• 6 Dekabr 2023
logo
Ermənistan eko müharibəyə, faunaya qarşı qəddarlığa görə cavab verməlidir

Ermənistan eko müharibəyə, faunaya qarşı qəddarlığa görə cavab verməlidir

Uzun illərdir Ermənistanın işğalı altında qalan torpaqlarımızda milyonlarla mina basdırılıb. Bu minaların qurbanı yalnız insanlar deyil, həm də vəhşi heyvanlardır.
Bir neçə gün öncə işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayı balasının qalıqları tapılıb. Ayılardan biri minaya düşərək şikəst qalıb, digəri isə ölüb. Partlayış sahəsindən toplanmış minaların damğaları onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Bu isə o deməkdir ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə ilə Azərbaycan ərazilərini minalamağa davam edib. Hətta bir neçə il əvvəl Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Ermənistanla Azərbaycan sərhədində ayaqları sikəst qalmış 2 bəbirin (Panthera pardus) təsvirini də yayıb. Yalnız 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun icra etdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısı alınıb. Mina təhlükəsinin böyüklüyü və törətdiyi fəsadlar bu problemin qlobal səviyyədə həll olunmasını labüd edir. Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var.
Onu da qeyd edək ki, ilkin məlumatlara görə, 2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni dəstələrdən təmizlənməklə Azərbaycan Respublikasının suverenliyinin və Konstitusiya quruluşunun bərpa olunduğu ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Təəssüf ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir.
Bu günlərdə "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar olaraq heyvanların müdafiəsi üzrə dünya təşkilatlarına müraciət edib. Müraciətdə bildirilir ki, Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır.
Müraciətdə Ermənistanın heyvanlardan həm də sui-qəsdçi kimi istifadə etməsinə də yer verilib: "2023-cü il sentyabrın 11-də Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq, onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət etməyə məcbur etmişdilər. Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı nəticəsində terror aktının qarşısı alınmışdı.
““Yaşil Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Xalq Cəhəsi”nə deyib ki, 30 illik işğal dövründə Ermənistan Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan vurub. Təbii sərvətlərimiz talanıb, mədənlər ekoloji norma və tələblərə uyğun olmayan şəkildə istismar edilib, çaylarımız çirkləndirilib, qiymətlıi meşə zolaqları məhv edilib, nadir ağaclar kəsilib. Qarabağ iqtisadi rayonunda (Ağdərə) Dəmirli, Qızıbulaq, Şərqi Zəngəzurda (Kəlbəcər) Zod və Zıngilan qızıl mədənləri talanıb. Zəngilanda qiymətli çinar meşələri məhv edilib. Bir zamanlar Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tuturdur. Çox təəssüf ki, indi həmin təbiət incisi barədə biz keçmiş zamanda danışırıq. Ermənilərin dağ-mədən sənayesindən axıdılan çirkab suları ilə çirkləndirilmiş Oxçuçay artıq ölü çay hesab edilir: “Ermənilərin 30 illik işğal dönəmində törətdiyi vandalizm aktlarının acı nəticələrini bu gün də görürük. İşğalçı Ermənistanla son 30 ildə iki dəfə müharibə aparmışıq. Onlar bu müharibələrin heç birini mərd-mərdanə apara bilməyiblər. Müharibə qanunlarını pozan erməni terrorçuları qadınlara, qocalara və uşaqlara rəhm etməyiblər. Dəfələrlə azərbaycanlılara qarşı etnik soyqırımı həyata keçiriblər. İşğal dönəmində erməni vandalları canlı aləmə, heyvanlara belə rəhm etməyiblər. Ermənilərin yandırdığı meşələrdə canlı aləm, ot örtüyü, münbit torpaq qatı məhv edilib. Təqribi hesablamalara görə, ermənilər Qarabağ və Şərqi Zəngəzurda 1 milyondan çox mina basdırıblar. Torpaqlarımızın mina ilə çirkləndirilməsi prosesi hətta 44 günlük müharibədən sonra da davam edirdi. 2023-cü ilin sentyabrında aparılan lokal anti-terror əməliyyatndan sonra Qarabağ iqtisadi rayonu tamamilə Azərbaycanın nəzarətinə keçdi. Lakin mina təhlükəsi hələ də qalır. Mina təhlükəsi Qarabağa böyük qayıdışa mane olur. Qarabağ münaqişəsi bizi onsuz da 30 il dala salıb. Biz bu müharibənin vurduğu ziyanı aradan qaldırmalı, ermənilərin dağıtdığı şəhər və kəndlərimizi bərpa etməliyik. Lakin böyük xərc aparan bu prosesin özünü başlamaq və sürətlə davam etdirmək mina təhlükəsi üzündən mümkün deyil. Öncə ərazilər minalardan təmizlənməlidir. Torpaqların minadan təmizlənməsi olduqca riskli və bahalı bir prosesdir. Keçmiş Yuqoslaviyadan ayrılan Xorvatiya ərazilərini minadan tam 20 ilə təmizləmişdi. Doğrudur, Azərbaycan bu prosesə daha hazırlıqlıdır. Lakin nə qədər tezləşdirsək də minadan təmizləmə böyük qayıdışı ləngidən faktorlardandır”.
