• 19 Aprel 2024
logo
Qurbanov: Güclü komandalara qarşı oynamaq...

Qurbanov: Güclü komandalara qarşı oynamaq...

Məndə hər hansı həyəcan yoxdur. Əksinə, güclü komandalara qarşı oynamaq mənim üçün yaxşı olur. Həm təcrübəmi, həm də potensialımı artırmaq baxımından önəmlidir. Bu, gələcək düşüncələrimiz üçün də maraqlı qarşılaşma olacaq.
Bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, yaxşı komandaya qarşı oynayacağıq. Stanislav Çerçesov təcrübəli baş məşqçidir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Ona görə də çox diqqətli olmalıyıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçularımızın üstünə böyük iş düşəcək. İnanıram ki, bacaracaqlar.
“Azərbaycan Premyer Liqasının ilk turunda “Səbail”ə qarşı keçirəcəyimiz matçın təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməmişik. AFFA-dan bununla bağlı maraqlandılar. Amma ehtiyac olmadığını bildirdik. Çünki bəzi futbolçularımıza da şans vermək istəyirik. Bəli, itkilərimiz var, amma futbol mübarizə tələb edir. Çempionlar Liqasının adı daha böyükdür. Burada çox enerji itirirsən. Hələ ki, oyunumuzu təxirə salmaq fikrimiz yoxdur”, - deyə 50 yaşlı mütəxəssis əlavə edib.
Q.Qurbanov deyib: “Bizim üçün oyunda bir neçə element varsa, onlara əməl etməyə çalışırıq. VAR sisteminin olması, əlavə üstünlükdür. Belə olan halda heç nə gözdən qaçmır. Hər epizodda oyunçularım daha diqqətli olmalıdırlar. Bu, futbolçular üçün ilk oyundan əlavə yükləmə olacaq. Amma getdikcə daha çox faydası dəyəcək. Sabah kim layiqdirsə, o da qalib gəlsin. İnanıram ki, oyunda ədalətli qərarlar veriləcək. Hətta bəzən VAR sistemində də fikirlər üst-üstə düşmür. Maraqlı olacaq”.
Macarıstan çempionatının güclü olduğunu deyən baş məşqçi qeyd edib: “Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmalıyıq. Çox balanslı komandaya qarşı oynayacağıq. Keyfiyyətli futbolçulardan ibarət kollektivdir. Biz də bura kimi gəlmişiksə, deməli, gücümüz var. Layiqli mübarizə aparmağa çalışacağıq”.
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.