Noyabrda Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir COP29 dünyanın diqqət mərkəzindədir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı tədbir çərçivəsində keçirilən “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarında bildirib ki, BMT COP29-un keçirilməsində Azərbaycana dəstək vermək niyyətindədir.
"Biz ev sahibi olan ölkəyə və COP29 sədrliyinə bütün təşkilati aspektlərdə həqiqətən dəstək olmaq istəyirik və ümid edirəm ki, bu, bizdə alınır", – o qeyd edib.
V.Andreyeva bildirib ki, COP-un başlamasına çox az vaxt qalıb və beynəlxalq ictimaiyyət onun təşkilində Azərbaycana kömək etməlidir: “Biz COP29-un uğurla keçməsini istəyirik”.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib ki, COP-lar BMT çərçivəsində ən inklüziv tədbirlərdəndir.
Onun sözlərinə görə, bu il Bakıda keçiriləcək COP29-dan əsas gözlənti kollektiv cəmiyyət hədəfinin müəyyənləşdirilməsidir.
"Bu nə deməkdir? 2009-cu ildə Kopenhagendə keçirilən COP zamanı qəbul edilən qərara görə, illik əsasda inkişaf etmiş dövlətlər iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan dövlətlərə 100 milyard dollar yardım etməlidir. Bunlar da qrantlar və təmənnasız yardımlar şəklində olmalıdır. Bu il Bakıda keçiriləcək COP-dan əsas gözlənti bu 100 milyard dollarlıq yardımın yuxarı həddini müəyyənləşdirməkdir. Çünki, artıq illər keçib, dünya iqtisadiyyatı dəyişib, tələblər və ehtiyaclar artıb, ölkələrin də buna uyğun ehtiyacları dəyişib", - Y.Rəfiyev qeyd edib.
O əlavə edib ki, Bakıda keçiriləcək COP-da artıq qərar verilməlidir; bundan sonra inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə nə qədər yardım etməlidir?!
"Bu istiqamətdə ilin əvvəlindən dünya ölkələri ilə işləyirik. Hazırda danışıqlar prosesinə hazırlıq gedir. Mövqelərdə aydınlıqlar var. Bunu ortaq nöqtəyə gətirib konsensusa çatmaq üçün strategiyanın üzərində çalışırıq", - baş danışıqçı vurğulayıb.
O, qeyd edib ki, COP29-la bağlı bütün dövlətlərin konstruktiv yanaşmasını müşahidə edirik.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə danışıqlar prosesi onsuz da mürəkkəb şəraitdə davam edir: "İqlim məsələsi isə fərqli bir mürəkkəbliyə malikdir. İqlim dəyişikliyinə dövlətlərin münasibəti də fərqlidir. Hətta bu il bir az daha mürəkkəbdir. Çünki maliyyə mövzusunda danışırıq. Maliyyə ilə bağlı qərar qəbul etməyə çalışırıq. İqlim və maliyyənin bir araya gəlməsi isə onsuz da çətin olan danışıqlar gündəliyimizi daha da mürəkkəbləşdirir. Lakin dövlətlərin münasibətinə toxunsaq, deyə bilərik ki, indiyə qədər biz bütün dövlətlərin konstruktiv yanaşmasını müşahidə edirik. Hər hansısa dövlətdə çətinlik və ya problem müşahidə edilməyibsə, bu, müsbət bir amildir. Hazırda dövlətlər arasında bir-birinə doğru addım atmaq meyilləri müşahidə edilir. Ancaq nəzərə alınmalıdır ki, bu il dünyada seçkilər ilidir. Dünyada 4 milyarddan çox insan səsvermədə iştirak edəcək. 60-dan çox dövlətdə seçkilər keçirilir".
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib ki, iqlim dəyişikliyi hazırkı ssenari ilə davam etsə və ya daha da ağırlaşsa, dünyanı böyük fəlakət gözləyir. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün BMT-yə üzv dövlətlər, eləcə də Rio konvensiyasına və Paris sazişinə tərəfdaş dövlətlər ciddi və nəticəyönümlü addımlar atmalıdır.
"Bu addımın atılması üçün ən uyğun platformalardan biri də COP tədbirləridir", - Y.Rəfiyev vurğulayıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer isə deyib ki, son yüz ildə aparılan müşahidələr göstərir ki, iqlim dəyişikliyinin fəsadları özünü son dərəcə tez büruzə verir.
“Əvvəllər iqlim dəyişikliyinə uyğunlaşmaq üçün ildə təxminən 100 milyard ABŞ dollarına ehtiyac olduğu müəyyən edilmişdi, lakin son illərdə əmin olduq ki, iqlim dəyişikliyi və onun fəsadları özünü daha sürətlə göstərir və getdikcə daha çox investisiya tələb edir”, - o qeyd edib.
A.Sayer əlavə edib ki, Bakıda keçiriləcək sessiya iqlim maliyyələşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.
COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai isə vurğulayıb ki, COP təkcə ətraf mühitin mühafizəsi deyil, daha geniş anlayışdır. Burada söhbət gələcəyin iqtisadi modelinin tamamilə fərqli olmasından gedir.