QHT sədri qeyd edib ki, ermənilər sanki bu torpaqlarda bir də kimsə yaşamayacaq, kimsə buranı əkib-becərməyəcək inancı ilə ərazilərimizi barbarlıqla çirkləndiriblər. Ermənilərin basdırdığı minalar insanların, heyvanların həyatına, biomüxtəlifliyə təhlükədir. Ermənilərin mina terroru antihumanist əməldir. İnsan övladı şüurludur, minalı ərazi ilə bağlı xəbərdarlıq banerini görə bilir. Amma heyvanlar bunu bilmir. Yaradanın dilsiz-ağızsız qullarının mina qurbanına çevrilməsi günahdır. Bunu edənlər böyük cinayət işləmiş olurlar. Bu günlərdə sosial şəbəkələrdə iki video-görüntü qarşıma çıxdı. Birində özünə qida axtaran ayağı qopmuş ayı, birində isə minalı ərazidə ölmüş ayı balasının qalıqları görünür. Olduqca ürək ağrıdan mənzərədir: “Bu günlərdə “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi ermənilərin heyvanlardan müharibə aləti kimi istifadə etməsini və heyvanların mina terrorunun qurbanına çevrilməsini pisləyən bəyanat yayıb. “Yaşil Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi olaraq müraciəti dəstəkləmişik. Heyvanlara qarşı mina terroruna son qoyulmalıdır. Beynəlxalq təşkilatlar ermənilərin bu vandallığını pisləməlidir. Bütün dünyanın heyvansevər qurumlarını və insanlarını ayağa qaldırmalıyıq. Çox təəssüf ki, son 30 ildə Azərbaycanın faciələrini görməzdən gələn, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarına biganə qalan beynəlxalq birlik bu məsələdə də ədalətli deyil. Zaman-zaman törətdikləri vəhşilikləri görməzdən gələn dünya ictimaiyyəti heç olmasa bu il Ermənistanın basdırdığı minalarda həyatını itirən 200 nəfərdən artıq vətəndaşımızla bağlı etiraz səsisni ucatlmalı, quru bəyanat da olsa səsləndirməli idi. Minaları istehsal edən, onu qanunsuz olaraq Azərbaycan əraziləriminə basdıran Ermənistan dövlətinin əməlləri pislənməli idi”.
E.Cəfərli onu da vurğulayıb ki, son 30 ildə ermənilərin Azərbaycanın təbiətinə, su resurslarına, canlı aləminə vurduğu ziyanın məbləği açıqlanmalı, bununla bağlı hesabat hazırlanmalıdır. Erməni işğalçıları Azərbaycanın 44 günlük müharibədən sonra bölgəni tərk edib gediblər. Ancaq onların törətdiyi naqis əməllər bu gün bölgədə yaşayan, çalışan insanlara, canlı aləmə zərər verir. Onlar bunun bədəlini ödəməlidir. Erməni işğalçılarının anti insani davranışları 10 noyabr bəyanatından sonra üzə çıxdı. Onlar mina xəritələrini Azərbaycana verməkdən imtina etdilər. Üstəlik 2023-cü ilin 19 sentyabrına qədər Qarabağ və Şərqi Zəngəzur ərazilərinə mina basdırmağa davam etdilər. Məlumdur ki, onların bu xain əməli nəticəsində onlarla hərbçimiz, polisimiz, jurnalistlərimiz mina terrorunun qurbanına çevrilib. 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb: “Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd G-001 M tipli piyada əleyhinə mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Ermənistan nəhayət məsuliyyətini anlamalı və onda olan mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməlidir. Bir məsələ aydındır ki, bədxah qonşularımızın artıq Azərbaycan ərazisində mina basdırmaq imkanları yoxdur. Amma torpaqlarımızı mina ilə onlar çirkləndirib. Bu yaramaz əmələ görə cavab verməlidirlər. Dünya birliyi buna səssiz qalmamalı, beynəlxalq təşkilatlar Qarabağ ərazilərinin minadan təmizlənməsi prosesinə dəstək verməli, Azərbaycana hər cür yardımı göstərməlidi".
Sonda qeyd edək ki, azad edilmiş ərazilərdə ekoloji fəlakətin miqyası, Ermənistan tərəfindən törədilmiş ekosid ürək ağrıdır. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda meşələrin qırılmasını və ya yandırılmasını, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsini heyvanlara qarşı da kütləvi qırğın kimi qiymətləndiririk. Ermənistan bu anti-humanizm hərəkətlərinə, eko müharibəyə, faunaya qarşı qəddarlığa görə cavab verməlidir.

Cavid