• 25 Aprel 2024
logo
Beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası  hazırlanır

Beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası  hazırlanır

Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası hazırlanır.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir. MİTD İB Mətbuat xidmətindən Baymedia.az-a verilən məlumata görə, layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, hazırlanacaq məlumat bazasında söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, strukturları, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, mövcud durumları, Azərbaycana münasibətləri barədə informativ xarakterli bilgilər toplanılacaq: “Bu materiallar məqalələr formasında hazırlanaraq yerli KİV-lərdə dərc ediləcək, Azərbaycan oxucusu üçün əlçatan olacaq”.
Müşfiq Ələsgərli əlavə edib ki, iki ay müddətində davam edəcək layihənin əsas məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlığının qurulmasını stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan ibarətdir.