbliğatın hansı dəyərə malik olduğunu təsəvvür etmək çətin deyil.
Təəssüf ki, bu şansı Şahruddin əlimizdən aldı. Onun lazımsız yerdə atdığı yumruq topa deyil, Azərbaycan xalqının başına dəydi.
Oyundan sonra Qurban Qurbanovun Şahruddini qoruması da diqqət çəıkən məqamlardandır və baş məşqçinin böyüklüyündən xəbər verir. Halbuki Şahruddin “Qarabağ”ı Çempionlar Liqasından kənarda qoymaqla yanaşı, Qurban Qurbanovun karyerasına da mənfi təsir göstərdi. Qurban Qurbanovun komandası Çempionlar Liqasının qrupunda orta səviyyəli oyun göstərsə belə, ona Avropa klublarından təklif gələcəyini əminliklə söyləmək olar. Qurban Qurbanovun artıq Avropada çıxış etməsinin zamanı yetişib və bu Azərbyacan futbolu üçün hava və su kimi vacib məsələdir.
Təbii ki, zamanı geri qaytarmağımız mümkün deyil. “Hər ziyanda bir xeyir var” prinsipinin burada da özünü doğruldacağına ümid edərək, “Qarabağ”ın Avroliqada önəmli yerlərə gəlməsini və yenidən dünyaya səs salmasını arzu edirik!
Əli Zülfüqaroğlu