• 5 Noyabr 2024
logo
Sumqayıtda “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Sumqayıtda “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyi tərəfindən icra olunan “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi çərçivəsində Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin konfrans zalında tədbir keçirilib.

Şəhərin mərkəzində fəaliyyət göstərən nümayəndəlikdə keçirilən görüşdə İlk çıxış edən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin rəhbəri Leyla Rəcəbzadə tədbir iştirakçılarını salamlayaraq, təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, Agentlik hər il elan etdiyi müsabiqələrdə Azərbaycanda ekologiya və ətraf mühitin qorunması mövzularına xüsusi həssaslıqla yanaşır.

Layihə rəhbəri daha sonra nəzərə çatdırıb ki, ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Çin, Hindistan kimi böyük dövlətlərin iri şəhərlərində ekoloji problemlər, havanın, suyun çirklənməsi böhran həddinə çatıb. Canlılar aləmini təhdid edən qlobal istiləşmənin sürətlənməsində də ekoloji problemlərin, atmosferdəki zərərli qazların artmasının rolu artıq geniş miqyasda qəbul olunur.Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb.

Leyla Rəcəbzadə ölkəmizin bu istiqamətdə beynəlxalq uğurlarından da danışıb və vurğulayıb ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Konfransının 11-22 noyabr tarixlərində Bakı şəhərində planlaşdırılması Azərbaycanın dünya çapında nüfuzunun artmasından xəbər verir. COP29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək.Layihə müəllifi layihəni həm də bu məqsədlə – milli inkişafın ekoloji istiqamətlərinin təşviqinə dəstək üçün ərsəyə gətirdiyini nəzərə çatdırıb.

Çıxış edən qonaqlar – Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov, Sumqayıt Şəhər Bələdiyyəsinin ekologiya komissiyasının üzvü, siyasi şərhçi Azər Qasımov, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Rövşən Nəcəfquliyev, Sumqayıt Dövlət Universitetinin Ekologiya kafedrasının dosenti Rəhilə Əhmədova və digər qonaqlar mövzu ilə əlaqədar fikirlərini bildiriblər. Vurğulanıb ki, Sumqayıt şəhərində yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunur və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktlarının şərhi, fiziki və hüquqi şəxslərin ekoloji öhdəlikləri ilə bağlı müzakirələr aparılır.Diqqətə çatdırılıb ki, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ardıcıl maarifləndirici işlər həyata keçirilsə də, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Təhlillər göstərir ki, sənədlərin hazırlanması və layihələrin icrası zamanı normativ hüquqi aktların və ekoloji ekspertiza rəylərinin tələblərinə tam riayət olunmur.

Tədbir iştirakçıları vurğulayıblar ki, torpaq mülkiyyətçiləri tərəfindən yaşıllıqların uçotunun aparılması, onlara düzgün aqro-texniki qulluq göstərilməsi, qəzalı və quru ağaclarla bağlı operativ şəkildə müraciət edilməsi çox önəmli məsələdir. Həmçinin layihələrin icrası zamanı ekoloji normalara riayət olunması – təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin, yaşıllıq balansının qorunub saxlanılması və daha da artırılması xüsusi əhəmiyyət kəsb edir.

Çıxış edənlər Sumqayıt şəhəri ərazisində qurumuş, binalara bitişik, yaxud çox yaxın əkilən yaşıllıqların, xüsusən bioloji inkişaf dövrünü başa vurmuş qovaq ağaclarının təhlükə yaratdığını, həmçinin bu problemlərdən çıxış yollarını qeyd ediblər. Eyni zamanda hər bir layihənin ətraf mühitə təsiri və kompensasiya mexanizmlərinin qiymətləndirilməsinin, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunmasının vacibliyindən söz açıblar.

Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər və ekspertlərə suallarını veriblər.

Qeyd edək ki, layihənin icra müddəti üç aydır.