• 21 Aprel 2024
logo
Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib

Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib

Yanvarın 10-da Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib.

Baymedia.az xəbər verir ki, Forumda 300-dək Qeyri-Hökumət Təşkilatı (QHT) rəhbəri iştirak edib.

Tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli QHT Forumunun fəaliyyətində yeni dövrün başladığını diqqətə çatdıran qurumun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan Milli QHT Forumu ötən 25 ildə ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-lərin inkişafı, regionlarda bu hərəkatın gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində səmərəli fəaliyyət göstərib. Onun sözlərinə görə, ölkədə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edən Forum öz sıralarında müxtəlif profilli 100-lərlə QHT-ni birləşdirir. Son 1 ayda Azərbaycan Milli QHT Forumu respublikanın 5 regionunda – Lənkəranda, Qubada, Şəkidə, Gəncədə və Naxçıvanda forumlar keçirib, bu tədbirlərdə 250-dən çox yerli QHT iştirak edib. Bu gün regional forumlara Ümumrespublika Forumu ilə yekun vurulur.

İctimai nəzarətin, iştirakçılığın təmin olunması, şəffaflığın artırılması və digər istiqamətlərdə görülən işlərdən danışan R.Zeyni regionlarda mütəmadi olaraq forumların keçirildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, təşkilatın regional forumlarında vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr təhlil olunur, ölkədə baş verən proseslər, bu proseslərə vətəndaş cəmiyyətinin münasibəti və digər məsələlərlə əlaqədar ictimai müzakirələr aparılır, QHT-lərin rəy və təklifləri dinlənilir.

Azərbaycanın zəfərləri ilə reallıq yaratdığını vurğulayan R.Zeyni dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunması, ölkəmizin gələcək inkişafı istiqamətində QHT-lərin də üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O, Milli QHT Forumunun qurultayının mart ayında keçiriləcəyini də diqqətə çatdırıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qeyd edib ki, ölkəmiz üçün ağır olan 1980-1990-cı illərdə yeni yaradılan QHT-lər xalqın, dövlətin yanında idi və indi də belədir.

U.Mirzəyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra QHT-lərlə bağlı yeni baxışın formalaşdığını bildirib. Vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyətindən söz açan U.Mirzəyev Laçın-Xankəndi yolunda QHT-lərin ekoaksiyasını qəhrəmanlıq kimi dəyərləndirib.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli və Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək, Azərbaycanın yeni inkişaf mərhələsində vətəndaş cəmiyyətinin rolundan, ölkəmizin inkişafında müxtəlif sahələrdə görüləcək işlərdən danışıblar, QHT-ləri fəal əməkdaşlığa çağırıblar. Vurğulanıb ki, ötən 20 ildə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz, etibar, hörmət qazanıb.

Sonda Milli QHT Forumu Prezident İlham Əliyevin siyasətinə dəstək bəyanatı qəbul edib.

Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu (MQF) 1999-cu il iyun ayının 11-də 95 QHT tərəfindən təsis edilib.

QHT hərəkatının genişlənməsi və koordinasiyası, həmçinin onların dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, eləcə də media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması məqsədilə yaradılan Milli QHT Forumu hazırda 600-dən çox təşkilatı özündə birləşdirir.