• 7 Dekabr 2024
logo
Emin Həsənli Türkiyənin hərbi yönümlü QHT-lərinin rəhbərləri ilə görüşüb

Emin Həsənli Türkiyənin hərbi yönümlü QHT-lərinin rəhbərləri ilə görüşüb

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin Türkiyənin hərbi yönümlü QHT-ləri ilə uzun müddətli sıx əməkdaşlıq əlaqələri var. 2014-cü ildən başlayan bu əməkdaşlıq çərçivəsində hər il qarşılıqlı şəkildə səfərlər təşkil edilir.

525.az xəbər verir ki, Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli qardaş ölkənin paytaxtı Ankara şəhərində hərbi yönümlü təşkilatların mərkəzi ofisində olub və təşkilat sədrləri ilə görüşüb.

İlk görüş Türkiyə Maarif Qazilər Dərnəyinin rəhbəri ilə olub. Bu dərnək İstiqlal savaşı qazilərini, Koreya və Kipr müharibələrinin iştirakçılarını özündə birləşdirir. Türkiyənin 4 hərbi yönümlü təşkilatlarından biri olan qurum 1984-cü ildə yaradılıb və ölkədə böyük nüfuza malikdir.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli hər zaman olduğu kimi, bu dəfə də təşkilatın sədri Bəyazit Yumuq və İdarə Heyəti üzvləri tərəfindən böyük hörmət və ehtiramla qarşılandığını bildirib: “Görüş zamanlı bir çox önəmli məsələlər müzakirə edildi. Qarşılıqlı əlaqələr, Türkiyə-Azərbaycan qazilərinin hər il davamlı olaraq səfərlərinin təşkili, Türkiyənin haqq işinə Azərbaycanın, Azərbaycanın haqq işinə Türkiyənin dəstək verməsi, müsbət təcrübələrin qarşılıqlı mübadiləsi kimi önəmli əməkdaşlıq məsələləri müzakirələrin başlıca mövzusu oldu”.

Emin Həsənli səfər çərçivəsində Türkiyə Təqaüddə olan Zabitlər Dərnəyinin (Türkiye Emekli Subaylar Derneği - TESUD) mərkəzi qərargahında da olub, qurumun rəhbəri, general-polkovnik Ərdoğan Karakuşla görüşüb: “Uzun müddət Türkiyə Silahlı Qüvvələrinin Hava Qoşunlarında yüksək vəzifələrdə xidmət göstərmiş Ərdoğan Karakuş bu gün Türkiyənin ən önəmli hərbi ekspertlərindən biridir. Görüşdə Ərdoğan Karakuş Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində çox böyük zəfər əldə etdiyini, bu zəfərin bütün Türk dünyası üçün qürürverici olduğunu vurğuladı. Ərdoğan Karakuş dedi ki, Azərbaycanın öz torpaqalrını işğaldan azad etmək üçün hər cür fədəkarlığa hazır olduğunu bütün dünya gördü, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həm diplomatik, həm də hərbi cəbhədə çox böyük uğurlar əldə edildi. Ərdoğan Karakuş hərbi ekspert kimi Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların hərb tarixində özünəməxsus yeri qoyduğunu söylədi. Görüş zamanı Ərdoğan Karakuş dünyada baş verən hadisələrə, o cümlədən, Rusiya-Ukrayna müharibəsinə də toxundu, COP29 kimi dünya səviyyəli bir tədbirin Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu bildirdi, dedi ki, Azərbaycanın dünya səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi var, bu, böyük iradə, böyük məharət və böyük diplomatik bacarıq tələb edir.

Söhbət zamanı Ümummilli lider Heydər Əliyevin həm Azərbaycan, həm də bütövlükdə türk dünyası qarşısındakı xidmətlərinə toxunan Ərdoğan Karakuş bu gün həmin ideyaların Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirildiyini vurğuladı. Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının həm prezidentlər, həm də xalqlarımız, eləcə də hər iki ölkədə fəaliyyət göstərən QHT-lər, media və idman ictimaiyyəti səviyyəsində davam etdiyi xüsusi qeyd olundu”.