• 22 İyun 2024
logo
“COP 29 qlobal razılaşma əldə etmək üçün mühüm platforma rolunu oynayır”

“COP 29 qlobal razılaşma əldə etmək üçün mühüm platforma rolunu oynayır”

Aqşin Kərimov: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə səylərin ədalətli bölüşdürülməsinə nail olmağa çalışır”

“Azərbaycan Qarabağ münaqişəsinin həllindən sonra sürətli bir tempdə yaşıl enerji siyasətini strateji istiqamətinin vizyonuna daxil etdi. Bu, Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədəki səylərini vurğulayır. Təbii ki, Bakının enerji siyasətindəki yüksələn yeni tendensiya qlobal və regional aktorlar üçün cəlbedici görünür. Diqqət həm də Azərbaycanın başlatdığı və strateji müttəfiqi Türkiyə ilə yanaşı başqa tərəfdaşlardan dəstək aldığı Zəngəzur dəhlizi layihəsinin nüvəsinə doğru yön alır. Mən hesab edirəm ki, Zəngəzur dəhlizinin təhlükəsizlik aspektləri ilə paralel olaraq böyük “yaşıl vizyonu” da mövcuddur”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi təhlilçi Aqşin Kərimov bildirib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirib.
- Bakıda keçiriləcək COP29 tədbirinin dünya üçün əhəmiyyəti nədən ibarətdir?
- İqlim dəyişikliyi spesifik mövzudur və bu barədə mütəxəssislərin, alimlərin danışması məqsədəuyğun olardı. Lakin məsələnin geosiyasi əhəmiyyəti olduğundan biz tədbirə qlobal siyasətdə cərəyan edən tendensiyalar fonunda da şərh verə bilərik.
COP 29 iqlim dəyişikliyinin təhlükəli şəkildə sürətləndiyi bir vaxtda temperaturun yüksəlməsini nizamlamaq barədə qlobal razılaşma əldə etmək üçün mühüm platforma rolunu oynayır.
Azərbaycan ev sahibi kimi, iqlim dəyişikliyi ilə mübarizədə səylərin ədalətli bölüşdürülməsinə nail olmağa çalışır. Ancaq rəsmi Bakının təklif və tövsiyələri COP 29-un gedişatında açıqlana və iqlim dəyişikliyi ilə mübarizə aparan tərəflərə təqdim edilə bilər.
Hərçənd ki, etiraf etməliyik ki, bu, geostrateji arenalarda iqlim dəyişikliyi ilə mübarizə kimi bəşəri bir missiyada belə geosiyasi ambisiyalar önə çıxır. Bu amil, mübarizənin səmərə və faydasını, mümkün effektiv nəticələri şübhə altına alır. Bununla belə, tədbirdə böyük güclərin enerji strategiyalarını təkmilləşdirmək üçün əməkdaşlıq edə biləcəyi sahələri müəyyən edən yol xəritəsi çəkilə bilər.
- Yaşıl enerji keçid istiqamətlərini siyasi cəhətdən necə qiymətləndirirsiz?
- Dünyada yaşıl enerjiyə keçid strateji rəqabətin bir hissəsidir. Deməli “yaşıl keçidlər”də yekun qalibiyyət qazanmaq uğrundakı mübarizə qlobal güc balanslarına təsir edir.
İndi Azərbaycan Rusiya, Çin, ABŞ və başqa oyunçuların təbiətin şıltaqlıqlarına qarşı mübarizədə belə bir-birlərinə güzəştə getməməsi fonunda belə bir tədbirə ev sahibliyi edəcək. Göründüyü kimi qlobal iqlimdəki problemlərlə yanaşı, geosiyasi mürəkkəbliklər üçün də həll yolları tapılmalıdır.
- Yaşıl enerji qlobal güc rəqabətinə hansı formada təsir göstərir?
- Yaşıl enerjiyə keçid münaqişələrə və ya gizli rəqabət tendensiyalarına təsir edir. Çünki geosiyasətin mənzərəsindəki “yaşıllıq” kritik mallara olan tələbatı artırır. Misal üçün, dünyada dekarbonizasiya səyləri artdıqca, Afrikada minerallara çıxış üçün böyük güclər arasında rəqabət artan meyillərlə davam edir. Bu, yerli, regional və beynəlxalq səviyyələrdəki gərginliyi artırır. Sözsüz ki, belə tendensiyalar təbii sərvətlərlə zəngin olan başqa qitələrə də diqqəti yönəldir.
