• 3 Oktyabr 2022
logo
"İdmançı üçün əsas şərt onun təcrübəsidir"

"İdmançı üçün əsas şərt onun təcrübəsidir"

Nihad İbadov: "Böyük uğurlar əldə etmək üçün kiçik uğurlardan başlamaq lazımdır"

Sumqayıtdakı Buta Gənclər Klubunun yetirməsi Nihad İbadovun 14 yaşı tamam olub. Gənc karateçi Nihadın bu az yaşında bir çox uğurları olub. Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olan Nihadın bacısı Nuray və qardaşı Mayıl İbadovlar da karate idman növü ilə məşğul olurlar. Nihad İbadov “Xalq Cəbhəsi”nə müsahibəsində qazandığı uğurlardan və qarşısına qoyduğu hədəflərdən danışıb.
- İdman sahəsində qazandığın uğurlarına görə özünü kimə borclu hesab edirsən?
- 7 ildən artıqdır ki, idmanın karate növü ilə məşğul oluram. Bu sahədə bir çox uğurlar qazanmışam. İlk növbədə cənab Prezident İlham Əliyevə idmançılar üçün yaratdığı şəraitə görə minnətdaram. Eləcə də Gənclər və İdman naziri Fərid Qayıbov, federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkür edirəm. Qazandığım uğurlara görə, müəllimim, dünya çempionu, Avropa çempionu Pərviz Quliyevə borcluyam. Bir müəllim kimi onun mənim üzərimdə əziyyəti böyükdür. Pərviz müəllimin verdiyi bütün məsləhət və tapşırıqlara əməl edirəm. Məşqlərdə mütəmadi iştirak edirəm. Yarışlarda qələbə qazanmağımda Pərviz müəllimin böyük zəhməti var. Bütün bunlara görə müəllimim Pərviz Quliyevə ömür boyu minnətdaram. Allah onu qorusun!
-Ümumiyyətlə, əldə etdiyiniz uğurlar sizi qane edirmi?
-Bu yaşıma görə qazandığım qələbələr az olmayıb. 2019-cu ildə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında həm qızıl, həm bürünc medal, 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında yenə də həm qızıl, həm bürünc medal qazanmışam. Bundan əlavə ölkəmizdə keçirilən bir çox beynəlxalq və yerli yarışlarda iştirak edib, nəticələr vermişəm. Bəli, daha da böyük uğurlar qazana bilərdim. İnsanlar bir anda daha böyük uğurlar əldə etmək istəyirlər. Böyük uğurlar əldə etmək üçün kiçik uğurlardan başlamaq lazımdır. İlk öncə ilk addımı atmalısan ki daha sonra irəliləyə biləsən. Mən hər zaman uğursuzluğum olduqda daha çox çalışaraq, böyük uğurlar əldə etmək üçün çalışıram. Səbrim və əzmkarlığımla daha böyük uğurlar qazanacağıma inanıram.
-Yaşından aslı olmayaraq hər bir idmançını qələbəyə aparan yol nədən keçir?
Əvvəlcə onu deyim ki, yaşından asılı olmayaraq idmançı ciddi şəkildə öz məqsəd və istəklərini həyata keçirmək, ən yüksək pilləyə qalxmaq məqsədini qarşısına qoymalıdır. Yəni mütləq öz üzərində işləməlisən. Yeni texniklar, yeni taktiklara öyrənməsən , sabah yarışlarda məğlub ola bilərsən. Həmçinin uğur qazanmaq üçün idmançı məşq etdiyi insanlara da diqqət yetirməlidir. Yaxşı, perspektivli idmançı sizi hər bir başladığınız işdə dəstəkləyəcək, əlindən gəldiyi qədər sizə kömək edəcək. Əksinə pessimist, həyatda heç bir uğur qazanmayan və qarşısında məqsədi olmayan idmançı planlarınızın alt-üst olacağını deyib mənfi fikirlər yaradacaq, sizi gördüyünüz işdən soyudacaq. İdmançı uğur qazanması üçün vaxt və enerji sərf etməlidir.
-Döyüşdə rəqiblərinin əsas hansı cəhətlərinə üstünlük verirsən?
-Yarışa qatılılırıqsa, tatamiyə çıxıbsa artıq mənim rəqibimdir. Yaşıdlarım arasında kifayət qədər güclü idmançılar var. İdmançı üçün əsas şərt onun təcrübəsidir. Ola bilər ki, rəqibin 14-15 yaşı var, ancaq bu yaşa qədər 100-150 döyüş keçirib, təcrübə qazanıb. Belə idmançılar ilə döyüşmək çox çətindir. İdmançı da var 14-15 yaşı var, az döyüş keçirib, belələri ilə döyüş keçirmək çox rahatdır.
-Qarşıda əsas gözlənilən yarışın hansıdır?
-Əsas yarışlarımızdan biri avqust ayının 27-28 Bakıda keçiriləcək. "Olimpiya Ümidləri" olacaq. Ondan sonra qarşıdan noyabr ayında Respublika çempionatı keçiriləcək. İnşallah, bu yarışlarda da iştirak edib, uğurlu nəticə əldə edərəm.