• 24 İyul 2024
logo
Polietilen paket bəlamız

Polietilen paket bəlamız

İyulun 3-ü “Beynəlxalq polietilen paketdən imtina günü”dür

İyulun 3-də qeyd olunan “Beynəlxalq polietilen paketdən imtina günü” polietilen torbaların istifadəsini azaltmaq məqsədi daşıyan qlobal təşəbbüsdür. Plastik torbalar alış-veriş zamanı rahat daşıma vasitəsi kimi görünə bilər, lakin onlar ətraf mühitə böyük yük yaradır. Plastik torbaların parçalanması yüz illərlə çəkə bilər, buna görə də poliqonlarımızda qalan və su yollarımızı çirkləndirən tullantıların böyük bir hissəsini onlar təşkil edir.
Qeyd edək ki, plastik torbalarla alış-verişə davam edən obyektlər bir çox ölkədə vergiyə cəlb edilib, bəzilərində də pulla təklif edilir. Danimarka, Bolqarıstan, İspaniya kimi ölkələrdə sellofan torbalardan istifadə vergiyə cəlb edilir, Hollandiya, İsveç Xorvatiya, Sloveniya və Latviya kimi ölkələrdə isə pulla təklif edilir. İtaliya, Rumıniya və Litvada bütün ölkə ərazisində plastik torbalardan istifadə qadağan edilib, Fransada isə ölkənin bəzi yerlərində birdəfəlik plastik torbalardan istifadə qadağandır, bəzi bölgələrdə isə ödənişlidir.
Yunanıstan polietilen torbalardan 75 faiz imtina edib, 2025-dək bu hədəf 95 faizədək planlanıb. Hazırda dünyanın 60-dan çox ölkəsində plastik torbalardan istifadə qaydaları mövcuddur. Son illərdə Tayvan, Kolumbiya, Mozambik və Cənubi Afrikada da plastik torbalar ödənişli satılır.
Ümumiyyətlə, dünyada ilk dəfə 2002-ci ildə Banqladeşdə tətbiq edilən bu qadağa ən sərt Keniyada hökm sürür. Bu ölkədə 2017-ci ildə qüvvəyə minən qanuna görə plastik torbalardan istifadə edən, istehsal edən və ya satanları 4 ilə qədər həbs və ya 38 min dollara qədər cərimə gözləyir. Plastik torbalardan istifadəni qadağan edən ölkələrin təxminən yarısı Afrikadadır.
Qadağa tətbiq edilən ölkələrdən olan Danimarka və Finlandiyada adambaşına illik sellofan istifadəsi 4 ədəddir. Sözügedən qadağa İrlandiyada 2002-ci ildə bu rəqəm 328 ədəd olarkən tətbiq edildi, amma hazırda adambaşına 18 ədədə qədər azalıb.
Buna baxmayaraq, dünya üzrə bu məhsulların istifadəsi azalmır, əksinə artr.
Ölkəmizdə də 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub.
Amma üstündən 3 il keçməsinə baxmayaraq alış-veriş mərkəzləri, o cümlədən də super-marketlərdə qanun kobud şəkildə pozulmaqdadır.
Demək olar ki, bütün marketlərin vitirinlərində birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq satışına rastlanır. Həmçinin bir çox məhsullar qalınlığı 15 mikrondan az olan polietilen torbalarda alıcılara təqdim olunmaqdadır.
Hökumətin qərarına əsasən ölkəmizin irili-xırdalı ticarət şəbəkələrində satılan polietilen torbalar ayrıca məhsul növü kimi kassa çekində öz əksini tapmalıdır. Buna əməl etməyən ticarət obyektlərini isə 6 min manata qədər cərimə gözləyir. Müşahidələr göstərir ki, hazırda marketlərdə bu qaydaya riayət edilsə də, bir çox təsərrüfat mağazalarında, geyim dükanlarında və digər ticarət mərkəzlərində polietilen paketlərin kütləvi, özü də heç bir ödəniş həyata keçirilmədən istifadəsi davam edir. Ötən 6 ay ərzində ölkəmizdə polietilen torbaların istifadəsi bir qədər azalsa da, ətraf mühitin bu cür zərərli tullantılardan xilası ilə bağlı görülən işləri qənatbəxş hesab etmək qətiyyən mümkün deyil.
Çünki qadağan edilmiş belə malları əvəz edəcək alternativlər, demək olar ki, yoxdur. Yəni ölkəmizdə plastik qabların və polietilen torbaların alternativlərinin kütləvi istehsa-lına, hələlik, başlanılmayıb. Düzdür, son zamanlar marketlərdə çörək və bulka məmulatlarının satışı zamanı kağız torbalardan geniş istifadə olunsa da (həm də onlar üçün heç bir məbləğ tələb olunmur), bu, heç də polietilen torbalardan istifadəni azaltmağa yetərli deyil.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən ölkəmizdə də bu ilin yanvar ayının 1-dən etibarən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə cərimələrin tətbiq edilməsinə başlanılıb. Qeyd edək ki, 15 mikronadək qalınlığı olan polietilen torbaların və plastik qabların satışı, istehsalı və ölkəyə istehlak halı aşkarlanarsa inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Bütün dünya plastik məhsulların istifadəsindən aktiv şəkildə imtina edir və bunun da obyektiv səbəbləri var. Belə ki, okeanlarda olan tullantıların 70%-i məhz plastik tullantıların payına düşür. Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsullar isə Avropa çimərliklərində olan tullantıların yarısını təşkil edir. Ekspertlər deyir ki, plastik torbalar təbiətdə uzun müddət qala bilir və digər tullantılardan daha təhlükəli olur.
