• 22 Aprel 2024
logo
Vəhşi ermənilər vəhşi təbiətimizə də qənim kəsiliblər

Vəhşi ermənilər vəhşi təbiətimizə də qənim kəsiliblər

2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.
Ümumdünya “Vəhşi Təbiət Günü”nün 20 dekabr 2013-cü ildə BMT-də qəbul olunmasından əvvəl - 2013-cü ilin yazında Tailandda keçirilən Konfransda martın 3-nü “Vəhşi Təbiət Günü” kimi qeyd etmək təklif olunub. Konfrans iştirakçıları təkliflə bağlı BMT-yə müraciət etmiş, 180 ölkə bu Konvensiyaya qoşulub. Bu günün qeyd olunması yer üzündəki bioloji müxtəlifliyin mühafizəsinin zəruriliyini göstərirdi.
Həmin il təbii müxtəlifliyin qorunması sahəsində digər bir mühüm sənədin qəbul edilməsinin 40 illiyi də qeyd olundu. Bu sənəd “Məhv olmaq təhlükəsi qarşısında qalan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya adlanırdı və 3 mart 1973-cü ildə qəbul edilib. Bu Konvensiya ilə nadir flora və fauna növləri ilə beynəlxalq ticarət tənzimlənib. Qeydə alınan vəhşi heyvan və yabanı bitki növlərinin beynəlxalq ticarəti nəzarətə götürülüb. Nəzarətin dərəcəsi onların statusundan asılı olaraq nəsli və kökü kəsilməkdə olan nadir növlərin ticarətinə nəzarətdən tutmuş tam qadağan olunmasına qədər davam edir. Hazırda təxminən 5800 heyvan və 30 min bitki növünə beynəlxalq səviyyədə nəzarət edir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Xalq Cəbhəsi"nə deyib ki, hər il müxtəlif adlar altında “Ümumdünya Vəhşi Təbiət Günü” qeyd olunur. Son illər Azərbaycanda vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində mühüm işlər görülüb. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu da ölkə ərazisinin 10,31 faizini təşkil edir.
Azərbaycanda son 20 ildə yaradılmış Milli parklar canlı aləmin mühafizəsi üçün mühüm əhəmiyyət kəsb edir. Milli parkların yaradılması yüksək təbii, tarixi, mədəni - estetik dəyərlərə malik olan ərazilərdə ekoturizm faliyyətinin təşkili və inkişafı üçün geniş imkanlar açır. Lakin bəzən turistlərin Milli Park ərazilərinə səfəri canlı təbiət guşələrinə antorpogen təsirləri artırır. Ərazi tapdalanır, məişət tullantıları ilə zibillənir, ağac və kollar qırılır, cığır və yollar aşınır: "Göstərilən mənfi təsirləri önləmək üçün canlı təbiət guşələrinə giriş və orada davranışla bağlı mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə ehtiyac var. Qeyd edim ki, hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir".
Onun sözlərinə görə, son 30 ildə Ermənistanın uşğalı altında qalmış Azərbaycanın dilbər guşələri olan Qarabağ və Şərqi Zəngəzur əraziləri kifayət qədər çikrlənməyə məruz qalıb. Həmin ərazilərdə canlı təbiət guşələri, meşə fondu, yaşıllıqlar məhv edilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilidi. Lakin ermənilərin Azərbaycanın ekologiyasına vurduğu ziyan milyardlarla ölçülür. Meşə fondunun bərpası, su resurslarını təmizlənməsi illərlə vaxtımızı alacaq və külli miqdarda maliyyə vəsati tələb edəcək. Ermənistan son 30 ildə Qarabağda və Şərqi Zəngəzurda ekosistemə qarşı əsl vandalizm həyata keçiriblər. Zəngilanın qiymətli çinar meşələri məhv edilib. 2020-ci ilin 10 noyabr 3 tərəfli sazişinə əsasən ermənilər tərk etdikləri Kəlbəcər, Laçın, Ağdam ərazilərində meşələri yandırır, bununla da vəhşi təbiəti məhv edirdilər. Ermənilərin Qarabağ və Şərqi Zəngəzur ərazilərinə basdırdığı milyon yarımdan çox mina hələ uzun müddət ərazidə yaşayan canlı aləmi təhdid edəcək. İşöaldan sonra onlarla soydaşımız mina terrorunun qurbanı olub. Ürək ağrıdan məqam budur ki, ərazidə yaşayan vəhşi heyvanlar da erməni vandallarının mina terrorunun qurbanı olurlar. Qarabağ və Şərqi meşələrində yaşayan heyvanların minaya düşməsi, nəticədə müxtəlif bədən üzvlərini itirməsinə dair foto və video faktlar mövcuddur. Bütün bunlar onu göstərir ki, ermənilər vəhşi təbiətə, heyvanlara belə acımayıblar. Özləri çıxıb getsələr də, basdırdıqları minalar insanlarla, heyvanlarla hələ uzun müddət düşmənçilik edəcəklər: "Xaçın çayının qarşısının ermənilər tərəfindən kəsilməsi nəticəsində Ağdam, Tərtər, Bərdə ərazilərində quraqlıq yayılmış, torpaqlar şoranlaşmış, meşələr keçəlləşib. 