• 2 Aprel 2026
logo
Trampın NATO ultimatumu: ABŞ alyansı tərk edir? - BƏYANATIN PƏRDEARXASI

Trampın NATO ultimatumu: ABŞ alyansı tərk edir? - BƏYANATIN PƏRDEARXASI

“NATO Trampın Ukrayna-Rusiya müharibəsinə kifayət qədər dəstək verməməsinin bədəlini ödəyir.”

ABŞ Prezidenti Donald Trampın rəsmi Vaşinqtonun NATO-dan çıxa biləcəyi ilə bağlı jurnalistlərə verdiyi bəyanat dünya gündəmində şok effekti yaradıb.

Belə bir ssenari nə dərəcədə realdır? Baş verərsə, alyansı nə gözləyir? Şimali Atlantika Alyansı Amerikasız fəaliyyətini davam etdirmək gücündədirmi?

Bu və digər sualları Yenicag.az-a politoloq Niyaməddin Orduxanlı cavablandırıb:

“ABŞ NATO-nun əsas aparıcı qüvvəsi, faktiki olaraq qurucusudur. Bu hərbi birliyin büdcəsinin təxminən 80 faizi məhz Amerika tərəfindən maliyyələşdirilir. Təşkilatın yaranma tarixinə nəzər salsaq görərik ki, NATO 1949-cu ildə Sovet İttifaqına qarşı, Avropanın təhlükəsizliyini təmin etmək üçün yaradılıb.

Bu gün Trampın NATO ilə bağlı verdiyi kəskin bəyanatların əsasında duran səbəb alyansın bəzi məsələlərdə Amerikanın maraqlarına uyğun hərəkət etməməsidir. Rusiya-Ukrayna müharibəsində NATO-nun Trampdan gözləntiləri reallaşmadı. Alyans ölkələri düşünürdü ki, Tramp Ukraynaya daha böyük və birbaşa dəstək verəcək. Bu baş vermədiyi üçün NATO da hazırda Trampın İranla apardığı gərginlikdə onun arzuladığı səviyyədə dəstək nümayiş etdirmir. Trampın vaxtaşırı alyansın dağıla biləcəyi və ya maliyyənin kəsiləcəyi ilə bağlı hədələri məhz bu qarşılıqlı narazılıqdan qaynaqlanır.”

Politoloq qeyd edib ki, ABŞ-nin NATO-dan ayrılması qurumun gələcəyini ciddi sual altına qoya bilər:

“Düşünürəm ki, əgər ABŞ belə bir addım atsa, NATO-nun hansı istiqamətdə fəaliyyət göstərəcəyi və Avropa liderlərinin hansı qərarlar verəcəyi ən kritik mərhələ olacaq. İstənilən halda, Amerikanın gedişi alyansa sarsıdıcı zərbə vurar. Bu cür ayrılma prosesi yalnız geniş müzakirələr və hüquqi qərarların qəbulundan sonra baş tuta bilər.

Amerikasız NATO mövcudluğunu davam etdirə bilərmi? Bu sualın cavabı üzv dövlətlərin iradəsindən asılı olacaq. Lakin görünən odur ki, Trampın çıxışları daha çox siyasi təzyiq xarakteri daşıyır və bu müharibələrdə NATO-dan gözlədiyi mütləq dəstəyi almamasına bir reaksiyadır.”