• 28 Yanvar 2023
logo
Xaricdə təhsil alacaq hər tələbə üçün illik xərc 51 min manat proqnozlaşdırılıb

Xaricdə təhsil alacaq hər tələbə üçün illik xərc 51 min manat proqnozlaşdırılıb

Cari ildən maliyyələşdirilməsi nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə xərclər növbəti ildən təqribən 2,1 dəfə artırılıb ki, bu da Dövlət Proqramı çərçivəsində növbəti il daha çox gəncin dövlət proqramının imkanlarından istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədardır.

Baymedia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” xərc maddəsi üzrə 2023-cü ildə 36,7 mln. manat proqnoz müəyyən edilib ki, bu da 2022-ci il proqnozundan 18,8 mln. manat və ya 105,0%, gözlənilən icra göstəricisindən isə 19,1 mln. manat və ya 108,5% çoxdur.

Cari ildə bu xərc istiqaməti üzrə 17,9 mln. manat vəsait ayrılsa da, 9 aylıq icra göstəricilərinə əsasən vəsait istifadə edilməyib. Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli 3163 saylı Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, həmin Sərəncamın 7-ci bəndi ilə Neft Fondu birinci maliyyə mənbəyi kimi müəyyən edilib. Dövlət Proqramı ilə 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb. Proqramın əhatə etdiyi dövrdə hər il üzrə 400 yer nəzərdə tutulub ki, həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalvr təhsili üçün ayrılıb. Sərəncamın 2.1.-ci bəndinə əsasən Proqramın əlaqələndirilməsini təmin edən Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə bu proqramın maliyyləşdirilməsi üçün ümumilikdə 21,6 mln. ABŞ dolları və yaxud 36,7 mln. manat vəsaitin ayrılması sifariş edilib. Hər bir təbələ üzrə orta illik xərc 51,0 min manat proqnozlaşdırılıb.