Elçin İmanov- 55
Yardımlıdan incəsənət adamları çox çıxsa da, nədənsə aktyorlar az çıxıb. Təsəvvür edin ki, dünyaya səpələnən yarım milyona yaxın Yardımlı əsilli insanların arasında cəmi iki nəfər tanınmış aktyor var. Onlardan biri- “XXI əsrin Fuad Poladovu” adlandırdığım, əməkdar artist İlqar Cahangir, digəri isə aktyor Elçin İmanovdur. Bu gün sizə Elçin İmanovdan söhbət açmaq istəyirəm. Axı, yanvarın 11-i Elçinin 55 yaşı tamam olur...
Etiraf edir ki, “Hicran” tamaşası həyatında böyük dönüş yaradıb. Aktyorluğu seçib. Buna görə ona evdə “mütrüf” deyiblər. Riyaziyyatı sevsə də, aktyorluğa olan həvəsi riyazi biliyini də üstələyib. Teatrı kinodan üstün tutsa da, çoxları onu “Həkimlər” serialındakı Sabir obrazı ilə tanıyıb...
Deyir ki:- “Özüm özümü hələ də tanımıram, tanısaydım xoşbəxt adam olardım. Amma bunu deyə bilərəm ki, 1971-ci ildə Yardımlıda anadan olmuşam. Məndə aktyor olmaq istəyi Hicran tamaşasına baxandan sonra yarandı. “Hicran” tamaşası həyatımda dönüş oldu. Baxmayarq ki, riyaziyyatı yaxşı bilirdim. Hətta böyük siniflərin də məsələlərini həll edirdim. Ancaq aktyorluğa olan həvəsim riyaziyyat biliyimi üstələyə bildi. Ailədə 9 uşağıq ən dəcəlləri və ən ərköyünləri də mənəm. Mənə evdə “mütrüf” deyirdilər. Universitetə imtahan verəndə məndən imtahanı Həsənağa Turabov və Şəfiqə Məmmədova götürdü. Beləcə, teatr kollektivinin rejissorluq fakültəsinə daxil oldum. Turabov mənə dedi ki, bu fakültədə oxu səni 3-cü kursdan aktyorluğa keçirərik. Ancaq elə qəbul olunduğum fakültədən də məzun oldum."
Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən, 1990-cı ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb. Bununla yanaşı şoumenlik və aparıcılıq da edir. Hazırda teatr və televiziya işi ilə yanaşı Bakı Dövlət Sirkində aparıcı kimi fəaliyyət göstərir...
“Mən ampulaya sığan aktyor deyiləm. Hansı rol təklif edilirsə, onu məmnuniyyətlə ifa etməyə hazıram. Rejissora etiraz etməyə haqqın yoxdur. Təklifi qəbul edirsənsə, oynamalısan. Bu sözümə görə mən qınaq obyekti ola bilərəm, ancaq rol təklif ediləndə hansının daha çox qonorar verəcəyini düşünürəm.”- söyləyir.
Yaradıcılğında elə bir dönəm olub ki, dalbadal eyni rolları ifa etmək qismətinə düşüb. Məsələn, 2004-2006-cı illərdə ancaq polis rollarını oynayıb. Sonra ilk olaraq “Həkimlər”, daha sonra “Pərvanələrin rəqsi serialında həkim roluna dəvət alıb. “Pərvanələrin rəqsi”nə onu ssenarı müəllifi Arzu Soltan dəvət edib. Əslində bu rolu həqiqi həkim canladırmalı idi. Sadəcə olaraq, həkimin həyəcanı rejissoru aktyor dəvət etməyə vadar edib. Ən çox pərəstiş etdiyi aktyorlar isə Nəsibə Zeynalova, Siyavuş Aslan, Ramiz Novruz, Nurəddin Mehdixanlıdır...
Deyir ki:- “Aktyorluq işi insana mənəvi qidadır. Amma bunu da danmaq olmaz ki, madiyyat ikinci plana keçırsə mənəviyyat üçüncü olur. Əgər aktyorun maddı vəziyyəti yaxşı deyilsə, səhnəyə fikirli çıxırsa onun hansı mənəvi qida verməyindən danışıla bilər? Məcbur olub ailən üçün daha çox qonorar verilən təklifi qəbul edəsən...”
Əgər məndən soruşsalar ki, aktyor Elçin İmanovu bir cümləylə necə ifadə edərsən, deyərəm: “Elçin əsl intelegent və canlara dəyən oğlandır”...
Yanvarın 11-i Elçin İmanovun 55 yaşı tamam olur, yubileyidir. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu