• 13 Aprel 2024
logo
Səfirimiz Fransada tələbələrə Bakının siyasətindən danışdı

Səfirimiz Fransada tələbələrə Bakının siyasətindən danışdı

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Siyasi Elmlər Universitetinin (Science Po de Paris) Asiya Assosiasiyasının tələbələri ilə görüşüb.

Baymedia.az xəbər verir ki, görüşdə səfir tələbələrə Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəni irsi, xarici siyasəti və regionda mövqeyi haqqında ətraflı məlumat verib.

Diplomat Avropa ilə Asiya arasında çox mühüm geosiyasi məkanda yerləşən Azərbaycanın daim müstəqilliyi uğrunda mübarizə aparmasından söz açıb. Ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu, bu respublikanın Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilməsindən, bu gün ölkədə bütün sahələrdə gender bərabərliyinin təmin edilməsindən danışıb. Bildirib ki, ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən Azərbaycan elə ilk gündən Ermənistanın hərbi təcavüzü ilə üzləşib.

Otuz il davam edən erməni işğalı zamanı ölkəmiz münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışdığını deyən səfir qeyd edib ki, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, eləcə də Ermənistanın hərbi təxribatları Azərbaycanı torpaqlarını müharibə yolu ilə azad etməyə məcbur edib.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində işğal altındakı ərazilərimiz azad edilib. Səfir qeyd edib ki, bununla da Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ölkəmizin niyyəti regionda sabitliyin və sülhün bərqərar olunmasına töhfə verməkdir.

Səfir, həmçinin müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin ölkə iqtisadiyyatını yenidən dirçəltməsindən, “Əsrin müqaviləsi”nin imzalanmasından, dünyanın nəhəng şirkətlərinin ölkəmizə cəlb edilməsindən söz açıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanın reallaşdırdığı nəhəng enerji layihələri Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük töhfələr verib. Tələbələr, eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü olan “Yaşıl enerji” strategiyası, enerji mənbələrinin şaxələndirilməsi, bərpaolunan enerjinin önəmi barədə məlumatlandırılıb. Vurğulanıb ki, Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolların üzərində yerləşən Azərbaycan qitələri birləşdirir və regionun nəqliyyat-logistika mərkəzinə çevrilib. Qeyd edilib ki, qlobal miqyasda siyasi, iqtisadi və ekoloji çətinliklərin hökm sürdüyü bu dövrdə bir çox ölkələrin maraq dairəsində olan Zəngəzur dəhlizi regionun, eləcə də 3 qitənin - Avropa, Asiya və Afrika qitələrinin iqtisadi inkişafına mühüm töhfələr verəcək.

Səfir L.Abdullayeva, həmçinin ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyündən, eləcə də Qoşulmama Hərəkatına sədrliyindən söz açıb. Bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini deyib.

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.