O bildirib ki, bu proses bütün sahələrə təsir edəcək: "Burada qəbul olunan qərarlar bütün sahələri əhatə edəcək. Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir çox önəmli qərarların, xüsusilə maliyyə hədəfinin dəqiqləşdirilməsi baxımından əhəmiyyətli olacaq. Bu prosesə təkcə təşkilatlar, dövlətlər deyil, iqtisadi və maliyyə qurumları, banklar, investorlar və s. də qoşulacaq. Qlobal qərarların şahidi olacağıq".
Türkiyəli deputat Doğan Bekinin fikrincə, hazırda bütün ölkələr üçün vacib olan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək.
O bildirib ki, Azərbaycan gündən-günə geostrateji baxımdan çox önəmli bir yer tutaraq dünyada yüksək söz sahibinə çevrilməkdədir: “Bir neçə ay öncə Bakıda keçirilən Türk dövlətlərinin İqtisadi Forumuna qatılmışdım. Tədbirdə xeyli sayda iştirakçı vardı. Təbii ki, Qarabağ torpaqlarının təkrar Azərbaycana qaytarılması üçün aparılan ədalətli mübarizə və əldə olunan qələbədən sonra bölgədə Azərbaycanın gücü daha çox hiss edilməyə başladı. Azərbaycan bu günə qədər çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Hazırda isə nüfuzunun bu qədər gücləndiyi bir zamanda COP29 kimi tədbiri də öz üzərinə götürməsi ölkənin dünyadakı yerini daha da yüksək səviyyədə bərqərar edir”.
D.Bekin Azərbaycanın COP29 kimi ekoloji baxımdan beynəlxalq dərəcədə əhəmiyyətli olan bir tədbirin də öhdəsindən uğurla gələcəyinə inandığını qeyd edib.
Vyetnam Sosialist Respublikasının Türkiyədəki səfiri Do Son Hai isə bildiri: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın beynəlxalq səhnədəki önəmli rolunu əks etdirir”.
Səfir deyib ki, hazırda bütün dünyanın diqqətinin üzərində olduğu bu beynəlxalq tədbirdə iştirak üçün ölkəsinin rəhbərliyi də dəvət alıb: “Biz COP29-a dəvət olunmuşuq. Düşünürəm ki, ölkəmiz bütün dünya üçün ekoloji əhəmiyyəti olan bu tədbirdə yüksək səviyyədə təmsil olunacaq”.
Azərbaycanın ən mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan səfirin fikrincə, rəsmi Bakı COP29-un da öhdəsindən layiqincə gələcək.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi və COP29-un Kommunikasiya Qrupunun üzvü Cəmalə Əliyeva yerli media nümayəndələri üçün keçirilən "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında çıxışı zamanı deyib ki, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı yarana biləcək böhran vəziyyətlərində media tərəfindən faktlara əsaslanan düzgün məlumatlar yayılmalıdır.
C.Əliyeva "Böhran vəziyyətlərinin kommunikasiyasında medianın rolu" mövzusuna uyğun təqdimat nümayiş etdirib, jurnalistləri baş verə biləcək böhran vəziyyətlərinin, insidentlərin effektiv kommunikasiyası və bu vəziyyətlərdə medianın rolu, onların necə fəaliyyət aparması, media ilə birgə əməkdaşlıq kimi məsələlər barədə məlumatlandırıb: "Medianın COP-29 kimi əhəmiyyətli tədbiri işıqlandıram zaman xüsusi diqqət etməli olduğu məqamlar böhran vəziyyətlərinin tənzimlənməsidir. Belə ki, bu prosesdə media tərəfindən faktlara əsaslanan düzgün məlumatların yayılmasının dezinformasiya və manipulyasiya hallarının qarşısının alınmasına, cəmiyyətin düzgün istiqamətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər".
Onu da qeyd edək ki, Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə BMT-nin Baş katibi Antonio Quttereş arasında Tonqada görüş baş tutub.
COP29-un rəsmi "X hesabında paylaşımda deyilir ki, tərəflər Sakit okean adalarının səslərini dünyaya çatdırmaq, həmçinin COP29-dan əvvəl daha möhkəm, davamlı gələcək qurmaq üçün çalışdıqlarını vurğulayıblar.
Qeyd edək ki, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Okeaniyadakı 18 dövlət və ərazinin liderləri bu gün Sakit Okean Adaları Forumunun 53-cü iclası üçün Tonqa Krallığında toplaşıb. Bu forum Okeaniya ölkələri və əraziləri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yaradılıb. Təşkilatın üzvləri Avstraliya, Kuk adaları, Fici, Vanuatu, Mikroneziya Federativ Ştatları, Fransız Polineziyası, Nauru, Yeni Kaledoniya, Yeni Zelandiya, Niue, Palau, Papua-Yeni Qvineya, Samoa, Solomon adaları, Tonqa Krallığı, Tuvalu, Kiribati, Marşal adaları, assosiativ üzv – Tokelaudur.
Cavid