• 20 Aprel 2024
logo
Bakıda QHT-lərin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib

Bakıda QHT-lərin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri və icraçı direktoru, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak edib.
Dəyirmi masanı giriş sözü ilə açan Prezident Administrasiyasının məsul əməkdaşı, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb.
Sədr müavini Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.
O bildirib ki, QHT-lər digər təsisatlarla birgə bu prosesi fəal təşkil edirlər: "Hazırda ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik. Bizdən gözlənti budur".
Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov qeyd edib ki, uzun müddətdir sosial və ənənəvi mediada ictimai nəzarət və korrupsiya məsələsi müzakirə olunur. O bildirib ki, bu istiqamətdə işlər gedir, həmçinin vurğulayıb ki, ictimai nəzarət vətəndaş cəmiyyətinin nəzarəti deməkdir.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycanda ictimai nəzarət institutları var: "Ayrı-ayrı institutlaşma var. İnstitutlaşma ictimai nəzarətin daimi fəaliyyətə çevrilməsidir. Fəaliyyətin həyata keçirilməsi üçün hansısa təsisatın yaradılması lazımdır".
O bildirib ki, korrupsiyaya qarşı mübarizə geniş koalisiya şəklində olmalıdır: "Mövcud vəziyyətdə ictimai nəzarət institutlarının hansı məsələdə effektli olmadığı müəyyənləşdirilməlidir".
Ə.Nuriyev həmçinin ötən il korrupsiya halları ilə bağlı statistikadan danışıb: "Ötən il 492 şəxsə 301 korrupsiya işi ilə bağlı cinayət işi olub. 39 milyon 224 min manat vəsait baş vermiş cinayətlər nəticəsində geri qaytarılıb. 101 milyon 373 min manatlıq əmlak üzərində həbs qoyulub. Azadlığa çıxmış şəxslər tərəfindən 2 milyon 195 min manatlıq zərər ödənilib. Korrupsiyaya qarşı mübarizədə tendensiya pozitiv istiqamətdədir".
Daha sonra Agentliyin Müşahidə Şurasının digər üzvlərinin və QHT təmsilçilərinin mövzu ətrafında çıxışları dinlənilib. Onlar korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin fəallıq nümayiş etdirdiyini bildirib, bundan sonra bu cür fəaliyyətlərin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndiriblər.
Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.