• 21 May 2022
logo
“Məqsədimiz ekoloji problemlərin öyrənilməsinə kömək etməkdən ibarətdir”

“Məqsədimiz ekoloji problemlərin öyrənilməsinə kömək etməkdən ibarətdir”

Elman Cəfərli: “Ətraf mühitin qorunması istiqamətində xeyli işlər görülüb”

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi 2019-cu ilin mayın 3-də bir qrup təbiətəsevər tərəfindən yaradılıb. Yaşadığım Xətai rayonu Nəsrəddin Tusi küçəsi 21 ünvanında, binanın həyətində öz təşəbbüsümlə ağac tingləri, gül kolları əkmişdim. Bu təşəbbüs bina sakinlərinin, digər binalarda yaşayan insanlar tərəfindən bəyənildi. Tədricən yaşıllaşdırma işinə dəstək verənlərin sayı artdı”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb...
-Fikirdaşlarım, Bakı şəhəri 117 saylı orta məktəbin müəllimi Kamal Hacıyev və Şahin İsayevlə boş vaxtlarda rayon ərazisini gəzir, yaşıllıq əraziləri, xırda meşə sahələrini, kəsilən ağacların yerlərini qeydə alırdıq. 2017-ci ildə Nəsrəddin Tusi 22 ünvanda, “Movida “Plaza” şadlıq sarayının yaxınığında işbazlar sakinlərin öz vəsaiti hesabına saldıkları bağı məhv etmək istəyirdilər. O zaman sakinləri topladıq, aidiyyati qurumlara məktublar yazdıq, yaşıllıq sahəsini məhv etmək istəyən işbazları dayandıra bildik. Qısa müddətdən sonra Xətai rayon İcra Hakimiyyəti həmin ərazidə böyük bir park saldı. İndi həmin ərazi sakinləri ən sevimli istirahət guşələrindən biridir.
2019-cu ilin may ayında Xətai rayonu Məhəmməd Hadi 93-99 ünvanında yenə iş adamları yaşıllığa qənim kəsilmişdirlər. Bir gündə 25 meyvə ağacı kəsilmiş, 2 zeytun ağacı və 96 nar kolunun köçürülmə adı ilə məhv edilmişdi. O zaman işbazlara müqavimət göstərən sakinlərə mənəvi dəstək verdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik, onlardan yaşıl tinglər aldıq. Yeri gəlmişkən, nazirliyin əməkdaşları İradə İbrahimova, Səyyarə xanım hər zaman bu işdə bizə yardımçı olublar. Onlara təbiətsevərlər adından təşəkkürümü bildirirəm.
Sakinlərlə danışıq, könüllü təbiətsevərlərlə birgə ərazidə 50-yə yaxın ağac tingləri və kolları əkdik. Elə həmin ay Kamal Hacıyev və Şahin İsayevlə düşündük ki, bu işlə sistemli və ardıcıl məşğul olaq. Qeyri-hökumət təşkilatı yaratmaq qərarına gəldik.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi belə yarandı. Həmin il dekabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıq.
Məqsədimiz ekoloji problemlərin öyrənilməsinə kömək etməkdən ibarətdir.
Birliyin məqsədi bu sahədə elmi təqqiqatların aparılmasına kömək etmək, ekoloji problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənmək, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə təklif və dəstək vermək, aktual ekoloji problemlərlə bağlı ictimai müzakirələr təşkil etmək, bu sahədə araşdırmaların aparmaqdır.
-Son illər Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülür. Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlıər qənaətbəxşdirmi?
-Dövlət qurumları, nüfuzlu qeyri-hökumət təşkilatları bu istiqamətdə müəyyən addımlar atır. Son illər Heydər Əliyev Fondunun, İDEA ictimai birliyinin, Regional İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının salınması istiqamətində xeyli işlər görülüb. Yeni nümunəvi məhəllələr, parklar, istirahət mərkəzləri salınıb. Yaşadığım Xətai rayonu ərazisində də bu istiqamətdə xeyli işlərin şahidiyik. Rayon ərazisində yerləşən “Gənclik parkı” paytaxtın ən böyük istirahət zonalarından biridir. 43 hektar sahəni əhatə edən parkın açılışı 2021-ci ilin 26 avqustunda olub. Parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlayıb. 2 il ərzində gözəl park ərsəyə gəlib. Burada ziyarətçilərin istirahəti üçün müxtəlif infrastruktur yaradılıb və Xəzər dənizinin mənzərəsini də seyr etmək mümkündür.
Ərazidə 300 minədək ağac əkilib və yaşıllıqlar salınıb. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb.
Parkda "Ürəklər" adlı kompozisiya yaradılıb, həmçinin bağlı və açıq futbol meydançaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri salınıb.
Buranı idmanla məşğul olanlar və velosiped həvəskarları üşün cəlbedici edən qaçış üçün cığırlar və velosiped yollarının tikilməsidir. Park böyük olduğu üçün parkda məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Ərazinin ən görməli yerlərindən biri də park ərazisində yaradılan süni göldür. Bir sözlə Bakıdan çıxmadan istirahət edə biləcəyiniz məkandır.
