• 22 Aprel 2024
logo
AzQAC-ın vitse-prezidenti: Ötən il 100 minə yaxın insana humanitar yardımla göstərmişik - MÜSAHİBƏ

AzQAC-ın vitse-prezidenti: Ötən il 100 minə yaxın insana humanitar yardımla göstərmişik - MÜSAHİBƏ

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC-ın) vitse-prezidenti, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə təşkilatın yaranmasının ildönümü ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

-Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətə başlamasının ildönümüdür. Ötən bir il üçün Cəmiyyətin fəaliyyətini necə dəyərləndirirsiz?

-Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1920-ci il martın 10-da general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə yaradılan, ölkəmizdə ən böyük humanitar təşkilat olan AzQAC-ın yaradılmasının 104-cü ildönümü tamam olur. Əlbəttə ki, 350 mindən çox üzvü və 25 mindən artıq könüllünü birləşdirən bu təşkilat 104 illiyini təntənə ilə keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hər il martın 10-da qeyd olunan Qızıl Aypara Günü bütün respublikanı əhatə edir. Ümumiyyətlə, ötən 104 ilə nəzər salanda görürük ki, həqiqətən Cəmiyyət böyük tarix yazıb. Bu, Azərbaycan tarixinin parlaq səhifələrini təşkil edir. Təşkilat hər zaman xalqının və dövlətinin yanında olub. Humanitar sahədə hökumətin yardımçısı kimi və xalqa təmənnasız xidmətdə həmişə öndədir.

-AzQAC-ın həyata keçirdiyi fəaliyyətə nələr daxildir?

-Azərbaycan Qızıl Aypara Cəmiyyəti qarşısına qoyulan vəzifələrin həyata keçirilməsinə və hədəflərə nail olub. Təşkilatın Nizamnaməsindən irəli gələn vəzifələrin, eləcə də 2020-2025-ci il Strateji Planında əksini tapan fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi işləri təhlil edəndə Cəmiyyətin 2023-cü ildə qarşısına qoyduğu bütün vəzifələrə uğurla nail olduğunu müşahidə edirik. Ötən il üçün xatırlanmalı məqamlardan biri də odur ki, AzQAC-nın rəhbərliyi, könüllüləri, yerli bölmələrinin əməkdaşları təxminən bir ay ərzində Ağdam-Xankəndi yolunda missiyasını şərəflə yerinə yetiriblər. Qarabağ iqtisadi zonasında yaşayan və ehtiyacı olan erməni əsilli sakinlərə yardım göstərilməsi üçün 40 tondan ibarət un məmulatı ilə dolu avtomobil karvanı, yəni 2 yük maşını 30 gün müddətində həmin yolda növbə çəkdi. Yardımların insanlara çatdırılması üçün fədakarlıq göstərdi. Bu, Qızıl ayparaçıların orada həm vətəndaş, həm də ayparaçı kimi fədakarlığı idi. Bu, Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri idi. Ötən ilin sentyabrında aparılmış lokal antiterror tədbirlərindən sonra da Qarabağ bölgəsində təşkilat üzərinə düşən vəzifələri ləyaqətlə və fədakarlıqla icra edib.

Ümumiyyətlə COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə AzQAC-ın könüllüləri, keçmiş cəbhə xətti boyunca yerləşən rayonlardakı sığınacaqlarda əhaliyə bütün lazımi yardımları çatdırıb, yaralı əsgərlərin hospitallara çatdırılmasında fəal iştirak etdilər. Bərdə şəhərinə ermənilərin raket hücumu zamanı təşkilatın könüllüsü Məhərrəm Mustafayev humanitar fəaliyyəti həyata keçirərkən şəhid olub.

-Cəmiyyət ötən ilki fəaliyyəti dövründə hansı işləri görüb?

-2023-cü ilin yekunlarına dair qeyd edə bilərəm ki, AzQAC Strateji Plan və Nizamnaməyə uyğun olaraq qarşıya qoyulmuş bütün vəzifələri, öhdəlikləri həm Baş Qərargah, həm regional mərkəzlər, həm də yerli bölmələr tərəfindən mərhələli şəkildə həyata keçirib. Səhiyyə və insanlara qayğı sahəsində psixososial dəstək, ilk yardım vərdişlərinin, eləcə də miqrasiya, silahlara qarşı mübarizə üzrə gənclər və könüllülər arasında xeyirxahlıq, humanist dəyərlərin aşılanması, fandreyzinq sahəsinin inkişafı, fövqəladə hallara hazırlığa dair Cəmiyyət tərəfindən təşkil olunan müxtəlif səpkili təlimlər, treninqlər və seminarlar təxminən 10 min nəfəri əhatə edib. AzQAC-ın bütün bölmələri tərəfindən təxminən 100 minə yaxın insan humanitar yardımla təmin olunub.

-2024-cü ildə təşkilatın hədəfləri nədən ibarətdir?