Sosioloq Elçin Bayramlı deyir ki, son illərin statistikasına görə vətəndaşların bədəni plastik kütlələrlə zənginləşməkdədir və bu yaxın on illikdə ən ciddi fəsadları ilə üzə çıxacaq:
"Alernativlər kağız paketlər və şüşə qablardır. Yeyinti məhsullarının şüşə qablarda satılması tövsiyə olunur. Məhsuların daşınması taxta yeşiklərlə həyata keçirilməlidir. Həmçinin yeni taxta və şüşə zavodları açılmalı və istehsal artırılmalıdır. Polietilen torbalardan imtina üçün parça tipli paketləmədən istifadə daha məqbuldur, lakin bu sahədə son illərdə xeyli qiymət artımı müşahidə olunmaqdadır. Misal üçün sözügedən qanun layihəsinin qəbulundan öncə parça paketlərin qiyməti 1 manat idisə, indi 2 manatdır.
İnsanlar ekologiyanı və sağlamlıqlarını qorumağa çağırıldığı bir vaxtda bundan süni surətdə istifadəyə çalışmaq qəbuledilməzdir. Zərərli polietilen məhsullarının gündəlik həyatımızdan çıxmamasının digər səbəbləri isə alternativlərin olmamasıdır. Yəni ilk növbədə bunlardan imtina üçün alt baza təmin olunmalıdır".
Həkim Rasif Bağırovun fikrincə isə Polietilen paketlərin və qanunla qadağan olunmuş plastik məhsulların istifadəsindən imtina etmək yalnız ekoloji cəhətdən savadlı istehlakçının formalaşması əsasında həyata keçirilə bilər və polietilen paketlərdən imtina üçün uzunmüddətli maarifləndirmə kampaniyası təşkil olunmalıdır:
"Bir plastik qabın təbiətdə əriyərək yox olması üçün 450-500 il vaxt lazımdır. Plastik məhsullar torpaq və su ilə yanaşı insan orqanizminə də zərər vurur. Qalınlığı 15 mikrondan az olan polietilen torbalardakı zərərli maddələr 1-2 saat müddətində oradakı qida məhsulu ilə reaksiyaya girir. Məhsulla qidalanan insanın orqanizmində isə modifikasiyaya uğrayaraq zamanla “xərçəng” və bəzi ağciyər xəstəliklərinin yaranmasına səbəb olur".
Statistik məlumatlara görə, dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Rahat alış-verişin etalonu hesab edilən bu torbaların dənizə atılması bir çox dəniz canlısının mədəsində plastik tullantıların yığılmasına səbəb olur. Çünki okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqrama qədər polietilen torbanı dənizə atır. Ekoloqlar deyirlər ki, dünyanın quru səthinin polietilen torba işğalından qurtulmasının səbəbi okean dibinin sellofan torba və plastik qabların qəbiristanlığına çevrilməsidir. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axınını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında, daha sonra ölkə daxilində polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.
Deməli, yeganə, həm də düzgün çıxış yolu ekoloji cəhətdən daha təmiz kağız və parçadan olan torbaların istehsalına nail olmaqdan ibarətdir. Bunun üçün isə bir sıra stimullaşdırıcı tədbirlərdən isti¬fadə edilməklə özəl sektorda bu sahəyə marağı artırmaq lazımdır. Yəni ölkəmizdə alternativ məhsulların istehsalının təşkili hökumət və biznes qurumlarının birgə fəaliyyətindən asılıdır. Əks təqdirdə, 3-5 qəpiyin müqabilində təbiəti və insanları¬mızı bu zərərli tullantıların mənfi təsirlə¬rindən qorumaq mümkün olmayacaq.
...Düzdür, bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantıların parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir. Bilməliyik ki, sellofanların, xüsusilə də rəngli olanların, ekologiya və insan həyatına çox böyük ziyanı var. Xəstəliklərin də baş alıb getməsinin əsas səbəblərindən biri də məhz bu problemlərdir. Sellofan paketlərdə qidaların saxlanılması qəti surətdə qadağandır. Yalnız xüsusi sertifikatlı sellofanlardan istifadə edilməsi daha məqsədəuyğun olar.

Cavid