100 min hektardan artıq sahəsi olan Sultanbud meşəsindəki ağacların bəzilərinin adları artıq “Qırmızı kitab“a düşüb. Qeyd edək ki, meşə əsasən nadir növlərdən sayılan saqqız və uzunsaplaq palıd ağaclarından ibarətdir. Floranın üçdəbirini isə iydə, akasiya, qarağac, göyrüş, meyvə və giləmeyvə ağacları təşkil edir. Bir zamanlar bu meşədə çaqqala, tülküyə, dovşana, canavara, sürünənlərə, quşlardan kəkliyə, çilə, turaca və s. tez-tez rast gəlinirdi. Hazırda xeyli hissəsi keçəlləşmiş Sultanbud meşəsində heyvanat aləmi azalması müşahidə olunur. Hesab edirəm ki, bu da ermənilərin Azərbaycana qarşı ekoterrorunun bir hissəsidir.
Ermənilər işğal dönəmində yeraltı filiz mədənlərimizi talan edib, su resurslarımızı da çirkləndiriblər. Ermənistanın dağ-mədən sənayesi müəsissələri bu gün transərhəd çaylarımızı ağır sənaye tulantıları ilə çirkləndirir. Nəticədə Araz, Bərgüşad, Oxçuçay və digər çaylarımızda canlı aləm məhv olur. Son illər sözügedən çaylarda yaşayan qiymətli balıq növləri məhv olub. Fikrimizcə, ermənilərin vəhşi təbiətə vurduğu ziyanla bağlı faktlar toplanmalı və beynəlxalq təşkilatlara təqdim olunmalıdır".
QHT sədri onu da bildirib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda böyük qayıdış layihəsi çərçivəsində geniş miqyaslı tikinti-quruculuq işləri aparılır. Yaxşı olardı ki, böyük təbii resurslara, meşə zolaqlarına malik Qarabağ və Şərqi Zəngəzur ərazilərində dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları, milli parklar, təbiət parkları, ekoloji parklar,
dövlət təbiət yasaqlıqları, zooloji parklar, nəbatat bağları və dendroloji parklar yaradılsın. Təbiət abidələri bərpa edilsin və qısa müddətdə turistlərin üzünə açılsın.
Azərbaycanda bitki və heyvan növlərinin mühafizəsi istiqamətində müvafiq qurumların, nüfuzlu QHT-lərin, o cümlədən “IDEA” İctimai Birliyinin gördüyü işlər təqdiralayiqdir. Ölkəmizdə nəslinin tükənmə təhlükəsi olan bitki və heyvanların adı “Qırmızı Kitab”a daxil edilib. Həmçinin mühafizə məqsədilə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Vəhşi təbiətin qorunması məqsədilə cəmiyyədə maarifləndirmə tədbirlərini keçirilməsi vacibdir. Xüsusilə ov məvsümündə bu işlər təşkil olunmalıdır: "Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda yaşıl dünya naminə həmrəylik ili elan olunub. Bu il çərçivəsində ekoloji maarifləndirmə tədbirlərinin aparılması vacibdir. Bu işdə medianın, vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifə düşür. Yaxşı olar ki, ətraf mühitin mühafizəsi işi ilə məşöul olan könüllülər ordusu formalaşsın. Onlar xüsusilə piknik mövsümündə meşə zolaqlarının yanğından mühafizəsi işinə cəlb oluna bilərlər. Ağackəsənlərə qarşı mübarizə sərtləşməli, kənd yerlərində şəxsi təsərrüfatlara ziyan vuran vəhşi heyvanların məhv edilməsinin qarşısı alınmalıdır. Bəzən aclıqdan kəndə enən çaqqal, canavar və tülkülər amansızlıqla məhv edilir. Halbuki onlar qida tapmadıqlarından insanlar yaşayan yerlərə enirlər. Onların qidasını isə elə meşələri qıran, yaşıllıqları məhv edən, su resurslarını çirkləndirən insanlar əlindən alıb. Fikrimcə, bu istiqamətdə fermerlərlə, kənd adamları ilə maarilfəndirici söhbətlərə ehtiyac var. Ümumiyyətlə, insanlarda ekoloji şüurun formalaşdırılması, canlı təbiətə sevgi hissini aşılanması məktəb yaşlarından başlasa yaxşı olar. Ümid edirəm ki, bu il təhsil ekspertləri dərslik proqramlarında bununla bağlı dəyişikliklər edəcəklər".

Cavid