Bundan əlavə, məsələn, götürək avtomobil istehsalını, Çin hazırda dünyada sürətli bir şəkildə elektrik avtomobillərinin sayını artıraraq onları qlobal bazarlara daxil edir. Bu, iqtisadi güc tərəzilərində balansı dəyişir.
- Azərbaycan hansı təkliflər verməlidir?
- Azərbaycan elə konstruktiv bir formul irəli sürə bilər ki, təbii sərvətlərin üzərində oturan ölkələr onları istismar edən güclərin rəqabəti altında əzilməsin. İkinci bir tərəfdən iqlim dəyişikliyi əlaqədar istehsalat sahələrindəki təzə layihələrin bərabərsizlik şəraitində hökm sürməsi əleyhinə təkliflər verə bilər. Ancaq şiddətlənən çəkişmələrin müşayiətində belə ədalətli yanaşmanı təmin etmək çətindir.
- Bəs COP29-dan Azərbaycan hansı dividentlər əldə edir? Tədbirə qatılacaq çoxsaylı nüfuzlu qonaqları olacaq. Bu Azərbaycanın dünyadakı mövqeyinə necə təsir edəcək?
- Azərbaycan Qarabağ münaqişəsinin həllindən sonra sürətli bir tempdə yaşıl enerji siyasətini strateji istiqamətinin vizyonuna daxil etdi. Bu, Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədəki səylərini vurğulayır. Təbii ki, Bakının enerji siyasətindəki yüksələn yeni tendensiya qlobal və regional aktorlar üçün cəlbedici görünür. Diqqət həm də Azərbaycanın başlatdığı və strateji müttəfiqi Türkiyə ilə yanaşı başqa tərəfdaşlardan dəstək aldığı Zəngəzur dəhlizi layihəsinin nüvəsinə doğru yön alır. Mən hesab edirəm ki, Zəngəzur dəhlizinin təhlükəsizlik aspektləri ilə paralel olaraq böyük “yaşıl vizyonu” da mövcuddur. Bu baxımdan, COP29 Azərbaycana həm də yenilənən vizyonuna beynəlxalq dəstək baxımından xüsusi əhəmiyyət kəsb edəcək.
Konseptual yanaşdıqda isə Azərbaycan qlobal mərkəzlərin diqqət mərkəzinə düşür və alternativ dəstəklər qazanır. Bu amil Azərbaycanın beynəlxalq səviyyədəki yerinə və regional siyasətdəki təhlükəsizlik naminə genişlənmək prioritetlərinə yeni nəfəs verə bilər.
- COP29 Azərbaycan-Ermənistan sülh gündəliyinə necə təsir göstərir?
- Xatırladım ki, Ermənistan COP29 ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyib. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.
Bunu yada salmaqla demək istəyirəm ki, COP29 Bakı-İrəvan sülh proqramına alternativ yol göstərən istiqamət kimi simvolizə edilə bilər.
Düşünürəm ki, Azərbaycanla Ermənistan mötəbər beynəlxalq tədbirdə rəsmi İrəvanın da iştirakını təmin etmək üçün danışıqlar aparmaqda maraqlıdır. Çünki bu, qarşılıqlı etimad mühitini və sülh üzrə anlaşmanın narrativlərini asanlaşdıran platforma ola bilər.
Qısası, COP sülh müqaviləsi layihəsini təşviq edir, amma ümumilikdə Azərbaycanla Ermənistanın bu il yekun sülh sazişi imzalayacağını proqnozlaşdıra bilmirəm. Çünki razılaşdırılmayan məsələlər qalmaqdadır, üstəlik İrəvan Bakının bəzi çağırışlarına, o cümlədən Konstitusiya dəyişikliyi ilə əlaqədar şərtinə bu tezlikdə cavab verməkdə çətinlik çəkir. Ona görə ki, baş nazir Nikol Paşinyana qarşı Ermənistan daxilində müqavimət qrupları formalaşdırılır ki, bu da İrəvanın qeyri-sabitlik məcrasına getməsini gücləndirir.

Əli