-İndiyə qədər təşkialtınız hansı layihələri həyata keçirib?
-2020-ci ildə sentyabr-noyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsini həyata keçirdik. 2 ay ərzində yay aylarında zəhərlənmə yaradan qida məhsulları haqqında araşdırma aparıldıq. Hansı qida məhsullarının zəhərlənmə riski yaratması barədə əhalini məlumatlandırdıq. Əslində bu problem hər zaman aktualdır. Yay aylarında əhalinin qida məhsullarından zəhərlənməsinin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, müxtəlif yaş qrupuna daxil olan insanlar arasında məlumatlandırma tədbirlərinin keçirilməsinə ehtiyac var. Layihə çərçivəsində populyar sosial şəbəkələrdə səhifə və profil yaratdıq, yay aylarında zəhərlənmə riski yaradan qida məhsulları ilə bağlı məlumat –maarifləndirmə xarakterli materilallar yerləşdirdik. İnternet televiziyalarında məlumatlandırma məqsədilə ilə verilişlər də hazırladıq. Maarifləndirici bukletlər çap edib məktəblərdə payladıq.
-Son illər qlobal miqyasda ekoloji problemlər artıb. Bu problemlərin fəsadlarını aradan qaldırılmasında hansı addımlar atılmalıdır?
- Azərbaycan hələ 2003-cü ildə ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə milli proqram qəbul edib. Ölkəmiz qlobal iqlim dəyişmələrini bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri hesab edir və bu problemin qarşısının alınmasına yönəldilən birgə səyləri dəstəkləyir. Meşələrin artırılması və yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir. Bu baxımdan azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən sayılır.
Hesab edirəm ki, ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının artırılması genişləndirilməsi təkcə dövlətin edəcəyi iş deyil. Bu işdə cəmiyyət olaraq aktiv olmalıyıq. Vətəndaş cəmiyyəti, media bu sahəni diqqətdə saxlmalıdır, bu istiqamətdə təşəbbüsləri dəstəkləməlidir. Biz evimizi, həyətimizi təmiz saxlayırıq. Amma bəzi insanlarımız ümumi həyətə, binaya, liftə qarşı laqeydlik göstərirlər. Ətraf mühiti evimizin bir addım çölündən başlayır. Mənim fikrimcə, ekoloji tərbiyə uşaq yaşlarından başlanmalıdır. Uşaqlara ətraf mühiti, canlı aləmi qorumağı öyrətməliyik. Valideyn azyaşlı uşağının yanında suyu içib qabını, yeməyi yeyib polietilen torbanı avtomobilin pəncərəsindən bayıra atırsa, artıq uşaqda zərərli vərdiş aşılamış olur. Halbuki bunun əksi olmalıdır. Tullantı bunun üçün ayrılmış xüsusi yerlərə atılmalıdır. Uşaqlara sahibsiz heyvanlara, həyətdə əkilmiş güllərə, ağaclara qarşı sevgi hissi aşılanmalıdır. Uşaq körpə yaşlarından ətraf mühiti toxunulmaz bilərsə böyüyüb iş adamı olanda ağaclıqlara qənim kəsilməyəcək.
-Ölkəmizin daha çox hansı bölgələrində yaşıllaşdırma tədbirləri həyata keçirilməlidir?
-44 günlük Vətən müharibəsindən sonra meşə sahələri ilə zəngin xeyli ərazilərimiz düşməndən azad edilib. Ancaq 30 il işğal altında qalmış ərazilərimizdə hər şey, o cümlədən canlı aləm, yaşıllıqlar məhv edilib. İşğaldan azad olunmuş rayon mərkəzlərində böyük parkların salınması planlaşdırılır. Bu, fikrimcə yaxşı təşəbbüsdür. Ümumən Azərbaycanın iri sənaye şəhərlərində, o cümədən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərində yaşıllıq zonalarının salınamsına ehtiyac var. Bakıda son illər işbazlar xeyli çoxillik ağacları məhv edib, yerində iaşə müəssisələri tikiblər. Məhv edilmiş yaşıllıq zonalarının əvəzinə yeni parklar, xırda meşə sahələri salınmalıdır. Bu işdə hər bir vətəndaş təşəbbüskar olmalıdır. Binaların həyətində çoxlu boş yerlər var. Hər bir vətəndaş yaşadığı ərazidə ən azı 2 ağac əkərsə yaşıllaşdımra işinə töhfə vermiş olar. Bu günlərdə N.Tusi küçəsinin sakinləri ilə belə bi təşəbbüs göstərdik. Ağac tingləri aldıq və binanın həyətində əkdik. Bina sakini Yaqub Axundov o ağaclara və özünün əkdiyi gül kollarına könüllü qulluq göstərir. O, öz vəsait hesabına su xətti çəkib və mütəmadi olaraq ağacları, kolları suvarır. Dövlət qurumları, Mənzil İstismar Sahələri, Azərsu, bələdiyyələr bu cür təşəbbüsləri dəstəkləməlidir.
Əli Zülfüqaroğlu