• 15 Oktyabr 2024
logo
Səhiyyə Nazirliyindən bu şəxslərə xəbərdarlıq

Səhiyyə Nazirliyindən bu şəxslərə xəbərdarlıq

Səhiyyə Nazirliyi respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində qanunsuz yoxlama və dezinfeksiya işləri aparan şəxslərə xəbərdarlıq edib.

Baymedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir:

"Lakin son zamanlar Bakı şəhərinin bir sıra rayonlarında özlərini Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi”nin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi” adlı qurum mövcud deyil və o qurumun təqdim etdiyi blanklarda nazirliyin adından əsassız şəkildə istifadə edilir".

Məlumatda vurğulanıb ki, Azərbaycandsa fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər:

"Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir", - deyə məlumatda qeyd olunub.