• 21 May 2024
logo
Bakı COP29-a hazırdır

Bakı COP29-a hazırdır

Bu il Bakı mötəbər beynəlxalq tədbirə evə sahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu tədbir vasitəsi ilə Bakı iki həftə ərzində dünyanın müxtəlif ölklərindən gələn qonaqlara ev sahibliyi edəcək.
Artıq tədbirə hazırlıq işlərinə başlanılıb. COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bir sıra görüşlər keçirib, xarici səfərlərdə olub. O, bu günlərdə BMT-nin dayanıqlı enerji üzrə xüsusi nümayəndəsi Damilola Oqunbiyi ilə görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti raundu ərəfəsində enerji siyasəti və investisiya planlarının hazırlanmasında ölkələrə dəstək məsələlərini müzakirə edib.
M.Babayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Baş katibi Matias Korman ilə görüşündə məlum tədbirə hazırlıq məsələlərini müzakirə edib.
M.Babayev Pakistan baş nazirinin gənclər proqramının sədri Rana Məşhud Əhməd Xanla da görüşüb. Görüş zamanı tərəflər pakistanlı gənclərin COP29-da iştirakını, eləcə də gənclər tərəfindən irəli sürülən iqlim təşəbbüslərini, onların iqlim məsələləri üzrə qərarların qəbulunda iştirakını müzakirə ediblər. Xatırladaq ki, daha əvvəl Muxtar Babayev Pakistanın Prezidenti Asif Əli Zərdarini Azərbaycan keçiriləcək COP29-a dəvət etmişdi.
Onu da qeyd edək ki, M.Babayev İslamabadda Parlament Xidmətləri (PIPS) İnstitutunda keçirilən tədbirdə “COP29 üçün iqlim konsensusu; Bakıya yol” adlı məruzə ilə çıxış edib. Nazir diqqəti dünyanın qarşılaşdığı iqlim dəyişikliyi mövzusuna çəkərək Bakıda keçiriləcək COP29 barədə danışıb.
O bildirib ki, COP29 komandası ümumi razılığa gəlmək üçün bütün tərəfdaşları noyabr ayında bir araya toplayacaq. Dünyada bir çox ölkənin iqlim dəyişikliyinin fəsadlarına qarşı həssas olduğunu söyləyən nazir vurğulayıb ki, Azərbaycan bu mötəbər tədbirdən ən yaxşı nəticələri əldə edəcəyinə ümid edir: “Biz İslamabadda cəmiyyət nümayəndələri ilə görüşdük. COP29-la bağlı müxtəlif ölkələrdən gələn hər bir fikrin, təşəbbüsün üzərində düşünmək çox önəmlidir”.
Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə Koordinatoru Romina Xurşid Alam və Dayanıqlı İnkişaf Siyasəti İnstitutunun (SDPİ) icraçı direktoru Abid Qaiyum Suleri çıxış edib.
Bundan əlavə, tədbirdə iqlim mütəxəssisləri, elm adamları, diplomatlar və digər şəxslər iştirak ediblər.
Milli Məclisin deputatı, COP29 üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP), miqyasına və əhəmiyyətinə görə dünyada ən böyük və önəmli tədbirlərdən biridir. Xatırlatmaq istərdim ki, Azərbaycan dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürüb. Bu ilin noyabr ayında bütün dünya Bakıda bir araya gələcək, bu, Azərbaycanın milli və beynəlxalq səviyyədə illərdir apardığı siyasətə, o cümlədən, iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. COP29-un Azərbaycanda keçirilməsi həm Azərbaycanda bir çox sahələrə, həm də bütövlükdə regiona təsir edəcək: “Bildiyiniz kimi, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili elan olunub və ölkəmizdə keçiriləcək COP29 yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün böyük müzakirə və fəaliyyət platforması olacaq. Enerji keçidi təkcə ekologiyanın mühafizəsi üçün deyil, həm də enerji təhlükəsizliyimizin gücləndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün böyük əhəmiyyət kəsb edir. COP29 ölkəmizdə yaşıl enerji layihələrinə və texnologiyalarına daha çox xarici investisiyaların cəlbinə təkan verəcək, bu da dayanıqlı infrastruktura və ekoloji cəhətdən təmiz sənayelərə investisiyanın cəlb edilməsi, gələcəkdə “yaşıl” iş yerlərinin yaradılması imkanlarını təşviq edəcək. COP29 Azərbaycanda enerji mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerjiyə keçid, enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işləri və gələcək planlarımızı qlobal səviyyədə nümayiş etdirmək üçün mühüm fürsətdir.
Biz hazırda keçirdiyimiz bütün görüşlər zamanı Azərbaycana olan marağın çox böyük olduğunun şahidi oluruq.
Hazırlıq işlərinə artıq tam gücü ilə start verilib. Məlumat üçün qeyd etmək istərdim ki, hər bir COP konfransına ev sahibliyi edən ölkəyə ən azı iki il hazırlıq zamanı verilir, bizim isə COP29-a ev sahibliyi edəcəyimizin elan olunduğu tarixdən cəmi 11 ay qalırdı. Zamanın az olmağına baxmayaraq, əminliklə deyə bilərəm ki, hazırlıq tam sürətlə gedir. Müvafiq dövlət qurumları prosesə cəlb olunub, konfransın ən yüksək səviyyədə təşkili üçün bütün COP29 komandası səfərbərdir və hər bir əməkdaş böyük həvəs və qürurla öz vəzifələrini yerinə yetirir”.