-Bu ildən AzQAC-nın əməkdaşları Xankəndi şəhərində və onun ətrafında yaşayan erməni əsilli sakinlərə baş çəkir, onların həyat tərzi ilə maraqlanır. Qızıl Aypara Cəmiyyətinin əməkdaşları həmin şəxslərlə ünsiyyət qurur, onlara ərzaq, eləcə də gigiyenik dəstləri yardım şəklində verir. Müşahidələrimiz, sorğularımız da ona deməyə əsas verir ki, Azərbaycan dövləti həmin vətəndaşları ərzaq, geyim, tibbi xidmətlə tamamilə təmin edib. Yəni həyatda insanın yaşaması üçün bütün nələrə ehtiyacı varsa, onlar Azərbaycan dövləti tərəfindən qarşılanır. Onların heç birinin yardıma ehtiyacı yoxdur. Sadəcə təşkilat missiyasına və mandatına uyğun olaraq onlara baş çəkir və maraqlanır, yəni öz Nizamnamə öhdəliyinə görə hərəkət edir.

-İşğaldan azad edilmiş şəhər və rayonlarda cəmiyyətin rayon bölməsinin əməkdaşları və könüllüləri yardımları necə göstərirlər? Təşkilatın gələcək planları barədə danışa bilərsinizmi?

-İşğaldan azad olunmuş bütün ərazilərdə hazırda abadlıq-quruculuq işləri görülür və insanlar ora mərhələli şəkildə köçürlər. Qısa müddətdən sonra Qarabağ iqtisadi zonasına, eləcə də Şərqi Zəngəzura daxil olan bütün bölgələrdə həyat yenidən axarına düşəcək, keçmiş məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaq. Beləliklə, təşkilatın bu illər ərzində məcburi köçkünə çevrilmiş Qarabağ Regional Mərkəzinə daxil olan rayon, şəhər bölmələri səyyardan daimi vəziyyətə uyğunlaşaraq fəaliyyət göstərməyə başlayacaqlar. Əlbəttə, bu, həmin ərazilərdə Cəmiyyətin bölmələrinin vaxtilə fəaliyyət göstərdiyi öz ofislərindəki iş yerlərinə qayıdacaqları vaxt mümkün olacaq. Bunun üçün AzQAC ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında danışıqlar aparılır. Yəqin ki, azad olunmuş ərazilərdə tezliklə Qızıl Aypara Cəmiyyətinin yerli bölmələrinin ofisləri açılacaq və təşkilatın həm bölmələrinin əməkdaşları, həm də könüllüləri orada fəaliyyət göstərəcəklər. Onlar Cəmiyyətinin missiyasından, Nizamnaməsindən və qanunlardan irəli gələn vəzifə və öhdəliklərin həyata keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklər.

2023-2024-cü tədris ili başlayanda AzQAC-ın əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində orta məktəbin şagirdlərinə məktəb çantaları paylayıblar. Bu da bizim onlara sovqatımız idi. Güman edirik ki, belə tədbirlərimiz işğaldan azad olunmuş bütün məktəblərdə olacaq. Düzdür, dövlət ora qayıdan insanlar üçün hər cür şərait yaradır. Amma bizə həvalə olunan işlərin reallaşdırılmasına töhfəmizi vermək üçün biz də hökumətə humanitar sahədə yardım etməyə çalışacağıq. Həmişəki kimi həm xalqımızın, həm də hökumətin yanında olaraq humanitar sahədə köməklik göstərməklə fəaliyyətimizi davam etdirəcəyik.

- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin beynəlxalq əlaqələri barədə də məlumat verməyinizi istərdik...

-AzQAC hər iki ildən bir Cenevrədə keçirilən Beynəlxalq Humanitar Hərəkatın tədbirlərindəki müxtəlif görüşlərdə və mühüm qərarların qəbul olunmasında nümayəndə heyəti ilə fəal iştirak edir. AzQAC 30 illik işğal dövründə yaranan humanitar fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, problemlərin həllində Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətləri federasiyaları və digər tərəfdaş milli təşkilatlarla sıx əməkdaşlıq edib. Bu baxımdan hazırda AzQAC-ın işçiləri ekspert kimi müxtəlif tədbirlərə dəvət olunurlar. Təşkilatın indiyədək 4 üzvü Rusiya-Ukrayna müharibəsi zamanı beynəlxalq humanitar yardımların çatdırılmasında fəal iştirak edib. Beynəlxalq humanitar fəaliyyətlərin təşkilində Cəmiyyətin əməkdaşlarının təcrübələrindən digər ölkələrdə də istifadə olunur.

AzQAC-ın rəhbər işçiləri ölkəmizi beynəlxalq təşkilatlarda da ləyaqətlə təmsil edirlər. Bizim üçün həm də şərəfli odur ki, bu 104 il müddətində Cəmiyyətin 13 tibb bacısı və bir tibb qardaşı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı olan və tibb bacısı kimi xüsusi fərqlənənlərə təqdim edilən “Florens Naytingel” medalına layiq görülüb. Hazırda dünyada bu mükafata layiq görülənlərin sayı 1500-dən çoxdur. Həmin 1500 nəfərin arasında 13-ü isə məhz azərbaycanlıdır.

Fürsətdən istifadə edərək təşkilatın inkişafına töhfə vermiş, sıralarında çalışaraq fədakarlıq göstərmiş bütün üzvlərini, o cümlədən ayparaçıları, könüllülərimizi, veteranlarımızı Qızıl Aypara Günü münasibətilə təbrik edirəm.