• 25 İyun 2025
logo
Lənkəran gəncləri ekologiya mövzusunda maarifləndiriliblər

Lənkəran gəncləri ekologiya mövzusunda maarifləndiriliblər

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsinin qalibi Zahirə Cahangirzadə tərəfindən icra olun “Ekologiyanı qoru” adlı layihə çərçivəsində 22-23 iyul tarixlərində Lənkəran şəhərində 16-29 yaş arasında olan gənclər üçün təlim həyata keçirilib.

Tədbirin açılışını edən layihə rəhbəri Zahirə Cahangirzadə Azərbaycanda “2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili” olmasını və “COP-29” kimi böyük beynəlxalq tədbirin ölkəmizdə keçirilməsini xatırladıb və bu tədbirləri nəzərə alaraq layihənin gənclər üçün əhəmiyyətindən söz açıb. O, Azərbaycan Gənclər Fondunun layihəyə verdiyi maliyyə dəstəyinə görə gənclər adından quruma təşəkkürünü də çatdırıb və iştirakçılara gələcəkdə Fondun qrant müsabiqələrində iştirakını onlar üçün uğurlar qazandıracağını deyib.
Tədbirdə iştirak edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov dövlət gənclər siyasətinin gənclərin inkişafındakı rolunu, Azərbaycan Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlar və mərkəz olaraq regionda gördükləri işlər barədə iştirakçıları məlumatlandırıb.
Ekologiya üzrə müstəqil ekspert, eyni zamanda layihə üzrə təlimçi Afiq Məlikov 2 günlük təlim müddətində ölkədə və dünyada ekoloji vəziyyət, Ekoloji sistem, ətraf mühit, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanması, təbii sərvətlər və onların növləri, Alternativ enerji mənbələri, Təbii sərvətlərdən səmərəli istifadə, Ekoloji problemlər və onların həlli yolları, Yanğınlar və onlara qarşı mübarizə tədbirləri, Tullantılar və onların idarə olunması, Ekoloji siyasət, COP29 və Yaşıl dünya naminə həmrəylik ili” mövzularında geniş təqdimatlar keçirib. O həmçinin müzakirələr aparıb, qrup işləri həyata keçirib. İştirakçılar bir çox aidiyyəti ekoloji çarxları izləyiblər. Təlimin sonunda iştirakçılara sertifikat verilib və onların istifadəsi üçün digər çap məhsulları paylanıb.
Qeyd edək ki, layihənin məqsədi Lənkəran şəhərində yaşayan gənclər və əhali arasında ekoloji düşüncələrin artırılmasına və ekoloji tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
Əlavə edək ki, cari ilin 1 avqust tarixində təlimdə iştirak edən gənclərlə birgə Lənkəran rayonun müvafiq ərazilərində ekoloji aksiyanın keçirilməsi planlaşdırılıb.