Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümün həsr olunan “Heydər Əliyev və Azərbaycanda kənd təsərrüfatı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Direktor bildirib ki, Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna xidmətləri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə qəbul edilən qərarlar, hazırlanan kompleks tədbirlər planı aqrar sahədə dayanıqlı inkişafın təməl prinsiplərini formalaşdırıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Aqrar elmlər doktoru Ələddin Tağıyev bildirib ki, Heydər Əliyev elmin nailiyyətlərinin və kənd təsərrüfatında struktur dəyişiklikləri edilməsi yolu ilə kənd təsərrüfatında geriliyə son qoyulmasına, onun inkişaf etdirilməsinə nail olur. O, kənd təsərrüfatı məhsulları istehsalında böyük imkanlara malik olan pambıqçılığın geridə qalmasından ciddi narahat olur, bu sahənin inkişaf etdirilməsi üçün əməli tədbirlər həyata keçirir. Heydər Əliyevin göstərişi ilə istifadə edilməyən boş torpaqlar əkilməyə başlayandan sonra 80-90 min ton pambıq istehsal edilməyə başlayır.
Heydər Əliyevin rəhbərliyi altında minlərlə yüksək məhsul ustası və qabaqcıl pambıqçılar Şamama Həsənova, Qızqayıt Həsənova, Zəminə Aslanova, Sərdar İmrəliyev, Tərlan Musayeva, Sabir Əhmədov, Hümbət Əliyev, Suğra Mədətova, Ərəstun Məmmədov, Pənah Həsənov və s. formalaşaraq yüksək dövlət mükafatlarına layiq görülmüşdürlər.
Tədbirdə Səbuhi Eldarov “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda üzümçülüyü”, Fərmayıl Qəhrəmanov “Heydər Əliyev və torpaq islahatları”, Jalə Hüseynzadə “Azərbaycan gəncliyi və kənd təsərrüfatı”, “Aqrar sahə və ölkənin ərzaq təhlükəsizliyi” mövzusunda məruzələrlə çıxış edərək Ümummilli Liderin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulmasında və inkişafında müstəsna rolu haqqında fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.