Onun sözlərinə görə, COP29-un əsas mövzusu “iqlimin maliyyələşməsi” olacaq. Bu kifayət qədər mürəkkəb mövzudur, “yaşıl enerji”yə keçid çox bahalı prosesdir, bunun üçün trilyonlarla dollar lazımdır, bu maliyyənin ayrılma mexanizmləri, istifadə qaydaları və s. bütün bu məsələlər qlobal olaraq müzakirə olunur. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin öz yanaşması və gözləntiləri var. Fikir ayrılıqları var. Məsələn, ada dövlətləri iqlim dəyişikliyindən daha çox əziyyət çəkirlər və maliyyə üzrə qərarların tez qəbul olunmasını gözləyirlər.
İqlim dəyişiklikləri ilə mübarizədə maliyyənin çox vacib rolunu nəzərə alaraq, bu prosesin həyata keçirilmə mexanizmlərinin təkmilləşdirilməsi, müəyyən islahatların keçirilməsi zərurəti mövcuddur. Eyni zamanda, özəl sektorun da maliyyələşmə prosesinə cəlb olunması önəmlidir.
Hazırda bizim danışıqçılar qrupumuz bu istiqamətdə iş aparır, COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur. Danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır. Azərbaycan COP29-a ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır: “Ətraf mühitin mühafizəsi məsələlərində dünya dövlətləri arasında çoxtərəfli müzakirələrin aparılması zəruridir. Eyni zamanda, müzakirə zamanı ölçüsündən, sərvətindən, resurslardan asılı olmayaraq, Yer kürəsinin bütün xalqlarının maraq və istəkləri nəzərə alınmalıdır. Əminəm ki, COP29 çərçivəsində Bakı – bütün dövlətlərin səslərinin eşidilməsi, həm böyük, həm kiçik dövlətlərin bərabərliyinin təmin olunması üçün bir platforma olacaq. BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu vəzifəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının çox istiqamətli prosesində önəmli vəzifədir. COP21 çərçivəsində yaradılıb, əsas funksiyası müxtəlif tərəfdaşlar, bölgələr, bizneslər və investorlar tərəfindən həyata keçirilən geniş fəaliyyətlərlə hökumətlərin işini əlaqələndirmək, maraqlı tərəflər arasında körpü yaratmaq, özəl sektor, bizneslər, vətəndaş cəmiyyəti, QHT-lər və digərləri ilə işləyərək, onları bir araya gətirərək inklüziv bir prosesi təşviq etmək, iqlim dəyişikliyi ilə mübarizə mövzusunu təbliğ etməkdən ibarətdir. Yəni, İqlim Çempionu “qeyri-dövlət tərəfdaşlarının” - vətəndaş cəmiyyəti, QHT-lər, özəl sektor, xeyriyyə təşkilatları, şəhərlərin nümayəndələri və s. - COP prosesinə cəlb olunması üçün səy göstərir, eyni zamanda, məlumatlılığı artırmaq sahəsində fəaliyyət göstərir.
COP29-un İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu olaraq, mən və komandam bütün tərəfdaşlarla aktiv işləyirik. COP29-un mövzusunun iqlimin maliyyələşməsi olduğunu nəzərə alaraq, özəl sektorun, biznesin bu prosesə cəlb olunmasının önəmli hesab edirəm və ona görə də hazırda özəl sektorla, həm böyük korporasiyalar, həm də kiçik və orta bizneslərlə, sahibkarlarla bir çox müzakirələrimiz olur. Bu istiqamətdə COP29-dan öncə və COP29 zamanı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Yeri gəlmişkən, İtaliyada keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitində “İnsan hərəkətliliyi və iqlim dəyişikliyi” adlı panel sessiyada COP29-un yüksək səviyyədə təşkili və bütün maraqlı tərəflər arasında konsensusun əldə edilməsi üçün Azərbaycanın gördüyü işlərdən danışılıb.
Bu barədə COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva məlumat verib.
O sessiyada çıxışı zamanı, həmçinin qlobal iqlim dəyişikliklərinə diqqət çəkərək kiçik ada dövlətlərinin yox olmaq təhlükəsi ilə üzləşməsinin həyəcan təbili üçün əsas olduğunu bildirib. Eyni zamanda iqlim dəyişikliyi səbəbiylə məcburi miqrasiya edən insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini vurğulayıb:
"Miqrasiya, əhali hərəkəti və iqlim dəyişikliyi ilə bağlı məsələlərdə maraqlı tərəflər öz səylərini birləşdirməli, iqlim dəyişikliyinin səbəb olduğu miqrasiyanın aradan qaldırılmasında beynəlxalq əməkdaşlıq gücləndirilməlidir".
Pərvanə Vəliyeva qeyd edib ki, miqrantların yerdəyişməsi ilə bağlı onların səhiyyə xidmətlərinə əlçatanlığı da təmin edilməlidir:
"Təəssüflər olsun ki, əksər inkişaf etmiş ölkələrdə miqrantlar üçün tibbi sığorta təminatı hələ də yoxdur. Bu miqrantlara qarşı açıq diskriminasiyanın bariz nümunəsidir və iqlimlə əlaqəli yerdəyişmə edən insanlar üçün əlavə çətinlik yaradır".
Cavid